Hz. Muhəmmədin (s.ə.s) soy şəcərəsi
Hz. Muhəmməd (səs) Haşimoğulları (Haşimilər) soyundandır. Haşimoğulları və Üməyyəoğulları Qüreyş qəbiləsini təşkil edən iki sülalə olmuşlar.
Peyğəmbərin dünyaya gəlməsindən (570) təqribən 80 il əvvəl, onun ulu babası Haşim xalq tərəfindən Məkkənin başçısı və Kəbənin keçikçisi vəzifəsinə seçildi. Uməyyə isə, bunu qəbul etmədi və Haşimoğulları ilə rəqabət etməyə başladı. Bu vəzifə, Əbu Talibin vəfatına qədər (619) Haşimoğullarına aid oldu. Bu rəqabət, sonralar Hz. Muhəmmədə (səs) və onun soyuna edilən haqsızlıqlarda özünü göstərdi.
Bu iki sülalə arasında əvvəllər müəyyən qohumluq əlaqələri olmuşdur. Onları birləşdirən əlamətlər qüreyş ərəb ləhcəsi, Məkkə ərazisi, kültür birliyi, eyni tarixi taleyi yaşamaları və özlərini qüreyşli kimliyi ilə tanımaları, Kəbəyə bağlı inancları və bu inancın ulu babaları Hz. İbrahimdən (əs) gəlməsi idi.
Lakin, Qüreyş qəbiləsində Haşimoğulları və Üməyyəoğulları sülalələri bir soydan gələ bilməzdilər. Çünki qeyd etdiyimiz kimi, qəbilə iki fərqli soydan gələn sülalənin birləşməsi nəticəsində meydana çıxır. Bunun səbəblərindən biri soydaxili nikahların qadağan olunması, digəri kollektiv təsərrüfat və təhlükəsizlik məsələləri idi. İndi bu səbəbləri araşdıraq:
1. Qüreyşlilər əsasən ticarət ilə məşğul olduqları üçün, ortaq təsərrüfata malik deyildilər. Onların əsas gəlirləri Kəbəyə İslamdan çox öncə başlayan ziyarətlərdən əldə edilirdi. Ziyarət turizmi Məkkənin iqtisadi həyatını inkişaf etdirirdi. Məkkə azad iqtisadi zona kimi fəaliyyət göstərirdi. O, müqəddəs yer sayıldığı üçün, quldurlar oradan uzaq durardılar. Buna görə də, Məkkənin başçıları Kəbəni öz himayələri altında saxlamağa çalışırdılar. Bu iki sülaləni bir-biri ilə yaxınlaşdıran ortaq təsərrüfat həyatı olmadığı üçün və onlar müstəqil şəkildə ticarətlə məşğul olduqları üçün, onlar arasında sosial-iqtisadi inteqrasiya zəif olmuşdur.
2. Mənbələrin verdiyi məlumatlardan məlum olur ki, Qüreyşdəki bu iki sülalə daxilində endoqamiya geniş yayılmışdır. Lakin, onlar arasında ekzoqamik nikahlar da az deyildir. Bu ekzoqamik nikahlar iki sülaləni bir qəbilə şəklində birləşməsinə şərait yaradırdı. Lakin, endoqamiyanın geniş yayılması sosial əlaqələrin zəif olduğunu göstərir.
3. Təhlükəsizlik baxımından Qüreyş qəbiləsi həm cənubdakı Yəmən ərazisindən, həm də şimaldakı Romadan təcavüz təhlükəsi ilə yaşayırdı. Bundan əlavə, qonşu qəbilələrin və bədəvilərin həmlələrindən qorunmaq lazım idi. Çünki Məkkənin və onun içindəki mühüm əhəmiyyətli Kəbə evinin qorunması hamının maraqlarına cavab verirdi. Kəbə evinin böyük gəlir mənbəyi kimi dəyərləndirən Üməyyəoğullarından fərqli olaraq, Haşimoğulları ona daha çox Hz. İbrahimin (əs) dininin məbədi kimi baxırdı. Bu məqsədlər, qüreyşliləri bir araya gətirirdi.
4. Haşimoğulları və Üməyyəoğulları sülalələri Hz. İbrahimin dinində bir araya gəlsələr də, bu məsələdə bir-birindən çox fərqlənirdilər. Onların hər ikisi Allahın (c.c) varlığına inanır, namaz qılır, oruc tutur, həcc ziyarəti edirdilər. Lakin, Haşimoğullarından fərqli olaraq, Üməyyəoğulları Hz. İbrahimin (əs) dinini (hənif) təhrif etmiş və onu bütpərəstliyə çevirmişdilər. Hz. Muhəmmədin (səs) babasının və ulu babalarının hənif dinində olmalarını təsdiq edən mənbələr kifayət qədərdir. Bu baxımdan, Haşimoğulları və Üməyyəoğulları arasında mənəvi birliyin olmadığını söyləmək olar. Bu isə, onlar arasında sosial-mədəni intqrasiyanın da zəif olduğunu göstərir.
Üstəlik, Haşimoğulları və Üməyyəoğulları sülalələrinin ulu əcdadlarının daima rəqabət və münaqişə zəminində olduğunu nəzərə alsaq, onların bir-biri ilə zəif inteqrasiya olunduqlarını deyə bilərik. Bu isə o deməkdir ki, Haşimoğulları və Üməyyəoğulları bir qəbilədə birləşsələr də, onlar xarici görünüş, danışıq, kültür, inanc baxımından bir-birindən fərqlənmişlər.
Haşimoğulları və Üməyyəoğulları, həmçinin, onların ulu əcdadları niyə tarixi rəqabət və münaqişə halında yaşamışlar?
Ənsab alimləri ərəbləri iki əsas Adnanilər və Kahtânilər qoluna bölürlər. Adnanilər “şimal ərəbləri”, Kahtânilər isə “cənub ərəbləri” kimi tanınırlar. Bu sülalələrdən yeni soylar və qəbilələr meydana çıxmışdır. Onlar da əksər hallarda öz ulu əcdadlarının isimləri altında tanınmışlar. Onlar arasında rəqabət və münaqişə ilk dövrlərdən başlayaraq, ərəb xilafətinin (Abbasilərin) sonunadək davam etmişdir.
“Ərəb-i mütəarribə” və ya “Ərəb-i müstəribə” (ərəbləşmiş qeyri-ərəb) kimi tanınan Adnanilərin cəddi Adnan b. Üdəd hesab olunur. İslamın bütün mənbələri onun Hz. İbrahimin oğlu Hz. İsmayılın soyundan gəldiyini birmənalı şəkildə təsdiq edirlər.
Adnanilər mənbələrdə bəzən Məaddilər və daha çox Nizarilər adıyla tanınırlar. Onların bir çox qolları Hicazın şimalına, Şam, İraq (Kufə), Əlcazair ərazilərinə köç etmiş və orada məskunlaşmışlar. İslamdan sonra onlar Xorasan, Şimali Afrika və Əndəlüsə yerləşmişlər. Bu coğrafiyalarda olan Diyar-i Mudar, Diyar-i Rəbia onların adları ilə bağlıdır. Şəcərə və əcdadlar barədə məlumatların əksəriyyəti islamaqədərki cahiliyyə ədəbiyyatında geniş yer almışdır.
Hz. Muhəmmədin (səs) ulu əcdadlarının şəcərəsinin yuxarıda göstərildiyi kimi dəqiq ardıcıllıqla olması mümkün deyildir. Çünki Hz. İbrahim (əs) ilə Hz. Muhəmməd (səs) arasında təqribən 2500 illk bir tarixi sürə vardır. Buna görə də bildirilir ki, Hz. Muhəmməd (səs) öz şəcərəsinin Adnan b. Üdədə qədər doğru olduğunu təsdiq etmiş və ondan əvvəlki şəcərənin yanlış olduğunu bildirmişdir.
Adnanın atası Üdədin Məkkəyə təcavüz edən Babil şahı Buhtunnasra (e.ə. 604-561) qarşı müqavimət göstərildiyi bildirilir. Babil şahı Buhtunnasr e.ə.586-cı ildə Qüdsə hücum edərək yəhudi məbədini dağıdır və yəhudiləri Babilə sürgün edir. Görünür, bu hücum ərəfəsində Məkkəyə də gəlmişdir. Utbə, Kəbə evinin qorunması üçün ona müqavimət göstərmişdir.
Adnanın atası Üdədə Hz. Muhəmmədin (səs) 21-ci nəsildən babası olduğunu nəzərə alsaq, bu tarixin həqiqətəuyğun olduğunu söyləyə bilərik. Çünki Buhtunnasr hücumu ilə Peyğəmbərin doğumu arasında təqribən min il zaman məsafəsi vardır (e.ə 586 - b.e. 570). Orta hesabla hər birinin 45-47 il sülaləyə və ya qəbiləyə başçılıq etdiyini ehtimal etsək, min il olur (1000:21=47).
Ənsab alimləri Kahtaniləri “ərəb-i aribə” (köçəri) və ya yəmənlilər, “cənub ərəbləri” adlandırırlar. İlk dəfə “aribi” sözünə Assur şahı II Sarqonun kitabələrində (e.ə.VIII əsr) “Şərqin Aribi ölkəsinin sərhədlərində...” təsadüf olunur. Aribi “arabu” sözünün cəm forması kimi assur dilində “köçərilər” mənasını verir. Ərəblər Şam, Yəmən ərazilərində köçəri həyat tərzi sürən və Mesopatamiya ərazilərinə qədər köç edən qəbilələr olmuşlar. Onlar Mesopatamiyada vaxtilə şumerləri assimlyasiya edən akkad, assur tayfaları ilə sami mənşədən olmuşlar.
Bu sülalənin cəddi olan Kahtan bütün müsəlman və yəhudi mənbələrində Hz. Nuhun oğlu Samın soyundan olduğu bildirilir (Tekvîn, 10/25. İbn Hişâm, s. 5; İbn Sa‘d, I, 43; Cevâd Ali, I, 354-355). Ənsab alimləri Kahtanın Hz. İsmayılın soyuna mənsub olması barədə şəcərə uydurmuşlar (Hemdânî, I, 103 vd.; Mes‘ûdî, s. 70-71). Onlar deyirdilər ki, Kahtanın 31 oğlu olmuşdur: Yərub, Yəşcüb, Lüey, Tasm, Cədîs, Cürhüm, Yəmən, Uman, Hadramut və s. Yəşcübün oğlu Səbənin (Əbdüşəms) Şam və Yəmənə yerləşən 10 oğlu olmuşdur: Lahm, Cüzam, Amilə, Qassan, Himyer, Əzd, Məzhic, Kinanə, Əşar, Ənmar. Himyərin soyundan gələnlər İslamdan əvvəl cənubda Himyeri şahlığını qurmuşlar. Lakin, İbn Hazm isə, bunu qəti şəkildə təkzib etmişdir (İbn Hazm. Cemhere, s. 7).
Ənsab və tarix kitablarında Kahtanilələr ilə Adnanilər arasında əzəldən münaqişənin olduğunu söyləyirlər. Cahiliyyə ədəbiyyatı buna işarə edir. Lakin, burada Kahtanilər ilə Adnanilərin adları deyil, onlara aid olan qəbilələrin adları çəkilir (Kahtanilər üçün: Yəmən, Əhli-Yəmən, Yəmaniyyə, Əzd və Kəlb; Adnanilər üçün: Mudar, Məad, Nizar, Kays və Təmim). İslam tarixində tanınan Əvs və Hazrəc qəbilələri də Kahtanilərə mənsubdur. Yəzidin anası da Kahtanilərdən olan Kəlb qəbiləsindəndir. Müaviyə və Yəzidin hakimiyyəti dövründə Kahtani və Adnani qəbilələr arasında savaş və rəqabət daha da artmışdır. Yəzid bütün şair və alimləri sərvətlə ələ alıb, onları Kahtani soyunun ucaldılmasını, Adnani soyunun alçaldılmasını ifadə edən şeir və əsərlərin yazılmasını əmr etdi.
Kahtani və Adnani qəbilələr arasında savaş islam dininin yayıldığı ərəfədə ilk öncə Əhli-Beyt və anti Əhli-Beyt, sonra ilkin şiə və sünni mütəvisində baş qaldırdı. Halbuki, münaqişənin kökündə Kahtanilər ilə Adnanilər arasında qədimdən davam edən əsəbiyyət (qəbiləçilik) davası dururdu. Bu dava, Hz. İbrahimin dini olan Hənif dininin və onun daşıyıcısı olan Adnanilərin (Hz. İbrahimin Əhli-Beyti) ortadan qaldırılmasına necə yönəlmişdirsə, həmin ənənənin davamı olan İslam dininin və onun imamları olan Hz. Muhəmmədin (səs) Əhli-Beytini yox etməyə yönəlmişdir. Çünki Kahtanilər əsəbiyyət (qəbiləçilik) şüurundan çıxa bilməmiş və onun çərçivəsində qalmışlar.
Kahtanilərin əsəbiyyət (qəbiləçilik) təəssübkeşliyinin əsasında dayanan əsas amillərdən biri də ərəb-sami irqçiliyi idi. Çünki onlar Adnani soyunun mənşəcə Sam soyundan (sami) olmadığını, onların Hz. İbrahimin (əs) soyundan olduqlarını və “ərəb-i müstəribə” (ərəbləşmiş qeyri-ərəb) olduqlarını bilirdilər (artıq, bu barədə kifayət qədər bəhs etdik).
Hz. Muhəmməd (səs) Hz. İsmaili özünün ulu əcdadı hesab edərək demişdir: “Allah, İbrahimin övladlarından İsmaili, İsmailin övladlarından Bəni Kinanəni, Bəni Kinanədən Qüreyşi, Qüreyşdən Bəni Haşimi, Bəni Haşimdən məni seçdi.” (Müsned, II, 107; Müslim, “Feżâʾil”, 1; Tirmizî, “Menâḳıb” 1) Yaxud, o demişdir: “Mən iki qurbanlığın oğluyam.” (Hâkim, II, 604; Aclûnî, I, 230. Yəni, cəddi Hz.İsmaili və dogma atası Abdullahı nəzərdə tutmuşdur.) Hz. Muhəmməd (səs) oxatma yarışına qatılan əshabına belə demişdir: “Ey İsmailoğulları! Ox atın! Atanız da oxatan idi.” (Buhârî, “Cihâd”, 78; “Enbiyâʾ”, 12; “Menâḳıb”, 4.). Tövratda Hz.İsmailin soyunun da özü kimi oxçuluq sənətində mahir olduğu bildirilir (Təqvin 21-20; İşaya 21-17). Bu məlumat hədislərə Tövrat vasitəsilə də daxil ola bilərdi.
Bu və ya digər hədislərin gerçək olduğunu şübhə altına almış olsaq belə, Hz. Muhəmmədin (səs) cəddinin Hz. İsmail olduğunu təkzib edə bilmərik. Çünki bunu təsdiq edən kifayət qədər mənbə vardır. Ümumiyyətlə, Hz. İsmail ilə bağlı hədislərdə və ilkin islami-tarixi mənbələrdə Qurani-Kərimdə keçməyən məlumatlara təsadüf olunur. Onların nə qədər doğru olub-olmadığını söyləmək çox çətindir. Onların bir çoxu yəhudi və xristian mənbələrinin təsiri ilə yaranmışdır. Çünki Hz. Muhəmməd (səs) qədim tarixi hadisələr ilə bağlı məlumatları yalnız vəhy ilə xəbər verərdi (Zülqərneyn ilə bağlı verdiyi məlumat kimi). Buna görə də, Qurani-Kərimdə keçməyən məlumatların peyğəmbər tərəfindən söylənildiyini iddia etmək müəyyən dəlillər və məntiqi izahlar tələb edir.
Hz. Muhəmmədin (səs) ulu əcdadları olan Adnanilər və onlardan törəyən qəbilələr Ərəbistanın şimal bölgələrində yerləşən “ərəb-i müstəribə” (ərəbləşmiş qeyri-ərəb) kimi tanınmışlar. Adnanilərin ulu əcdadı sayılan Hz. İsmailin dua nəticəsində dünyaya gəldiyi bildirilir (İbrahim 14-39). Lakin, atası tərəfindən Məkkədə Kəbə evinin olduğu əraziyə gətirilməsi (İbrahim 14-37) ilə bağlı ayələrdə Hz. İsmailin və anası Həcərin adı çəkilmir. Ancaq digər ayələrdə onun sonradan həmin ərazidə atası ilə birlikdə Kəbə evini tikdiyi, qurban seçilmiş şəxs olduğu (Bəqərə 2-140, Saffat 37, 102-105), peyğəmbər seçildiyi (Bəqərə 2-136, Nisə 4-163, Məryəm 19-54, 55, Ənam 6-86) və ona Kəbəni tövhidin mərkəzi kimi qorumaq vəzifəsinin verildiyi (Bəqərə 2-125) məlum olur.
Qurani-Kərimdə Hz. İsmail ilə bağlı verilən məlumatlardan məlum olur ki, Hz. İbrahim onu yeniyetmə yaşlarında olarkən Məkkədə Kəbə evinin olduğu əraziyə gətirmiş və sonra onu tərk etmişdir. Əslində, burada demək istənilən başqa bir şeydir. Hz. İbrahim yeniyetmə bir uşağı səhrada təkbaşına və ya anası ilə buraxa bilməzdi. Onlar orada aclıqdan, susuzluqdan, təklikdən ölə bilərdilər. Səhrada vəhşi heyvanlarla yanaşı, quldurlar da az deyildi. Onlar ən azı insan alverinin qurbanına çevrilə bilərdilər. Həmçinin, onlar, başqa coğrafiyadan Məkkə ərazisinə köç edən mühacirlər kimi, yerli şəraitə uyğun deyildirlər. Onları bu cür “robinzon kruzo” eksperimentinə məruz qoymaq kimə və nəyə lazım idi?
Göründüyü kimi, sonradan uydurulan bu cür rəvayətlər nə Qurani-Kərimə, nə də sadə məntiqə uyğun gəlir. Hz. İbrahim bütün bu riskləri bildiyi üçün, ailəsini orada tək buraxa bilməzdi. Bunun üçün, o, öz ailəsi də daxil olmaqla hənif dininə etiqad edən bir neçə ailə ilə birlikdə Məkkəyə köç etmiş, onları orada yerləşdirmiş, zəmzəm quyusunu qazmış və ailəsini onlara əmanət edərək geriyə dönmüşdür. O, bir müddətdən sonra həmin yerə dönərək, oğlu ilə birlikdə Kəbə evini tikmiş və onu qorumaq vəzifəsini İsmailə tapşırmışdı. Onların tikdiyi Kəbə evi indiki kimi hündür və geniş olmamışdır. O, insan boyundan bir qədər yüksək kiçik otaq şəklində olmuşdur. Hz. Muhəmməd (səs) Hz. Əlinin (əs) ayağından tutaraq Kəbə evinin başına çıxmasına yardım etməsi, bunu təsdiq edir.
Hz. İsmail peyğəmbər olduğu üçün, Məkkədə və onun ətrafında olan insanları hənif dininə dəvət etmiş və onlara doğru istiqamət vermişdir. Əgər orada bir cəmiyyət olmasaydı, ona bu peyğəmbərliyin verilməsinin də bir hikməti olmazdı.
Hz. İsmail ilə Məkkəyə yerləşən qəbilə, ona və atasına dil, din və kültür baxımından eyni olan bir cəmiyyət ola bilərdi. Çünki dil birliyi olmadan onlar arasında ünsiyyət yarana bilməzdi. Bir çox islam mənbələri bizə məlumat verir ki, Hz. İsmailin dövründə Məkkə yaxınlığında Yəməndən gələn digər bir qəbilə məskunlaşmışdır. Mənbələr onun Cürhüm qəbiləsi olduğunu bildirirlər. Bildirilir ki, Hz. İsmail cürhümlülərdən olan bir qız ilə ailə həyatı qurmuşdur. Tövratda Hz. İsmailin zürriyətinin Ərəbistanın şimal bölgələrində yerləşdiyi (Təqvin 25-18), Paran çölündə Mısırdan olan bir qadınla evləndiyi (Təqvin 21-8, 21) və ondan 12 oğlu və 1 qızı olduğu (Təqvin 25-12,16; Tarixlər 1-29, 31), onun 12 oğlunun 12 qəbilənin bəyi olduğu və nəslinin bu yolla artdığı bildirilir (Təqvin 25- 9, 10; 16-17). Bu məlumatlar bir qədər təhrif edilə bilər. Çünki Hz. Yaqubun da 12 oğlunun olması və onların hər birinin 12 yəhudi qəbiləsinin başında dayanması kimi rəvayərlər vardır. Bu, bənzətmə ola bilər. Lakin, sayın az və ya çox olmasının fərqi yoxdur. Əsas məsələ, Hz. İsmailin zürriyətinin Məkkədə çoxalması və yayılması idi.
Cürhüm qəbiləsinin qədim bir ərəb qəbiləsi olduğu bildirilir. İbn Hazm, Hz. İsmailin onlardan ərəb dilini öyrəndiyini və onun Hz. İbrahimin soyunda ərəb dilində danışan ilk şəxs olduğunu bildirir (İslam ansiklopedisi. Cürhümler). İbn Hazmın bu məlumatı haradan və necə əldə etdiyi, yaxud, nəyə istinadən söylədiyi məlum olmasa da, onun söylədikləri Peyğəmbərin şəcərəsi ilə bağlı araşdırmalarla, cahiliyyə ədəbiyyatındakı qeyri-ərəb motivləri ilə, Ərəbistandakı bəzi arxeoloji-etnoqrafik materiallarla müəyyən qədər üst-üstə düşür. Əldə olunan materiallar və araşdırmaların nəticələri, ən azı bu məsələyə diqqət yetirməyi tələb edir.
O dövrün tarixi mənbələri və cahiliyyə dövrünün şeirlərində bildirilir ki, Hz. İsmail öz nəslini çoxaltmaq və dinini yaymaq üçün, cürhüm qəbiləsi ilə qohumluq əlaqəsi qurdu (İbn Hişâm, es-Sîre, bk. İndeks; Ezrakī, Ahbâru Mekke (Melhas), I, 57, 62, 81-106, 116, 119, 122, 159, 171, 186, 244, 346, 355, 372, 373; II, 40-41, 267-268; Câhiz, Kitâbü’l-Hayevân, I, 187; VI, 151, 198; a.mlf., el-Beyân ve’t-tebyîn, I, 187; II, 110; Taberî, Târîḫ (Ebü’l-Fazl), bk. İndeks; İbn Haldûn, el-ʿİber, II, 3031).
Bu əlaqələr nəticəsində cürhümlülərlə Hz. İsmailin qəbiləsi arasında qohumluq əlaqələri genişləndi. Cürhümlülər hənif dinini qəbul etdilər. Lakin, bəzi tarixi mənbələr bildirir ki, Hz. İsmailin vəfatından bir nəsil sonra, onlar, əqidələrindən dönüb Kəbəyə verilən ehsanları qarət etdilər, insanlara əzab-əziyyət verdilər və əxlaqsızlıqlar törətdilər. Müşrik ərəbləri Kəbə evinin içində cinsi əlaqə zamanı daşa döndüklərinə inandıqları İsaf və Nailə adlı bütlərin cürhüm qəbiləsinə aid olduğunu bildirirdilər. Cürhümlərin özbaşınalağı elə bir səviyyəyə çatdı ki, Allahın qəzəbinə gəldilər və aralarında yayılan xəstəlik (burun qanaması - ruaf) üzündən onların böyük bir qismi məhv oldu. Huzaa və Kinanəoğulları onlara hücum edərək məğlub etmiş və onların Məkkəni tərk edərək Yəmənə getmələrinə səbəb olmuşlar. Onlar Məkkəni tərk edərkən, Həcərül-əsvədi (qara daşı) yerindən çıxarıb yerə basdırmış və zəmzəm quyusunun üstünü bağlamışlar. Onlar barədə sonralar heç bir məlumat verilmir.
Hz. İsmail Hz. İbrahimin Əhli-Beyti idi. Buna görə də, o, bir peyğəmbər kimi Hənif dinini öz varisləri arasında yaymalı və onu qorumalı idi. Bu dinin simvolu Kəbə evi oldu. Hz. İsmail atası Hz. İbrahim ilə Kəbə evini tikərkən belə dua etdilər: “(İbrahim və İsmail dedilər:) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et (Rabbəna vəc’alnə muslimeyni ləkə və min zurriyyətinə ummətən muslimətən ləkə), bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (Bəqərə 128).
Bu ayədə Hz. İsmail və Hz. İbrahimin dininin islam olduğu və müsəlman ümmətinə aid olduğu (muslimeyni ləkə və min zurriyyətinə ummətən muslimətən ləkə - Bəqərə 128) açıq şəkildə bildirilir. Hz. İbrahimin müşriklərdən olmadığı (mə kənə minəl muşrikin - Əli İmran 67), yəhudi və xristianlardan olmadığı (Mə kənə İbrahimu yəhudiyyən və la nasraniyyən - Əli İmran 67) millətinin (dininin) Hənif (millətə İbrahimə hanifə - Bəqərə 135) və hənif bir müsəlman olduğu (lakin kənə hanifən muslimə - Əli İmran 67) bildirilir. Hz. İbrahimin hənif millətinə mənsub olmaq böyük bir üstünlükdür (Və mən ahsənu dinən mimmən əsləmə vəchəhu lillahi və huvə muhsinun vəttəbəa millətə İbrahimə hanifə – Nisə 125). Çünki Hz. İbrahimin millətinin dini qiyamətə qədər davam edəcəkdir (dinən qıyamən millətə İbrahimə hanifə - Ənam 161). Hz. Muhəmməd (səs) hanif kimi Hz. İbrahimin dininə tabe olmuşdur (Summə əvhaynə ileykə ənittəbi’ millətə İbrahimə hanifən - Nəhl 123). Çünki o, “Allahın fitri olaraq insanlara verdiyi doğru dindir və onu heç vəchlə dəyişdirmək olmaz.” (fə əkim vəchəkə lid dini hanifən, fitratallahilleti fataran nasə əleynə, la təbdilə li xəlqillahi – Rum 30).
Qurani-Kərim, yəhudi və xristianların Hz. Muhəmmədin tərəfdarlarına təzyiq göstərdiklərinə, onları müşrik hesab etdiklərinə və öz dinlərinə girmələrinə çalışdıqlarına işarə edir:
“(Yəhudilər və xaçpərəstlər müsəlmanlara:) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” – deyirlər. (Ya Rəsulum!) Sən de: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi. (Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!” (Bəqərə 135-136).
Yəhudi və xristianlar İslamdan əvvəlki dövrlərdə də Hz. İbrahimin dinində olanlara qarşı eyni şəkildə rəftar etmişlər. Onları assimlyasiya etmək və öz tərəflərinə çəkməyə cəhd göstərmişlər. Çünki onlar özlərini Hz. İbrahimin dininin və onun millətinin varisi elan edirdilər. Lakin, Hənif dinində olan İbrahim milləti onlardan və cahiliyyə ərəblərindən fərqlənirdi. Onlar, Allahın nurunu Hz. İbrahimin Əhli-Beyti olan Hz. İsmaildən Hz. Muhəmmədə (səs) qədər daşıdılar. Bu baxımdan, bu soyun daha dərindən araşdırılmasına ehtiyac vardır.
Hənif dini ilə bağlı ayələrdən görünür ki, artıq, Hz. İbrahimin dövründən başlayaraq, din, ümmət və millət anlayışları vəhdət təşkil etmişdir. Ümmət “umm” (lider, imam) kökündən törəyən bir isim kimi, “dini liderin və imamın ətrafında toplanan camaat” mənasına gəlir (Elmalılı, M. Hamdi Yazır, Hak Dini Kur’ân Dili, İstanbul 1982, I, 508.). Hz. İbrahimin, Hz. Musanın, Hz. İsanın, Hz. Muhəmmədin (səs) ümməti anlayışı, yaxud, musəvilər, isəvilər analyışları da bu mənada istifadə olunmuşdur. Deməli, Hz. İsmail qəbiləçilik (etnos) əlamətlərinə görə deyil, hənif dini üzrə bir millət formalaşdımalı idi. Buraya fərqli qəbilələr daxil ola bilərdi.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru, dosent
04:00 06.12.2024
Oxunuş sayı: 40327