Azərbaycanla İran arasında “kalimbar görüşləri”- Fokus nöqtəsi nədir?
Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi Azərbaycan–İran münasibətlərinin dinamik inkişaf etdiyini bir daha təsdiqlədi. Yüksək səviyyəli bu görüş iki ölkə arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun, təhlükəsizlik və regional əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynadı. Görüşün gündəliyində ikitərəfli əlaqələrin dərinləşdirilməsi və bölgədə sabitliyin möhkəmləndirilməsi kimi prioritet məsələlər yer aldı.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Cənubi Qafqazda sülhün bərqərar olunması yalnız Azərbaycan üçün deyil, həm də bölgə dövlətləri, o cümlədən İran üçün mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müharibədən sülhə keçid modelini nümunə kimi təqdim etməsi Azərbaycanın regional proseslərdə təşəbbüskar və məsuliyyətli mövqeyini göstərir. Bu kontekstdə baş tutan görüş Bakı ilə Tehran arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına zəmin yaradan strateji əhəmiyyətli addım kimi qiymətləndirilir.
Məsələ ilə bağlı hərbi jurnalist Heydər Mirzə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu görüşün diqqət çəkməsinin səbəbi, hazırda İran ətrafında gərginliyin mövcud olmasıdır. Ona görə də, belə görüşlər — xüsusilə Azərbaycan tərəfindən həyata keçirilən görüşlər — İranın diqqət mərkəzində olur. Eyni zamanda, Azərbaycan dövlətinin rəsmi səviyyədə bu görüşlərdə iştirakı müəyyən suallar doğurur. Qeyd etmək lazımdır ki, bu görüş əvvəlcədən planlaşdırılmış görüş idi. Belə görüşlər “kalimbar görüşləri” adlandırılır və xüsusi xarakter daşıyır. Bu, həm də Azərbaycanın və İranın mövcud gərginlik fonunda bir-birinə qarşı diqqətli və simvolik addımlar atmasını göstərir. Azərbaycan və İran arasında mövcud olan problemləri nəzərə alsaq, bu görüşlərdə simvolik xarakter daşıyan hərbi təlimlər də keçirilib. Təlimlər bəzən rəsmi xarakterli olsa da, əsas məqsəd iki tərəf arasında gərginliyin aradan qaldırılması və xoş niyyətin nümayiş etdirilməsidir".
O, həmçinin indiki mərhələdə əsas diqqətin hərbi əməkdaşlıq perspektivindən çox, İran ətrafında baş verəcək proseslər üzərində cəmləndiyini qeyd edib: "Azərbaycan dövlət başçısı və digər rəsmi qurumlar dəfələrlə vurğulayırlar ki, Azərbaycan ərazisindən İran üçün heç bir təhlükə yaranmayacaq və buradan hər hansı təxribat baş verməyəcək. Düşünürəm ki, dövlət başçımızın Müdafiə Nazirliyi ilə görüşü də bu məsələlərin bir daha vurğulanması baxımından böyük əhəmiyyət kəsb edir".
Elmir Heydərli
11:35 09.02.2026
Oxunuş sayı: 425