Azərbaycan hərbi-siyasi bloklardan niyə uzaq durur?
Müasir beynəlxalq münasibətlər
sistemində təhlükəsizlik məsələləri və hərbi-siyasi ittifaqların rolu əvvəlki
dövrlərlə müqayisədə daha mürəkkəb xarakter daşıyır. Qlobal güclər arasında
artan rəqabət, regional münaqişələrin davam etməsi, mövcud təhlükəsizlik
mexanizmlərinin effektivliyi ilə bağlı yaranan suallar bir çox dövlətləri daha
müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməyə sövq edir.
Bu baxımdan Azərbaycanın hərbi
bloklara qoşulmamaq və müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər
qurmaq siyasəti ölkənin milli maraqlarına əsaslanan strateji seçim kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a
açıqlama verərək, bildirib ki, Azərbaycanın hazırda hansısa hərbi-siyasi bloka
qoşulması perspektivi mövcud deyil:
“Bunun əsas səbəblərindən biri beynəlxalq müstəvidə parlaq və alternativsiz hərbi blokun mövcudluğu barədə danışmağın çətin olmasıdır. Uzun illər dünyada əsas təhlükəsizlik platforması kimi qəbul olunan NATO daxilində belə bu gün ciddi fikir ayrılıqlarının mövcudluğu müşahidə olunur, təşkilatın gələcək effektivliyi ilə bağlı müəyyən suallar yaranır. Xüsusilə, NATO-nun kollektiv müdafiə prinsipini ehtiva edən 5-ci maddəsinin praktikada nə dərəcədə işlək olduğu da müzakirə mövzusuna çevrilib. Bu maddəyə əsasən, təşkilata üzv ölkələrdən birinə edilən hərbi müdaxilə bütün üzv dövlətlərə qarşı edilmiş müdaxilə kimi qiymətləndirilməlidir. Lakin mövcud geosiyasi şəraitdə bu mexanizmin real böhran vəziyyətində nə qədər operativ və vahid şəkildə işləyəcəyi barədə suallar səsləndirilir".

Politoloq əlavə edib ki, belə bir şəraitdə Azərbaycanın çevik qərar qəbuletmə imkanları məhdud olan və təhlükəsizlik zəmanətləri mübahisə doğuran hərbi bloka qoşulması məqsədəuyğun hesab edilmir:
"Digər tərəfdən,
alternativ kimi göstərilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da real
təsir imkanları baxımından daha çox formal qurum kimi qiymətləndirilir. Təşkilat
daxilində əsas qərarların Rusiyanın siyasi iradəsindən asılı olması Azərbaycanın
suveren qərarvermə imkanlarını da məhdudlaşdıra bilərdi. Bu baxımdan Azərbaycanın
qoşulmama siyasətini davam etdirməsi məntiqli və balanslaşdırılmış yanaşma kimi
qiymətləndirilir. Azərbaycan hər hansı bir güc mərkəzi ilə münasibətlərini digər
dövlətlərlə əlaqələrdən asılı vəziyyətə salmır və müxtəlif qlobal aktorlarla
paralel şəkildə strateji tərəfdaşlıq münasibətləri qurur. Çin, ABŞ və Rusiya
kimi fərqli siyasi mövqelərə malik dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişaf
etdirilməsi bu siyasətin praktik nəticəsi kimi göstərilə bilər”.
N.Miri qeyd edib ki, Azərbaycanın suveren dövlət kimi milli maraqlar əsasında siyasət yürütməsi ən məqbul variant hesab olunur:
“Hər hansı bir hərbi-siyasi güc mərkəzinə
üstünlük verilməməsi digər tərəflərin Azərbaycana qarşı mövqe tutmasının
qarşısını alır və ölkənin təhlükəsizlik mühitini daha sabit saxlayır. Nəticə
etibarilə, qoşulmama siyasətinin davam etdirilməsi Azərbaycanın təhlükəsizlik
konsepsiyasına və xarici siyasət kursuna uyğun yanaşma kimi qiymətləndirilir.
Müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlərin qorunması həm siyasi müstəqilliyin
saxlanmasına, həm də ölkənin regional sabitliyinin təmin olunmasına xidmət
edir".
Ayhan
11:25 09.02.2026
Oxunuş sayı: 490