Su çərşənbəsinin tarixi: Türklərdə su kultu və su çərşənbəsinin kökləri
Bu gün Novruzun müjdəçisi sayılan ilk çərşənbə – Su çərşənbəsidir. Bu gün xalq inanclarında suyun oyanması, təbiətin dirçəlməsinin başlanğıcı kimi qəbul olunur. Qədimdən insanlar səhər tezdən bulaq başına gedər, su ilə arınaraq yeni ilə təmiz niyyətlə qədəm qoyardılar. Su çərşənbəsi həyatın, bərəkətin və yenilənmənin rəmzi sayılır. Elə buna görə də Novruza aparan yol məhz su ilə – saflıq və ümidlə başlayır.
Tarix üzrə fəlsəfə doktoru, dosent, etnoloq Bəhmən Əliyev Crossmedia.az-a çərşənbə ilə bağlı maraqlı məlumatlar bölüşüb:
"Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən ilki birinci çərşənbə, əzəl çərşənbə, su çərşənbəsi, xəbərçi çərşənbə, müjdəçi çərşənbə, muştuluqçu çərşənbə, su çərşənbəsi, sular novruzu və s. adlarla tanınır.

Suyu qüvvət və bərəkət mənbəyi sayan qədim insanın “dünyanın yaranmasında ən başlanğıcında” olan su ilə bağlı miflərin, əfsanələrin formalaşmasında insanın həyatında mühüm rol oynayan çayların, göllərin, bulaqların böyük rolu olub, nəticədə su kultu ortaya çıxıb. Azərbaycan mifologiyasında əksini tapan “Hər yer qaranlıq idi, bir Tanrı var idi, bir su”, “Kitabi Dədə Qorqud” da Qazan xanın “Su həq didarını”, yəni Yaradanı görüb, “Göydən nur yağır” və s. oxşar fikirlər xalqımızın su ilə bağlı qədim və sadə fəlsəfəsini ortaya çıxarır.
Azərbaycan xalqının mifik təfəkküründə, folklor nümunələrində su həm göydən enən, həm də yerdən çıxan yaşam mənbəyidir, su və çaylar dağ kultu ilə birgə tutulur. Tanrı qatına yaxın dağlardan axıb gələn, bərəkətin qaynağı olan çaylar cənnətdən yer üzünə enirlər və burada axıb dənizlərə tökülərək, yerin altına çəkilirlər.
Dağlar əsasən sularla bağlıdır, hər bir çay öz mənbələrini dağlardan götürür, ilboyu əriyən qarlar, bulaqlardan axan sular kiçik irmaqlar yaradır, onlar bir-birinə qovuşaraq iti dağ çaylarına çevrilir. Qədim türklərin yer-su inamı dağla (yerlə) suyun təbiətdəki birgəliyini ifadə edir.
Qədim türkün qavradığı təbiətin quruluşu onun inanclarının həm məzmununda, həm də obrazlarının poetik quruluşunda təkrarlanır".
B.Əliyevin sözlərinə görə, xalqımızın mifik dünya görüşündə suyun müqəddəs tutulmasının ən bariz nümunələrindən biri, Novruz bayramı günlərində-Su çərşənbəsində, İlaxır çərşənbədə səhər tezdən, günəş hələ çıxmamış çaydan su gətirilməsi, evə, həyət-bacaya səpilməsidir:
" Bu, suyun məhsuldarlıqla yanaşı, qoruyucu gücünün olması haqqında inanca bağlıdır. Çaydan götürülmüş, bərəkət gətirdiyinə inanılan daş qabın içinə qoyulardı, bu daş gələn il Novruz bayramınadək saxlanılardı, növbəti ildə həmin daş çaya qoyular, yeni su və daş götürülərdi.
Göydən yağan yağış torpağa bərəkət gətirir, eyni zamanda suyun toxunduğu hər şeyə öz təsirini göstərir. İlaxır çərşənbəsi günü çayın sahilinə enmək, suyun üstündən tullanmaq, çayda, çeşmədə yuyunmaq, evdəki suları töküb qabları təzə su ilə doldurmaq “Ağırlığım, dərdim-bəlam bu suda axsın getsin” demək də arınmaq, yenilənmək mərasiminin qalıqlarındandır.
Subay qızların həmin gün erkəndən, hamıdan əvvəl gedib bulaqdan su gətirməsi bəxtinin açılması, yeni ailənin qurulması, yeni başlanğıca inamla bağlı idi.
Hələ gün doğmamışdan su üstünə gedir, əl-üzünü yuyur, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Bu su adi su deyildir, Novruz suyudur. Həmin bulaqdan insanlar hər gün istifadə ediblər. Ancaq bulağın suyu Novruz günü, gün çıxmamış bərəkətverici su olur. Öz dərdini suya danışmaqla yanaşı, öz niyyətini suya söyləmək adəti də olub.
Qarabağda “çilləkəsmə” mərasimi çay, bulaq üzərində həyata keçirilərdi. Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsərində su kənarında “çillə kəsmək” ayını belə təsvir olunur:
“Tut ağacının altında zərif kaşan xalçaları salınmış, məxmər döşəkçələr, ipək püştələr (yasdıqlar), mütəkkələr düzülmüşdü. Qaravaşlar əlləri döşlərində səf çəkib, xanımları gözləyirdilər. Şahnisə xanım isə suyun kənarında оturub çilləsini kəsdirirdi. Kiçikbəyim üçün Gülablı kəndindən gətirilmiş və о zamandan bəri sarayda qalmış dayə, xanımın qarşısında çömbəlib, оnun baş barmaqlarını ağ ipliklə çatdı, sоnra dеdi:
– Həzrəti Sülеyman еşqinə, cin qızı Mərcan hökmünə, bəni adəmdən, bəni hеyvandan, cindən, şеytandan, axar sudan, köklü ağacdan, dibli qayadan, yеddi yоlun ayrıcından... hər kəsin çilləsinə düşübsən, çilləni kəsdim!
Bu sözlərdən sоnra qayçı ilə ipliyi kəsdi. Əlavə olaraq xanımın barmaqlarını iki dəfə də çatdı, еyni sözləri оxuyub kəsdi və sоnra kəsilmiş iplikləri bir əli ilə qaldırıb xanımın başının üstündə tutdu və о biri əli ilə bürüncdən qayrılmış, üzərində dualar həkk оlunmuş “qırx açar camı” ilə bulaqdan bir az su götürüb iplik qırıntılarının üstündən axıtdı. Su xanımın başından aşağı süzələnərək оnu bütün dərdlərini yuyub apardı. Dayə Kiçikbəyimin də çilləsini kəsdi, оna xоşbəxtlik dilədi, sоnra südü ilə bəsləmiş оlduğu bəyimin incə əllərini dоdaqlarına basıb öpdükdə gözləri yaşardı...”
Səməni ovsununda övladı olmayan qadınla bağlı icra olunur, bu zaman səməni qadının başının üstündə saxlanılır, övladı olan bir qadın səməninin üzərində su axıdır, su çilləyə düşmüş qadının üstünə də axır. Övlad böyütmüş başqa bir qadın suyu kəsə-kəsə “A səməni göyərdən, bu gəlini də sevindir”- deyir, yaxud belə nəğmə oxuyur:
Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, çilləni,
Övlad vermək dəmidir .
Bayram günündə çay sahilində, bulaq üstündə cavanlar bir-birinin üstünə su çiləyərdilər, bu zarafatyana bir davranış kimi görünsə də əslində burada su ilə arınmaq inancının qalıqları qalmaqda idi. Suyun arındırır, günahları təmizləyir, hər şeyi həyatın başlanğıcındakı təmizliyə və saflığa qaytarırır.
Qədimdən suyun-çayın, bulağın “öz yiyəsi”nin olduğuna inanılmış, buna görə də onu hirsləndirəcək hər hansı davranışdan qaçınılır, xüsusi ilə axşam və ya gecə çay sahilinə enəndə və ya keçəndə, qajın (kiçik arx) üstündən keçəndə, eyni zamanda çaydan su götürəndə dualar oxunar, “bismillah” deyirlər. Sel, daşqın hallarında və s. suyun nə qədər təhlükəli olduğunu bilən ibtidai insan ondan ehtiyatlı olmağı vacib sayıb, təbiətin mühüm ünsürü olan suya sayğı duyub.
Suvarmada xalq təqvimi mövcud olub. Taxıl əkini sahələrinə və ya başqa bitkilərin becəriləcəyi sahəyə toxum səpilməmişdən əvvəl verilən suya “arat suyu” deyilirdi. Arat suyu yaz, yay və payızda verilərdi. Taxıl sahələrinə toxum səpildikdən sonra (payız əkini) “torpaq suyu”, fevral ayında “çillə suyu” verilirdi. Boz ayın - martın ortalarında və ya axırında verilən su “gülənbər”, üçüncü suvarma “döndərmə”, dördüncü suvarma isə “çiçək suyu” adlanırdı. Yazın ilk günlərində taxıla “armudavar”, “armud gülü”, “heyva gülü” suyu verilirdi. Taxıl əkinlərinə dən tutan vaxtı “dən suyu” verilərdi. Həmin su taxılın məhsuldarlığında həlledici rol oynayırdı".
Fatimə Məmmədova
10:32 24.02.2026
Oxunuş sayı: 1772