Türkiyə-Azərbaycan qardaşlığın siyasi siması: Ərdoğanın 71-ci baharı
Azərbaycan hər zaman qardaş ölkə Türkiyənin yanında olub, həmçinin, Türkiyə də çətin və taleyüklü məqamlarda Azərbaycana açıq dəstək nümayiş etdirib. Bu qardaşlığın siyasi müstəvidə daha da möhkəmlənməsində mühüm rol oynayan liderlərdən biri isə bu gün doğum gününü qeyd edən Rəcəb Tayyib Ərdoğandır.
Onun hakimiyyəti dövründə Ankara-Bakı münasibətləri sadəcə diplomatik əlaqə deyil, strateji müttəfiqlik səviyyəsinə yüksəlib və “bir millət, iki dövlət” prinsipi real siyasətdə konkret addımlarla təsdiqlənib.
1954-cü il fevralın 26-da İstanbulun Qasımpaşa səmtində dünyaya gələn Ərdoğan sadə və zəhmətkeş ailədə böyüyüb.
Ailəsi əslən Rizə bölgəsindəndir. Orta təhsilini İmam Hatip liseyində alıb, daha sonra Mərmərə Universitetinin İqtisadi və inzibati elmlər fakültəsini bitirib.
Gənclik illərində həm təhsil alıb, həm də müxtəlif işlərdə çalışaraq ailəsinə dəstək olub, eyni zamanda uzun illər həvəskar səviyyədə futbol oynayıb.

Siyasi fəaliyyətə 1970-ci illərdə qoşulan Ərdoğan milli-mənəvi dəyərləri əsas götürən siyasi xəttə yaxınlığı ilə seçilib.
1980-ci il hərbi çevrilişindən sonra siyasi mühit dəyişsə də, o, aktivliyini davam etdirib və 1980-ci illərin ortalarından etibarən partiya strukturlarında rəhbər vəzifələrdə təmsil olunub.
1994-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilməsi onun siyasi karyerasında dönüş nöqtəsi hesab olunur. Həmin dövrdə şəhər ciddi infrastruktur problemləri ilə üz-üzə idi: su qıtlığı, nəqliyyat sıxlığı, tullantı böhranı və hava çirkliliyi.
Onun rəhbərliyi dövründə su anbarları tikilib, yeni su xətləri çəkilib, tullantıların idarə olunması sistemi yenilənib, ictimai nəqliyyat şəbəkəsi genişləndirilib və şəhər büdcəsində nizam-intizam yaradılıb.
1997-ci ildə Siirtdə səsləndirdiyi şeirə görə məhkəməyə cəlb olunaraq, həbs cəzası alması isə onun siyasi taleyində yeni mərhələ açıb və geniş ictimai rezonans doğurub.
2001-ci ildə Ədalət və İnkişaf Partiyasının yaradılması ilə Türkiyədə yeni siyasi xətt formalaşıb. 2002-ci il seçkilərində partiyanın qələbəsindən sonra 2003-cü ildə Baş nazir vəzifəsinə başlayan Ərdoğan 2014-cü ilə qədər bu postda fəaliyyət göstərib.
Onun baş nazirliyi dövründə inflyasiyanın azaldılması, iri infrastruktur layihələrinin icrası, xarici investisiyaların artırılması və müdafiə sənayesinin inkişafı əsas prioritetlər olub.

Bu illərdə yeni hava limanları, magistral yollar, körpülər, xəstəxanalar və sənaye layihələri həyata keçirilib. 2014-cü ildə xalq səsverməsi ilə Türkiyənin 12-ci prezidenti seçilən Ərdoğan 2017-ci il referendumundan sonra prezident üsul-idarə sisteminə keçidlə daha geniş icra səlahiyyətləri əldə edib.
Onun prezidentliyi dövründə Türkiyə regional və qlobal siyasətdə daha müstəqil mövqe nümayiş etdirib, enerji layihələri və müdafiə sənayesi sahəsində yeni mərhələyə qədəm qoyub.
Azərbaycan-Türkiyə münasibətləri isə xüsusilə son illərdə strateji müttəfiqlik səviyyəsinə çatıb. Enerji əməkdaşlığı, hərbi sahədə birgə təlimlər və 2020-ci il Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi açıq siyasi və mənəvi dəstək iki dövlət arasındakı qardaşlığın praktik ifadəsi kimi qiymətləndirilir.
1978-ci ildə Əminə Ərdoğan ilə ailə quran Türkiyə liderinin dörd övladı var və o, ailə dəyərlərinə bağlılığı ilə tanınır.
Hazırda bu iki qardaş ölkə arasındakı dostluq əlaqələrinin dayağı da məhz cənab prezidentimiz İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyi ilə möhkəmlənir.
Bu gün 71 yaşını qeyd edən Rəcəb Tayyib Ərdoğan həm Türkiyənin daxili siyasətində, həm də regionun geosiyasi proseslərində təsirli fiqur olaraq qalır və Azərbaycan-Türkiyə münasibətlərinin daha da güclənməsində mühüm rol oynamaqda davam edir.
Doğum gününüz mübarək, prezident Rəcəb Tayyib Ərdoğan!
Fatimə Məmmədova
12:05 26.02.2026
Oxunuş sayı: 557