Kibertəhlükə qapını döyür: Özünüzü necə qorumalısınız?
Son dövrlərdə ölkədə kiberdələduzluq halları artmaqda davam edir və vətəndaşların maliyyə təhlükəsizliyi üçün real risklər formalaşdırır.
Bu səbəbdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciət edərək, naməlum nömrələrdən daxil olan zəng və mesajlara qarşı xüsusilə diqqətli olmağa çağırıb.
Qurum xəbərdarlıq edib ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi ilə nəticələnə bilər.
Müraciətdə vurğulanır ki, özünü bank əməkdaşı kimi təqdim edərək kart məlumatları, PIN-kod və digər məxfi informasiyaları tələb edən şəxslər dələduzlardır.
Həmçinin qısa müddətdə yüksək qazanc vədləri, “texniki dəstək” adı ilə edilən zənglər və sosial şəbəkələr üzərindən göndərilən şübhəli keçidlər xüsusi təhlükə mənbəyi hesab olunur.
Nazirlik bir daha xatırladır ki, heç bir bank və ya maliyyə təşkilatı vətəndaşlardan bu cür məlumatları telefon və ya mesaj vasitəsilə tələb etmir və belə hallarla rastlaşdıqda dərhal müvafiq qurumlara məlumat verilməlidir.
Məsələ ilə bağlı İKT üzrə mütəxəssis Mirakif Babayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Müasir dövrdə kibertəhlükəsizlik məsələləri hər bir vətəndaş üçün prioritet olmalıdır. Xüsusilə, mobil telefonlardan gündəlik həyatımızda geniş istifadə etdiyimizi nəzərə alsaq, şəxsi məlumatların qorunması məqsədilə təhlükəsizlik qaydalarına ciddi əməl etmək zəruridir.
Bu baxımdan ilk növbədə mobil cihazda etibarlı antivirus proqramının quraşdırılması vacibdir. Antivirus proqramı zərərli faylların, şübhəli tətbiqlərin və mümkün kibertəhdidlərin qarşısının alınmasında mühüm rol oynayır.
Bununla yanaşı, telefonda mütəmadi texniki təmizləmə və nəzarət aparılmalıdır. Mövcud xüsusi proqramlar vasitəsilə cihazın yaddaşı və sistem fəaliyyəti gündəlik yoxlanmalı, artıq və istifadəsiz fayllar silinməlidir. Çünki bəzi zərərli tətbiqlər və ya görünməz proqram komponentləri zamanla əməliyyat sisteminə inteqrasiya olunaraq, şəxsi məlumatlara çıxış əldə edə bilər.
Həmçinin cihazda həddindən artıq foto və digər faylların yığılması təhlükəsizlik və performans baxımından risk yarada bilər. Bu səbəbdən telefonun mütəmadi təmizlənməsi və təhlükəsizlik nəzarətinin aparılması hər bir istifadəçi üçün vacib şərt hesab olunmalıdır".
Elmir Heydərli
12:35 02.03.2026
Oxunuş sayı: 664