“WhatsApp” yazışmaları məhkəmədə sübut kimi istifadə oluna bilərmi?
Rəqəmsal dövrdə şəxsi yazışmaların qorunması artıq təkcə etik məsələ deyil, eyni zamanda hüquqi məsuliyyət yaradan ciddi hüquq pozuntusu kimi qiymətləndirilir.
Xüsusilə “WhatsApp” və digər mesajlaşma platformalarında aparılan şəxsi ünsiyyətin icazəsiz izlənilməsi, əldə edilməsi və yayılması son illər cəmiyyətdə ən çox narahatlıq doğuran mövzulardan biridir.
Bu kontekstdə Ali Məhkəmənin Plenumu “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı mühüm hüquqi mövqeyini açıqlayaraq, belə halların yolverilməzliyini və qanun qarşısında məsuliyyət yaratdığını bir daha təsdiqləyib.
Qərar həm vətəndaşların hüquqlarının qorunması, həm də rəqəmsal təhlükəsizliyin təmin olunması baxımından mühüm hüquqi çərçivə formalaşdırır.
Məsələ ilə bağlı hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məsələlərlə bağlı qeyd etmək olar ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarına əsasən, şəxsi yazışma hüququnun müdafiəsi ilə bağlı bir sıra mühüm məsələlər hüquqi baxımdan tənzimlənib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Bu hüquqa yazışmaların, telefon danışıqlarının, poçt, teleqram və digər rabitə vasitələri ilə ötürülən məlumatların məxfiliyinin qorunması da daxildir və bu məxfiliyin təmin olunmasına dövlət zəmanət verir.
Qanunvericiliyə görə, şəxsi yazışma hüququna müdaxilə yalnız cinayət işinin araşdırılması və həqiqətin üzə çıxarılması zərurəti ilə, qanunda nəzərdə tutulmuş qaydada və səlahiyyətli orqanların qərarı əsasında mümkün ola bilər.
Ali Məhkəmənin Plenum qərarında da şəxsi yazışmaların toxunulmazlığına hansı hallarda və hansı hüquqi əsaslarla müdaxilə edilə biləcəyi məsələləri öz əksini tapmışdır.
Xüsusilə vurğulanır ki, şəxsin elektron və ya digər vasitələrlə həyata keçirdiyi yazışmalardan onun xəbəri və razılığı olmadan istifadə edilməsi, həmin yazışmaların izlənilməsi, toplanması, yayılması və ya üçüncü şəxslərə ötürülməsi hüquqa qanunsuz müdaxilə kimi qiymətləndirilir. Belə hallar şəxsi toxunulmazlıq hüququnun birbaşa pozulması hesab olunur.
Bu baxımdan, şəxsi yazışmaların qanunsuz izlənilməsi və ya istifadəsi hüquq pozuntusu kimi qiymətləndirilir və zərərçəkmiş şəxs öz hüquqlarının müdafiəsi məqsədilə hüquq-mühafizə orqanlarına, o cümlədən polisə, eləcə də məhkəməyə və digər səlahiyyətli dövlət qurumlarına müraciət etmək hüququna malikdir. Bu müraciətlər vasitəsilə pozulmuş hüquqların bərpası və qanunsuz müdaxilənin qarşısının alınması hüquqi qaydada təmin oluna bilər".
Hüquqşünas həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların məxfiliyinin pozulması ilə bağlı əməllər cinayət məsuliyyəti yaratdığını qeyd edib:
"Bu maddəyə görə, şəxsi yazışmaların qanunsuz toplanması, izlənilməsi, yayılması və ya istifadə edilməsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilir və bu halda təqsirli şəxs cərimə, islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bu norma birbaşa olaraq şəxsi həyatın və yazışma sirrinin qorunmasına yönəlmişdir.
Eyni zamanda, məhkəmə təcrübəsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq izahlarına əsasən, şəxsi yazışmaların hüquqi qiymətləndirilməsi konkret hallardan asılı olaraq fərqlənə bilər.
Xüsusilə qeyd olunmalıdır ki, iki şəxs arasında aparılan “WhatsApp” və ya digər elektron platformalar vasitəsilə yazışmalar və telefon danışıqları müəyyən mülki-hüquqi münasibətlərlə, məsələn, borc öhdəliyi ilə bağlı olduqda, həmin yazışmalar sübut kimi məhkəməyə təqdim edilə bilər.
Belə hallarda yazışmaların məhkəməyə təqdim olunması avtomatik olaraq yazışma sirrinin qanunsuz pozulması kimi qiymətləndirilmir. Əgər tərəflərdən biri həmin yazışmanın iştirakçısıdırsa və öz hüquqlarını müdafiə etmək məqsədilə onu məhkəməyə sübut qismində təqdim edirsə, bu, hüquqa uyğun sübutetmə vasitəsi hesab oluna bilər.
Yəni, şəxsi yazışmaların üçüncü şəxslər tərəfindən qanunsuz əldə edilməsi və yayılması cinayət məsuliyyəti yaratsa da, tərəflərdən birinin iştirak etdiyi yazışmaları öz hüquqlarının müdafiəsi üçün məhkəməyə təqdim etməsi yazışma sirrinin pozulması kimi qiymətləndirilməyə bilər. Bu zaman məhkəmə həmin yazışmaları iş üzrə sübut kimi qiymətləndirərək, tərəflər arasında, məsələn, borc münasibətlərinin telefon danışıqları və yazışmalar vasitəsilə təsdiq olunmasını nəzərə alıb müvafiq qətnamə qəbul edə bilər".
Elmir Heydərli
11:47 20.02.2026
Oxunuş sayı: 1338