BTQ təzminat tələbi irəli sürür: ədalətsizlik aradan qaldırılmalıdır
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında müstəmləkəçilik və neokolonializmin tarixi və davam edən təsirlərini vurğulayan bəyanatla çıxış edib. O, müstəmləkə mirasından əziyyət çəkən bölgələrin, o cümlədən Bonayre, Fransız Polineziyası və digər ərazilərin hüquqlarının qorunması və təzminatların təmin olunması üçün beynəlxalq çərçivənin yaradılmasının vacibliyini qeyd edib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə kiçik ada dövlətlərinin hüquqlarının müdafiəsi və neomüstəmləkəçiliklə mübarizə beynəlxalq gündəliyə çıxarılıb. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasətindən zərər çəkmiş xalqların problemlərini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynayır.
“BTQ, dünyanın müxtəlif bölgələrində müstəmləkə mirasından əziyyət çəkən icmaların hüquqlarını qorumaq, onların ədalət və azadlıq mübarizəsini dəstəkləmək məqsədilə həmrəylik şəbəkələri qurur. Bu qrup, xüsusən də BMT-nin 75/123 saylı qətnaməsinin təsirindən istifadə edərək müstəmləkəçiliyin aradan qaldırılmasını təşviq edir,” - deyə Nurullayeva vurğulayıb.
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq əməkdaşlıq və hüquqi dəstək təşəbbüslərinə yönəlib. Təşkilat, müstəmləkəçilik siyasətinin ağır nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, hüquqi, mədəni və iqtisadi sahələrdə hərtərəfli təzminat mexanizmlərinin yaradılmasını tələb edir.
Könül Nurullayeva BTQ-nin təzminat tələblərinin yalnız tarixi ədalətsizliklərin aradan qaldırılmasını deyil, həm də mədəni irsin qaytarılmasını, sosial-iqtisadi bərabərsizliyin azaldılmasını və təhsil islahatlarını əhatə etdiyini bildirib. “Bu yanaşma, həm də psixoloji və emosional dəstəyi gücləndirən bərpaedici ədalət çərçivəsinin yaradılmasını nəzərdə tutur. Azərbaycan bu qlobal mübarizəyə dəstək verməkdə davam edəcək.”
BTQ-nin fəaliyyəti, beynəlxalq forumlarda yüksək qiymətləndirilir və Azərbaycanın qlobal ədalət prosesinə verdiyi töhfə kimi qəbul olunur.
Nihat Tahirov
09:26 05.12.2024
Oxunuş sayı: 4340