Ermənistan–Azərbaycan arasında silahlı münaqişə ehtimalı sıfırdır - KİV
Ermənistanın Azərbaycanla silahlı münaqişəyə girmə ehtimalı hazırda sıfıra bərabərdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O qeyd edib ki, iki il əvvəl cəmiyyətdə əsas müzakirə mövzusu istənilən an müharibənin başlaya biləcəyi ilə bağlı idi. Onun sözlərinə görə, hazırda isə ictimai müzakirələr daha çox iqtisadi məsələlər, o cümlədən məhsulların satışı və qiymətlərin dəyişməsi ətrafında gedir.
“İki il əvvəl hamı müharibənin olub-olmayacağından danışırdı. İndi isə əsas suallar hansı məhsulun niyə satılmadığı və ya benzinin qiymətinin artıb-artmadığı ilə bağlıdır. Məncə, bu artıq çox müsbət göstəricidir”, – Papoyan bildirib.
O vurğulayıb ki, hazırda müharibə ehtimalı yoxdur və gündəmdə sülh mövzusu dayanır. Nazir bunu mühüm nailiyyət kimi qiymətləndirib.
Papoyanın sözlərinə görə, sülh prosesinin nəticələri Ermənistanın qəbul etdiyi müxtəlif qərarlarda, o cümlədən qanunvericilik sahəsində özünü göstərir. “Bir il əvvəl heç kim, o cümlədən siz belə, Ermənistan və Azərbaycanın ticarət əlaqələri quracağını təsəvvür etmirdi”, – deyə nazir əlavə edib.
Fatimə Məmmədova
16:48 06.02.2026
Oxunuş sayı: 396