ABŞ-Suriya münasibətlərində yeni səhifə açılır - Politoloq
Suriyanın beynəlxalq arenadakı diplomatik fəallığı yeni mərhələyə qədəm qoyur. Belə ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Prezident Əhməd Əl Şaraanın noyabr ayında ABŞ-yə rəsmi səfər edəcəyini təsdiqləyib. Bu səfər, iki ölkə arasında uzun illər gərgin münasibətlərin fonunda mühüm siyasi hadisə kimi qiymətləndirilir. Məlumata görə, Əl Şaraa Ağ Evdə ABŞ rəhbərliyi ilə Suriyanın müharibədən sonrakı yenidən qurulması və ölkəyə qarşı tətbiq edilən sanksiyaların tamamilə ləğvi məsələlərini müzakirə edəcək. Qeyd edək ki, səfər öncəsi tərəflər arasında diplomatik təmaslar artıq bir neçə beynəlxalq platformada baş tutub — o cümlədən, Prezident Əl Şaraa ABŞ Prezidenti Donald Trampla həm Ər-Riyadda, həm də BMT Baş Assambleyası çərçivəsində görüşlər keçirib. Bu səfər Suriyanın beynəlxalq izoliyasiyadan çıxması və regionda yeni siyasi balansın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Suriyanın Prezidenti Əhməd Əl Şaraanın Vaşinqtona səfəri zamanı əsas diqqət iki tərəfli münasibətlərin inkişafına yönələcək:
“Bu səfərdə əsasən ABŞ-nin Suriyaya yeni investisiyalar yatırması, eyni zamanda Suriyanın öz öhdəliklərini yerinə yetirməsi məsələləri müzakirə olunacaq. ABŞ şirkətləri Suriyaya investisiya yatırmaqda maraqlıdır. Son dövrlərdə məlum olub ki, Suriyada müəyyən təbii sərvətlər mövcuddur və ABŞ bu sərvətlərin istismarında maraqlıdır. Bu, Suriya hökuməti üçün də kifayət qədər ideal variantdır, çünki ABŞ ilə sıx əməkdaşlıq ölkədə yeni sistemin möhkəmlənməsinə xidmət edəcək".
Z.Əmrəliyevin sözlərinə görə, bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından önəmlidir:
“Hazırda Suriyanın əsas problemi İsraillə bağlıdır. İki ölkə arasında ciddi toqquşmalar mövcuddur və ABŞ ilə müttəfiqlik Dəməşq üçün İsrail qarşısında müdafiə rolunu oynaya bilər. Bu baxımdan səfər rəsmi Dəməşq üçün xüsusi əhəmiyyət daşıyır. Suriyalılar çalışacaqlar ki, Ağ Evdə Trampı müəyyən məsələlərdə razı salsınlar və ABŞ investisiyalarını ölkəyə cəlb etsinlər".
Politoloq, həmçinin bildirib ki, səfər zamanı Colan təpəlikləri məsələsinin də gündəmdə olacağı gözlənilir:
“Məlum olduğu kimi, İsrail vaxtilə Suriyanın Colan təpəliklərini işğal edib və indiki hökumət həmin əraziləri geri almaq istəyir. Bu baxımdan ABŞ-ın dəstəyi böyük önəm kəsb edir. Həmçinin, İsrailin nəzarətində olan su mənbələrinin yenidən Dəməşq hökumətinə təhvil verilməsi məsələsi də müzakirə oluna bilər".
Həmsöhbətimiz qeyd edib ki, tərəflər arasında fikir ayrılıqlarının yaranması ehtimalı azdır, çünki hər iki ölkə üçün əməkdaşlıq həm siyasi, həm də iqtisadi baxımdan faydalıdır: “ABŞ Suriyada investisiyalar vasitəsilə regionda möhkəmlənmək, Suriya isə bu prosesdən iqtisadi və təhlükəsizlik baxımından qazanmaq niyyətindədir. Buna görə də səfərin nəticələrinin hər iki tərəf üçün müsbət olacağı gözlənilir".
Mehriban Yariyeva
12:40 03.11.2025
Oxunuş sayı: 1501