VALİDEYİNLƏR TƏŞVİŞDƏ: Müəllim güllələnir, məktəbə silah gətirilir - kimdir müqəssir?
Son illərdə Azərbaycanda uşaqlar arasında zorakılıq və cinayət halları getdikcə artıb. Yeniyetmələr bir-birlərinə qarşı aqressiv davranır, bəzən hətta həyat üçün real təhlükə yaradan vəziyyətlərə yol açırlar. Uşaqların davranışlarına təsir edən amillər çoxdur: ətrafdan gördükləri nümunələr, sosial mühit, rəqəmsal aləmdə öyrəndikləri davranışlar və fərdi seçimləri...
Bütün bu hallar artıq ciddi xəbərdarlıq siqnalı verir. Bakı İdrak Liseyində şagirdin öz müəlliminə odlu silahdan atəş açması isə bu siqnalı daha da gücləndirdi. Bu, təkcə bir məktəbdə baş verən hadisə deyil, eyni zamanda son illərdə artan zorakılığın, uşaqların aqressivləşməsinin və hətta bir-birlərini öldürmək həddinə çatmasının dramatik nəticəsidir.
Bəs bu gedişatın axırı hara aparır? Bir şagirdin müəllimini güllələməsi, digər hallarla birlikdə, cəmiyyət üçün nə qədər böyük bir problemə çevrilə biləcəyini göstərir. Bu hadisələr göstərir ki, aqressiyanın və zorakılığın bu qədər sərhədsiz olması yalnız uşaq fərdi seçimləri ilə bağlı deyil, həm də ətraf mühit, sosial nümunələr və erkən müdaxilə imkanlarının yetərsizliyini ortaya qoyur. Məsələ ilə bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
BDU-nun professoru Elza Mollayevanın sözlərinə görə, Bakı İdrak Liseyində şagirdin öz müəlliminə odlu silahdan atəş açması “cəmiyyət üçün son xəbərdarlıq“ siqnalı kimi qəbul edilməlidir: "Bu hadisədən əvvəl də bəzi məktəblərimizdə baş vermiş bıçaqlanma, döyülmə halları artıq cəmiyyətdə ciddi narahatlıq yaradır. Müəllimə, öz həmyaşıdlarına qarşı uşaqlarda bu qədər qəddarlığın səbəbi nədir? İndi bu hadisələrdə günahkar kimdir? Bu sualların cavabını düzgün vermək üçün hadisəyə bütün rakurslardan qiymət vermək lazımdır və günahı yalnız bir tərəfin (ailənin, ya da məktəbin) üzərinə yükləmək düzgün olmazdı. Hər tərəfin öz məsuliyyət payı var. Əvvəlla, uşağın ilk tərbiyə məktəbi onun ailəsidir və oradakı tərbiyə sistemi, ailədaxili münasibətlərin xarakteri uşaq şəxsiyyətinin formalaşmasında ilkin baza rolunu oynayır. Valideyinlər öz uşaqları ilə necə rəftar edirlər, onların yanında bir-birləri ilə necə danışırlar? Son illərdə ailələrin iqtisadi-sosial çətinlikləri ailənin mənəvi dünyasına öz ciddi təsirini göstərir. Başı yalnız ailənin iqtisadi təminatına qarışmış ata və ana, onun tərbiyəsindəki pozulmaları vaxtında görə bilmir. Yaxud, uşaqların tərbiyəsində pedaqoji prinsipləri onların “toxunulmaz”lığına dəyişən valideyinlər, unudurlar ki, müəllimin cəzası olmadan (biz burada fiziki cəzanı nəzərdə tutmuruq) yaxşı insan formalaşdırmaq mümükün deyil. “Cəzasızlıq yeni cinayətlərə yol açır”-bu aforizm onu təsdiq edir ki, müəllim tərəfindən qoyulmuş ciddi intizam qaydalarına sosial vəziyyətindən asılı olmayaraq, bütün uşaqlar tabe olmalıdır. Valideyinlər tərbiyə ilə bağlı öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk etməlidirlər, onu məktəbin üzərinə yükləmək düzgün deyil".

E.Mollayeva son vaxtlarda uşaqlarda getdikcə artan qəddarlığın yaranmasına hansı amillərin təsir etdiyini bildirib: "Təəssüf ki, valideyinlərin bir çoxu uşaqlarının kompüterdə hansı oyunları oynamasına, kimlərlə dostluq etməsinə, asudə vaxtını necə keçirməsinə nəzarət edə bilmirlər.Baş vermiş hadisədə məktəbin məsuliyyəti kölgədə qalmamalıdır. Məktəblinin bu cinayətində məktəbin inzibati sisteminin, sinif rəhbərinin, tərbiyə işləri üzrə müavinlərin, psixoloqun fəaliyyətinə pedaqoji baxımdan qiymət vermək lazımdır. Suallar çoxdur və onlara biz illərdir ki, cavab axtarırıq. Bu cavabın tam olması üçün bu gün ailə-məktəb-cəmiyyət tandemi birlikdə, bütün gücünü belə problemlərin qarşısını almağa yönəltməlidir. İndi etməsək, sabah çox gec olacaq, çünki bu gün tərbiyəsinə cəmiyyət olaraq biganə qaldığımız hər uşaq, gələcəyin potensial cinayətkarı ola bilər. Liseydə baş vermiş bu hadisədə müəllimin şagird tərəfindən güllələnməsi müəllim nüfuzuna ciddi xələl gətirir, onun müqəddəsliyinə kölgə salır. Bu gün cəmiyyət müəllim nüfuzunu qaldırmalıdır və yaxşı müəllimlərimiz, məktəblərimiz haqqında, məktəblərimizdə, təhsilimizdə olan problemlərlə bağlı televiziya verilişlərinin sayı artırılmalıdır".
Professor, həmçinin, bu hadisələrin qarşısını almaq üçün atılmalı olan addımları deyib: "Valideyinlər öz uşaqları ilə daha çox vaxt keçirməli, onlarla dost olmalıdır, onların yaxın ətrafını, dostlarını yaxından tanımalıdır. Uşağın öz asudə vaxtını səmərəli keçirtməsi üçün düzgün rəhbərlik və nəzarət etməlidir. Bir çox hallarda, uşaqlar aqressiya, qəddarlıq təlqin edən oyunlara daha çox meyl edirlər. Məktəb valideyinlərlə pedaqoji istiqamətdə maarifləndirmə işini gücləndirməlidir. Valideynlərin heç də hamısı pedaqoji biliklərə, uşaqların yaş dövrlərinin spesifik xüsusiyyətləri haqqında məlumatlara malik deyillər. Valideyin lektoriyaları mütəmadi keçirilməlidir. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün müəllim hazırlığında akademik səviyyə ilə bərabər, müəllimin pedaqoji qabiliyyətlərinin dərindən mənimsənilməsi də ali məktəblərin prioritet vəzifələri olmalıdır".
Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov təəssüflə qeyd edib ki, cəmiyyətimizdə yeniyetmələr arasında cinayət və zorakılıq hallarına çox rast gəlinir: "Əvvəllər biz belə hallara daha çox XIX əsrin sonu, XX əsrin sonu və XXI əsrin ilk illərində rast gəlirdik. Yəni, bu cür hadisələr əvvəllər daha çox Qərb ölkələrində, məsələn, ABŞ və Fransada müşahidə olunurdu. Qeyd edim ki, həmin ölkələrdə bu halların baş verməsi hələ də davam edir, amma bizim cəmiyyətdə belə aqressiv davranışlar müşahidə olunmurdu. Belə hallara səbəb olan dəyərlər cəmiyyətdə o qədər də yayılmış deyildi. Təəssüf ki, son zamanlar vəziyyət dəyişib və cəmiyyətdə bu cür davranışlar artıb. Bu hallar müxtəlif səbəblərlə izah olunur".

Sosioloqun fikrincə, bu vəziyyətin yaranmasında internet asılılıq böyük rol oynayır: "Uşaqların aqressiv oyunlar oynaması, aqressiv filmlərə baxması və bu davranışların tərbiyəedici olmaması onların psixologiyasına təsir göstərir. Uşaqların fərdi yaradıcılığı və intelektual xüsusiyyətləri formalaşır, lakin onlayn qəhrəmanların təsiri onların davranış izlərini buraxır. Aqressiv oyunlara aludə olan uşaqlar daha çox səs-küylü yerləri sevir, bayağı musiqiyə üstünlük verirlər, səligəsiz görünür və özlərini digərlərindən ayırırlar. Bütün bunlar onların ictimai normalara uyğun olmayan psixoloji vəziyyətə düşməsinə səbəb olur. Məktəblərdə baş verən hadisələr uşaqların psixoloji təsirlənməsinin göstəricisidir.
Valideyn nəzarətinin zəifləməsi də əsas amillərdəndir. Sosial nəzarət əsasən valideyn tərəfindən formalaşır, lakin bu gün rəqəmsal texnologiyalar uşaqlar üzərində əvəzsiz təsir göstərir. Bəzi gənc müəllimlərimiz çox savadlı və yüksək bilik səviyyəsinə malikdirlər, amma uşaqlarla ünsiyyət və psixoloji yanaşma daha çox təcrübə tələb edir. Buna görə də müəllimlərin işə qəbulunda əvvəlcə müqavilə əsasında bir-iki il məktəbdə işləmələri və təcrübə qazanmaları tövsiyə olunur. Müəllimlər həm şagird psixologiyasını öyrənməli, həm də məktəbdə digər müəllimlərin işinə uyğunlaşmalıdırlar".
Psixoloq Aysu Həsənova isə məsələni psixoloji tərəfdən izah edib: "Son zamanlar məktəblərdə və yeniyetmələr arasında müşahidə olunan zorakılıq halları tək-tək hadisələr kimi yox, daha geniş psixoloji və sosial proseslərin nəticəsi kimi dəyərləndirilməlidir. Bu cür davranışlar adətən bir səbəbdən yox, bir neçə faktorun eyni anda üst-üstə düşməsi ilə ortaya çıxır. Burada nə “pis uşaq”, nə “səhv müəllim”, nə də “laqeyd valideyn” kimi sadə izahlar yetərlidir.Uşaq və yeniyetməlik dövrü emosional baxımdan həssas mərhələdir. Bu yaşlarda insanın hiss etdiyi stress, qəzəb və məyusluq böyüklərlə eyni səviyyədə tənzimlənmir. Yeniyetmə çox şey hiss edir, amma hər hissi sözlə ifadə etməyi bacarmır. Əgər uşaq uzun müddət daxili gərginlik yaşayırsa və bunu sağlam şəkildə boşalda bilmirsə, bu gərginlik davranışa çevrilə bilər. Bu davranış bəzən aqressiya, bəzən zorakılıq, bəzən də riskli hərəkətlər formasında üzə çıxır.Psixoloji baxımdan zorakılıq çox vaxt nəzarət itkisi ilə bağlıdır. Uşaq öz həyatında, münasibətlərində və ya məktəb mühitində özünü sıxışmış, gücsüz və çıxış yolu olmayan vəziyyətdə hiss edirsə, bir anda emosional partlayış yaşaya bilər. Bu, zorakılığı haqlı çıxarmır, amma onun necə yarandığını anlamağa kömək edir. Vacib məqam odur ki, bu nöqtəyə gəlinənə qədər adətən xəbərdaredici əlamətlər olur.Məktəb mühiti bu prosesdə mühüm rol oynayır. Məktəb təkcə dərs keçilən yer deyil, uşağın gündəlik stressinin, uğur qorxusunun, sosial münasibətlərinin formalaşdığı məkandır. Akademik təzyiqin yüksək olduğu, emosional dəstəyin zəif qaldığı mühitlərdə risk artır. Burada müəllimin rolu çox həssasdır. Müəllim zorakılığın səbəbi kimi göstərilə bilməz, amma məktəbdə emosional iqlim sistemli şəkildə düzgün qurulmayıbsa, bu, uşaqlar üzərində əlavə yük yaradır.Ailə faktoru da gözardı edilə bilməz. Uşaq evdə daimi gərginlik, sərt nəzarət, yüksək gözlənti və ya emosional laqeydliklə böyüyürsə, bu onun daxili balansına təsir edir. Valideynlər çox vaxt uşağın davranışına fokuslanır, amma onun hansı emosional vəziyyətdə olduğunu görməyə vaxt tapmır. Bu isə uşağın öz hisslərini təkbaşına daşımasına səbəb olur. Bundan əlavə, müasir dövrdə sosial mühit və rəqəmsal təsirlər də bu prosesi gücləndirir. Şiddətin normallaşdırıldığı görüntülər, aqressiyanın güc kimi təqdim edilməsi, empatiyanın zəifləməsi uşaqların davranış sərhədlərini qarışdırır. Yeniyetmə real həyatda yaşadığı gərginliyi bu modellərlə birləşdirəndə risk daha da artır".

Psixoloqun fikrincə, bu cür halların qarşısını almaq üçün əsas yanaşma hadisədən sonra günahkar axtarmaq yox, hadisədən əvvəl riskləri azaltmaq olmalıdır: "Məktəblərdə psixoloji müşahidə və erkən müdaxilə mexanizmləri real şəkildə işləməlidir. Müəllimlər təkcə intizam yox, davranış dəyişikliklərini tanımaq baxımından da dəstəklənməlidir. Valideynlər uşağın yalnız nəticələrinə deyil, gündəlik emosional vəziyyətinə də diqqət yetirməlidir. Uşaqlar isə emosiyalarını zorakılıqla yox, sözlə ifadə etməyi və yardım istəməyi öyrənməlidir.Ən vacib məqam budur: zorakılıq heç bir halda normallaşdırıla və ya əsaslandırıla bilməz. Psixoloji izah vermək kimisə haqlı çıxarmaq deyil, gələcəkdə eyni hadisələrin təkrarlanmaması üçün səbəbləri vaxtında görməkdir. Bu mövzuya məhz bu cür sakit, obyektiv və məsuliyyətli yanaşmaq cəmiyyət üçün daha faydalıdır".
Fatimə Məmmədova
14:04 07.02.2026
Oxunuş sayı: 3366