Qlobal sülh quruculuğunda güclü Liderlik nümunəsi
2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi nüfuzlu beynəlxalq tədbir olmaqla yanaşı müasir dünya siyasətində sülh, dialoq və qarşılıqlı etimad ideyalarının parlaq təcəssümü kimi tarixə düşdü. Bu mötəbər mükafata Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin layiq görülməsi Azərbaycanın son illərdə keçdiyi mürəkkəb, lakin şərəfli yolun, regional və qlobal sülhə verdiyi töhfələrin, eləcə də dövlət başçısının prinsipial, ardıcıl və humanist siyasi xəttinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin mərasimdəki çıxışı isə məzmununa, siyasi-fəlsəfi dərinliyinə və gələcəyə yönəlik mesajları əslində sülhün, qarşılıqlı etimadın və birgə hörmətin qlobal görünüşü kimi dəyərləndirilməlidir.
Dövlət
başçısının çıxışının ilk cümlələrindən etibarən səsləndirdiyi səmimi minnətdarlıq
ifadələri mərasimin ruhuna tam uyğun idi. Prezident İlham Əliyev bu nüfuzlu
mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirərək, onun Birləşmiş Ərəb
Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın adını
daşımasının xüsusi mənəvi çəkisi olduğunu vurğuladı. Şeyx Zayedin uzaqgörən
lider kimi BƏƏ-ni qısa müddət ərzində sabitlik, rifah və inkişaf modeli səviyyəsinə
yüksəltməsi təkcə ərəb dünyasında deyil, qlobal miqyasda da qəbul olunan bir həqiqətdir.
Prezident İlham Əliyevin bu kontekstdə Şeyx Zayedin siyasi irsinə verdiyi yüksək
qiymət, eyni zamanda, liderliyin əsas meyarlarının güc deyil, müdriklik,
xalqına sevgi və gələcəyi görmə bacarığı olduğunu bir daha xatırlatdı.
Çıxışda
Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın atasının
müəyyən etdiyi inkişaf, tərəqqi və davamlı müasirləşmə xəttini uğurla davam
etdirdiyini xüsusi qeyd etdi. Bu vurğunun özü təsadüfi deyildi. Çünki Birləşmiş
Ərəb Əmirlikləri bu gün milli kimliyinə və tarixi köklərinə sadiq qalmaqla
yanaşı, eyni zamanda, müasir dünyanın çağırışlarına cavab verən, multikultural,
tolerant və sülhpərvər bir cəmiyyət modeli formalaşdırmışdır. Prezident İlham
Əliyevin BƏƏ-ni bir çox ölkələr üçün nümunə kimi təqdim etməsi, əslində, dövlət
quruculuğunda ənənə ilə modernliyin sintezinin mümkünlüyünü göstərən real təcrübəyə
istinad idi.
Nitqin mühüm məqamlarından
biri dinlərarası dialoq və sivilizasiyalararası yaxınlaşma məsələlərinə həsr
olundu. Prezident İlham Əliyev Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibin
və Roma Papası Zati-müqəddəsləri Leonun bu sahədə göstərdikləri səyləri xüsusi
minnətdarlıqla qeyd etdi. Bu təşəkkür, eyni zamanda, Azərbaycanın özünün də
uzun illərdir dinlərarası və mədəniyyətlərarası dialoqun fəal tərəfdarı
olduğunu xatırladan mühüm mesaj idi. Azərbaycan tarixən müxtəlif dinlərin və
etnik qrupların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bir məkan olmuş,
bu model bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil
etmişdir. Prezident İlham Əliyevin çıxışında bu mövzunun yer alması “Zayed
İnsan Qardaşlığı Mükafatı”nın mahiyyəti ilə Azərbaycanın ideoloji xəttinin
üst-üstə düşdüyünü aydın şəkildə göstərdi.
Çıxışda Azərbaycan
ilə Ermənistan arasında sülh prosesinə toxunulub. Prezident İlham Əliyev mərasimə
müraciət edən dünya liderlərinin bu sülhün əhəmiyyətini xüsusi vurğulamasını
yüksək qiymətləndirərək bildirdi ki, söhbət təkcə iki ölkə arasında münasibətlərin
normallaşmasından deyil, daha geniş region üçün sabitlik və təhlükəsizlik
perspektivlərindən gedir. Dövlət başçısı 30 ildən artıq davam edən müharibə vəziyyətinin
Azərbaycan xalqına yaşatdığı ağrıları xatırlatmaqla yanaşı, artıq altı aydır
ki, əldə olunan sülh şəraitinin mahiyyətini dərin fəlsəfi çalarlarla izah etdi.
“Biz sülh şəraitində yaşamağı öyrənirik” fikri müharibənin kölgəsində böyümüş
bir cəmiyyətin psixoloji transformasiyasını ifadə edən çox güclü bir tezis idi.
Prezident İlham
Əliyevin səmimi etirafı – Azərbaycanın müstəqillik əldə etdikdən bəri heç vaxt
real sülh şəraitində yaşamaması – bu tarixi anın əhəmiyyətini daha da artırdı.
Bu fikir eyni zamanda onun öyrənilməsi, qorunması və möhkəmləndirilməsi zərurətini
vurğulayan mühüm siyasi mesaj idi. Dövlət başçısının sözlərindən aydın olurdu
ki, sülh Azərbaycan üçün passiv gözlənti deyil, fəal və şüurlu şəkildə qurulan
bir prosesdir.
Çıxışda xüsusi
yer tutan məqamlardan biri 2025-ci ilin
8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi
etdiyi tarixi Zirvə Görüşü oldu. Prezident İlham Əliyev həmin görüşdən sonrakı
altı ayı tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş
dövrü kimi xarakterizə etdi. Bu qiymətləndirmə təsadüfi deyildi, çünki məhz
2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Zirvə Görüşü nəticəsində Azərbaycan
və Ermənistan arasında sülh sazişi paraflanmış, Birgə Bəyannamə imzalanmış və
ABŞ Prezidenti bu tarixi sənədi şahid qismində imzalamışdı. Bu fakt beynəlxalq
vasitəçilik tarixində nadir hallarda rast gəlinən, böyük siyasi məsuliyyət və
qlobal dəstək nümunəsi idi.
Prezident İlham
Əliyevin Donald Trampa ünvanladığı minnətdarlıq, eyni zamanda, Azərbaycanın
beynəlxalq tərəfdaşlığa verdiyi önəmin göstəricisi idi. Dövlət başçısı açıq şəkildə
bəyan etdi ki, üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son
qoyulması regional deyil, qlobal sülh gündəliyi baxımından da mühüm hadisədir.
Bu vurğu Azərbaycanın artıq yalnız münaqişədən çıxmış bir ölkə olması ilə
yanaşı sülh quruculuğu təcrübəsi olan bir aktora çevrildiyini göstərirdi.
Çıxışda son
altı ay ərzində Azərbaycan ilə Ermənistan arasında atılan praktiki addımlar
xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev Azərbaycan ərazisindən Ermənistana
yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırıldığını, eyni zamanda,
Ermənistana neft məhsullarının ixracına başlanıldığını qeyd etdi. Bu faktlar sülhün
yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, real iqtisadi və humanitar əməkdaşlıqla
möhkəmləndirildiyini sübut edirdi. Dövlət başçısının “biz əməkdaşlığa
başlamışıq” fikri yeni regional münasibətlər sisteminin formalaşdığını açıq şəkildə
göstərirdi.
Ticarət əlaqələrinin
genişləndirilməsi, qarşılıqlı etimadın bərpası və gündəlik təmasların artması
sülhün dayanıqlılığının əsas şərtləri kimi təqdim olundu. Prezident İlham
Əliyevin Nikol Paşinyan ilə səhər baş tutan görüşü xatırlatması isə dialoqun davamlı
xarakter aldığını, sülh prosesinin institusional əsaslar üzərində inkişaf
etdiyini təsdiqləyirdi. Bu, keçmiş düşmənçilik psixologiyasından əməkdaşlıq
düşüncəsinə keçidin real təzahürü idi.
Mükafatlandırma
mərasiminin Prezident İlham Əliyev tərəfindən “ruhdlandırıcı” kimi dəyərləndirilməsi,
əslində, beynəlxalq ictimaiyyətin bu səyləri tanımasının sülh prosesinə əlavə
motivasiya verdiyini göstərirdi. Dövlət başçısı Azərbaycanın əldə etdiyi təcrübənin
hələ də müharibə vəziyyətində olan ölkələr üçün bir yol xəritəsi kimi istifadə
oluna biləcəyini vurğuladı. Bu konkret tarixi reallığa söykənən, böyük siyasi
iradə və cəsarət tələb edən bir mövqe idi. Uzunmüddətli münaqişələrə, dərin əzablara
və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülhün mümkünlüyü fikri Prezident İlham
Əliyevin çıxışının əsas ideoloji xəttini təşkil edirdi.
Dövlət başçısı
cənab İlham Əliyev sülhün mümkünlüyünü iki əsas şərtlə əlaqələndirdi: güclü
siyasi iradə və beynəlxalq dəstək. Bu yanaşma münaqişələrin həllində real siyasətin,
praqmatik və prinsipial mövqenin həlledici rol oynadığını göstərirdi.
Çıxışın son
hissəsində Əbu-Dabidə keçirilən mərasimin rəmzi mənası xüsusi vurğulandı. Azərbaycan
ilə Ermənistan arasında sonuncu danışıqlar raundunun ötən il məhz burada,
Vaşinqton Sammitindən bir ay əvvəl baş tutması tarixi ardıcıllığın mühüm həlqəsi
kimi təqdim olundu. Prezident İlham Əliyev Şeyx Məhəmmədin dəstəyi ilə sülh
üçün son razılığın Əbu-Dabidə əldə edildiyini, daha sonra isə Vaşinqtonda rəsmiləşdirildiyini
xatırladaraq, bu prosesdə regional və qlobal tərəfdaşlığın rolunu yüksək qiymətləndirdi.
Bu fakt BƏƏ-nin təkcə iqtisadi və siyasi deyil, həm də diplomatik mərkəz kimi
artan nüfuzunu bir daha nümayiş etdirdi.
Sonda Prezident
İlham Əliyev bu nüfuzlu mükafata layiq görülməsinə görə bir daha dərin minnətdarlığını
bildirdi və sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə təşəkkür etdi.
Bu yekun, əslində, çıxışın ümumi ruhunu – təşəkkür, məsuliyyət və gələcəyə inam
fəlsəfəsini tamamlayan məntiqli nəticə idi.
Prezident İlham
Əliyevin Əbu-Dabidəki bu çıxışı Azərbaycan diplomatiyasının yeni mərhələsinin,
sülhə əsaslanan regional siyasətin və insan qardaşlığı ideyasının dövlət səviyyəsində
necə dərin şəkildə mənimsənildiyinin bariz nümunəsi kimi tarixdə qalacaq. Bu
çıxış göstərdi ki, Azərbaycan artıq yalnız öz milli maraqlarını müdafiə edən
deyil, eyni zamanda, qlobal sülh və əməkdaşlıq gündəliyinə töhfə verən, nümunə
göstərən bir dövlətdir. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu yolun beynəlxalq
miqyasda tanınmasının və yüksək qiymətləndirilməsinin simvoluna çevrildi.

Bəxtiyar Nəbiyev
YAP Yasamal
rayon təşkilatının sədri
17:33 06.02.2026
Oxunuş sayı: 692