İslamofobiyaya qarşı mübarizə bütövlükdə insan haqlarının müdafiəsi deməkdir - RƏY
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.
Nazir Ceyhun Bayramov çıxışında müqəddəs Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb, ölkəmizə və dünyamıza sülh, əmin-amanlıq arzu edib. İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb.
Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgə yaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.
Azərbaycanın, sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq, multikulturalizm və dinlərarası harmoniyanı dövlət siyasətinin əsas sütunları kimi beynəlxalq səviyyədə təşviq etdiyi xatırlanıb.
Bununla belə, bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən diskriminasiya, islamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.
Çıxışda həmçinin Yaxın Şərqdə vəziyyətə, xüsusilə Qəzzada davam edən humanitar böhranlara diqqət çəkilib, münaqişənin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub.
Ceyhun Bayramovun bəzi ölkələrdə İslam dininə qarşı artan ayrı-seçkilik hallarının narahatlıq doğurduğuna dair açıqlaması qlobal miqyasda din azadlığı, multikulturalizm və sosial harmoniyanın qorunması məsələlərini yenidən gündəmə gətirib. Müasir beynəlxalq münasibətlər sistemində dini kimlik üzərindən formalaşan stereotiplər, islamofobiya meylləri və siyasi manipulyasiya elementləri cəmiyyətlərarası etimadın zəifləməsinə, eyni zamanda təhlükəsizlik və inteqrasiya debatlarının kəskinləşməsinə səbəb olur.
Bu baxımdan, İslama qarşı diskriminasiya fenomeninin səbəbləri, məqsədləri və onun sosial-siyasi nəticələri həm insan hüquqları kontekstində, həm də qlobal sabitlik prizmasından geniş müzakirə tələb edən aktual mövzu kimi ön plana çıxır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlama verib:

"İslamofobiya yalnız sosial problem deyil, həm də qlobal səviyyədə insan hüquqları və təhlükəsizliyə ciddi təhdiddir. Xüsusilə süni intellekt və sosial media alqoritmləri vasitəsilə bu təhlükəli tendensiya daha sürətlə yayılmaqdadır.
Sülh dini olan İslam haqqında məqsədli şəkildə yanlış məlumat və stereotiplərin internetdə geniş yayılması diskriminasiyaya səbəb olur. Həm də qanunvericilikdə, mediada və ictimai rəydə müsəlmanlara qarşı diskriminasiyanı genişləndirir. Bəzi siyasi qüvvələr bu qərəzli ritorikanı müsəlmanlara qarşı yönəltmək üçün istifadə edir. Nəticə etibarı ilə islamofobiya gənclərin psixologiyasına və inteqrasiyasına ciddi təsir edən sosial problemə çevrilib.
Cənab Prezident də müvafiq platformalarda islamofobiyanı ümumbəşəri bəlaya və təhlükəyə çevrilmiş bir tendensiya adlandırıb. Bundan cəmiyyətləri parçalamaq və nifrət hissi yaratmaq üçün istifadə olunduğunu bəyan edib".
Deputat əlavə edib ki, Azərbaycan öz tarixi ərazilərinin işğalı fonunda islamofobiyadan əziyyət çəkən ölkədir: "Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.
İşğal dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar dağıdılmış, təhqir edilmiş, yerlə-yeksan edilmişdir. Bir sıra mədəni irs obyektləri qarət edilmiş, onların təyinatı dəyişdirilmiş, mənsubiyyəti saxtalaşdırılmışdır.
İslam dünyasının ayrılmaz parçası, Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan qlobal sülhə töhfələr verməkdədir. Ölkəmiz həmçinin islam həmrəyliyinin möhkəmlənməsini təmin edən əsas gücdür.
Geosiyasi təhlükəyə çevrilən islamofobiyaya qarşı həmrəylik, təhsil, uzunmüddətli dialoq və tolerantlıq əsas mübarizə yollarıdır. Hesab edirəm ki, islamofobiyaya qarşı mübarizə yalnız müsəlmanların deyil, bütövlükdə insan haqlarının müdafiəsi deməkdir".
Ayhan
11:55 26.02.2026
Oxunuş sayı: 509