Neft "su qiymətinə olur?"- Əsas səbəblər açıqlandı
Dünya enerji bazarlarında qiymət dalğalanmaları qlobal iqtisadi proseslərin, tələb-təklif balansının və geosiyasi risklərin təsiri altında formalaşır. Son məlumatlara əsasən, Azərbaycan neftinin əsas ixrac markası olan Azeri Light üzrə qiymətin enməsi də bazarda müşahidə olunan bu ümumi tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Ekspertlər qeyd edir ki, qlobal iqtisadi aktivliyin tempi, iri istehlakçı ölkələrdə enerji tələbatının dəyişməsi, hasilat həcmlərinin artması və maliyyə bazarlarında risk gözləntiləri kimi amillər neft qiymətlərinin aşağı düşməsinə birbaşa təsir göstərir. Məhz bu kontekstdə neftin ucuzlaşmasına səbəb olan əsas iqtisadi faktorların təhlili aktuallıq kəsb edir.
Məsələ ilə bağlı neft məsələləri üzrə ekspert İlham Şaban Crossmedia.az-a açıqlama verib:

"Neftin bahalaşması və ya ucuzlaşması əsasən bazarda gündəlik tələb və təklif balansı ilə müəyyən olunur. Əgər bazarda sifarişlər çoxdursa, yəni alıcıların neftə tələbi yüksəkdirsə və eyni zamanda həmin həcmdə qaz və ya neft təklifi mövcud deyilsə, bu zaman qiymətlər artım istiqamətində hərəkət edir. Başqa sözlə, məhsulun çatışmazlığı və yüksək tələb qiymətlərin bahalaşmasına səbəb olur".
Ekspert əlavə edib ki, əksinə, bazarda təklifin həcmi yüksəkdirsə, yəni satıcılar daha çox neft çıxarıb bazara təqdim ediblər, lakin bu həcmdə alıcı yoxdur və tələb aşağıdırsa, qiymətlər enmə tendensiyası göstərir: "Bu halda artıq təklif qiymətlərin ucuzlaşmasına gətirib çıxarır. Neft qiymətlərinə təsir edən digər mühüm amillərdən biri risk faktorlarıdır. Xüsusilə hasilatçı ölkələrdə və nəqliyyat marşrutlarının keçdiyi regionlarda geosiyasi gərginlik yarandıqda, bu vəziyyət neftin hasilatı və daşınması üçün risklər yaradır. Belə risklər bazarda qeyri-müəyyənlik formalaşdırdığı üçün onların dərəcəsi qiymətlərə əlavə olunur və nəticədə neftin bahalaşmasına səbəb ola bilir".
Ayhan
10:58 26.02.2026
Oxunuş sayı: 589