Azərbaycan ABŞ və İran arasında vasitəçi ola bilərmi?
Yaxın Şərq regionunda gərginliyin artdığı, ABŞ ilə İran arasında münasibətlərin yenidən böhran mərhələsinə daxil olduğu bir vaxtda vasitəçilik təşəbbüsləri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Diplomatik kanalların daraldığı, hərbi ritorikanın gücləndiyi və qarşılıqlı sanksiyaların dərinləşdiyi bu şəraitdə tərəflər arasında etimad körpüsü yarada biləcək neytral və etibarlı aktorlara ehtiyac daha da artır.
Məhz bu kontekstdə Azərbaycanın regional və qlobal siyasətdə balanslaşdırılmış xətti, həm Vaşinqton, həm də Tehranla eyni vaxtda dialoq imkanlarını qoruyub saxlaması onu potensial vasitəçi kimi ön plana çıxarır.
Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri,
multivektor diplomatiya və beynəlxalq platformalarda artan siyasi çəkisi
fonunda Bakı artıq təkcə regional deyil, həm də qlobal proseslərdə konstruktiv
rol oynaya biləcək aktor kimi dəyərləndirilir.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlama verərək, bildirib ki, məsələ Azərbaycan üçün son dərəcə önəmlidir:

“Heç bir ölkə müharibə istəmir və regionda hər
hansı xoşagəlməz hadisələrin baş verməsi hamı üçün ciddi narahatlıq doğurur. Xüsusilə,
nəzərə almaq lazımdır ki, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Bu
amil Azərbaycan üçün həm humanitar, həm də strateji baxımdan mühüm əhəmiyyət
daşıyır. Belə bir vəziyyətdə bölgədə baş verə biləcək hərbi qarşıdurma yalnız
regional sabitliyə deyil, eyni zamanda milyonlarla soydaşımızın təhlükəsizliyinə
də ciddi təhdid yarada bilər.
Məhz buna görə də, əgər tərəflər
– İran və ABŞ rəhbərliyi – vasitəçilik təşəbbüsünü qəbul edərsə, bu addım Azərbaycanın
beynəlxalq nüfuzuna və regional sülh proseslərində rolunun güclənməsinə mühüm
töhfə verə bilər".
Elmir Heydərli
12:23 09.02.2026
Oxunuş sayı: 447