“Müəllimə hörmət qalmayıb” kimi ümumiləşdirilmiş fikirlər səslənir, lakin... - PSİXOLOQ
Bir neçə gün əvvəl "İdrak" liseyində baş vermiş hadisə cəmiyyətdə ciddi narahatlıq doğurmuş, təhsil mühitində psixoloji təhlükəsizlik və sağlam ünsiyyət məsələlərini bir daha gündəmə gətirmişdir. Şagirdlərin emosional durumu, məktəb mühitində qarşılaşdıqları təzyiqlər və stress faktorları bu kimi halların yaranmasında mühüm rol oynaya bilər. Belə situasiyalar təkcə bir fərdi deyil, bütövlükdə təhsil icmasını düşündürən sosial-psixoloji problem kimi qiymətləndirilməlidir.
Hadisəyə obyektiv və peşəkar yanaşma məqsədilə mütəxəssis psixoloqun rəyinə müraciət edilməsi zəruri hesab olunur.

Baş verən hadisə barədə Crossmedia.az-a danışan klinik psixoloq Minarə Səbzəliyeva söyləyib k, bu məsələyə yalnız aqressiya və ya müəllimə qarşı silah qaldırılması kimi yanaşmaq düzgün olmaz: "Bu, eyni zamanda, müasir cəmiyyətin dəyərlər sistemində baş verən dəyişikliklərin və yeniyetmələrin psixoloji portretində yaranan fərqliliklərin, yəni dərin sosial-psixoloji proseslərin göstəricisidir. Burada artıq “qarşımdakı insanın həyatı mənim emosiyamdan daha dəyərlidir” prinsipi zəifləyə bilər və bu da təhlükəli nəticələrə yol aça bilər.
Bəzən cəmiyyətdə “müəllimə hörmət qalmayıb” kimi ümumiləşdirilmiş fikirlər səslənir. Lakin bu, səthi yanaşmadır və hər kəsə şamil edilə bilməz. Sosial mediada yayılan ayrı-ayrı fikirlər əsasında bütöv bir nəsli qiymətləndirmək doğru deyil. Bu səbəbdən diqqəti bu cür stereotiplərə deyil, problemin daha dərin səbəblərinə yönəltməliyik.
Əgər qorxu və ya güc üzərində qurulubsa, yeniyetmə öz gücünü itirdiyini hiss etdikdə onu daha böyük güclə əvəz etməyə çalışa bilər. Bu, onun özünü eşidilməyən, təsirsiz hiss etməsi ilə bağlı ola bilər. Belə vəziyyətdə, təəssüf ki, bəzi gənclər daha sərt və təhlükəli davranışlara əl ata bilirlər. Lakin hər hansı klinik və ya psixiatrik dəyərləndirmə aparılmadan, tərəflər dinlənilmədən konkret nəticələr çıxarmaq qeyri-peşəkarlıq olardı.
Burada müşahidə etdiyimiz əsas məqam ondan ibarətdir ki, yeniyetmənin gələcək nəticələr barədə düşünmə, məsuliyyət və empatiya mexanizmləri zəifləyib. O, problemi güc yolu ilə həll etməyi “çıxış yolu” kimi öyrənib. Beyin artıq zorakılığı problem həll etmə vasitəsi kimi qavrayır və bu, cəmiyyət üçün son dərəcə təhlükəli mesajdır".
Psixoloq, həmçinin bir davranışın affekt vəziyyətində, yəni ani emosional partlayış nəticəsində baş verməsi ilə onun əvvəlcədən planlaşdırılması arasında ciddi fərqin olduğunu qeyd edib: "Əgər şəxs hadisəni öncədən düşünüb, silahı məktəbə gətiribsə və onu istifadə etməyə hazır olubsa, bu, artıq planlı və təhlükəli davranış modelindən xəbər verir. Belə davranışlar çox zaman ailədə, sosial mühitdə və ya mediada görülən nümunələrin nəticəsi ola bilər. Burada kollektiv məsuliyyət hissinin zəiflədiyi, “bunu etsəm, kim olacağam” sualının kifayət qədər işləmədiyi görünür. Bu isə planlaşdırılmış zorakı davranışın formalaşmasına zəmin yaradır. Nəticə olaraq, bu hadisə bizə acı bir mesaj verir: dəyərlər təkcə sözlə deyil, davranışla yaşadılmalıdır. Empatiya sadəcə dərs mövzusu yox, gündəlik həyat tərzi olmalıdır. Məsuliyyət və cəza anlayışları isə bir-biri ilə qarışdırılmamalıdır. Yalnız bu halda gələcəkdə bu cür təhlükəli reaksiyaların qarşısını almaq mümkün ola bilər. Ümid edirəm ki, bu hadisədən cəmiyyət olaraq düzgün nəticələr çıxara biləcəyik. Ümumilikdə isə bütün uşaqlara bir gözdən və prizmadan yanaşılmalıdır. Onun formalaşması isə valideynlərdən aslıdır ki, bu onu ya yaxşı ya da pis yöndən formalaşdıracaq".
Elmir Heydərli
10:46 09.02.2026
Oxunuş sayı: 570