Qarşıdakı mərhələ Qarabağın sürətli inkişaf və çiçəklənmə dövrü olacaq -RƏY
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət zamanı jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, bu günün reallığı ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesləri həyata keçirilir və Qarabağa həyat tədricən qayıdır: "Son illərdə görülən işlər regionun yenidən dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və normal həyatın bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Son beş ildə Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarını anmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasını da xatırlayır, həyata keçirilən bərpa-quruculuq tədbirləri nəticəsində Qarabağda həyatın yenidən canlandığını xüsusi vurğulayır".

Nazirin səsləndirdiyi fikirlər barədə "Yurd.media" xəbər saytının təsisçisi və baş redaktoru Murad Əliyev Crossmedia.az-a açıqlama verib: "Ümumiyyətlə, Vətən müharibəsindən sonrakı dövrdə Qarabağın dirçəlişi bütün sahələrdə aydın şəkildə müşahidə olunur. İstər yenidən inşa edilən infrastruktur obyektləri, istər əhalinin doğma torpaqlarına qayıdışı, istərsə də Böyük Qayıdış proqramının mərhələli şəkildə həyata keçirilməsi – bütün bunlar bölgəyə həyatın yenidən qayıtmasının əsas simvollarıdır. İnsanlar doğma yurdlarına qayıtdıqca, otuz ildən artıq müddətdə kədər və nisgillə xatırladığımız hər bir kənd və qəsəbə yenidən canlanır. Bu proses Qarabağın dirçəlişinin artıq real və dönməz xarakter aldığını bir daha təsdiq edir. Hesab edirəm ki, qarşıdakı mərhələ Qarabağın sürətli inkişaf və çiçəklənmə dövrü olacaq. Bu mərhələdə əsas məqam Böyük Qayıdış proqramının tam və sistemli şəkildə icrası, genişmiqyaslı quruculuq işlərinin davam etdirilməsi və vaxtilə məcburi köçkün düşmüş insanların müasir infrastrukturla təmin olunmuş yaşayış məntəqələrinə qayıdışının təmin edilməsidir. Bu, sadəcə fiziki bərpa deyil, eyni zamanda sosial, iqtisadi və mənəvi dirçəliş prosesidir".
Elmir Heydərli
11:43 02.03.2026
Oxunuş sayı: 1179