KİV: Tramp qlobal ədalətə hücum edir
ABŞ prezidenti Donald Trampın administrasiyası BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bir sıra hakim və prokurorlarına qarşı sanksiyalar tətbiq edib. Bu qərar onların maliyyə imkanlarını məhdudlaşdırıb, bank hesablarını dondurub və müharibə cinayətləri ilə ə bağlı aparılan araşdırmalara ciddi zərbə vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Aparılan araşdırmaya görə, bu addımlar Tramp administrasiyasının beynəlxalq hüquq institutlarına qarşı həyata keçirdiyi daha geniş təzyiq siyasətinin tərkib hissəsidir. Belə ki, burada məqsəd ABŞ və İsrailin hərbi əməliyyatları ilə bağlı mümkün hüquqi məsuliyyətin qarşısını almaqdır.
Xatırladaq ki, 2025-ci ildə Françeska Albanese bir sıra böyük Amerika şirkətlərinə “məxfi” qeydli məktublar göndərərək onları İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilindəki hərbi əməliyyatlarına dolayı dəstək verməkdə ittiham edib. Həmin şirkətlər arasında Amazon, Alphabet (Google), Microsoft, IBM, Lockheed Martin, Caterpillar, Chevron və Palantir də yer alıb.
Bu müraciətlər şirkətlər arasında ciddi narahatlıq yaradıb. Məlumata görə, onlardan ən azı ikisi məsələ ilə bağlı Ağ Evə müraciət edib. Bundan qısa müddət sonra ABŞ administrasiyası Albaneseni “təhdidedici yazışmalar” aparmaqda və BCM-ni istintaqa təşviq etməkdə günahlandıraraq ona qarşı sanksiyalar tətbiq edib.
“Bu qərar ədalətsizdir və açıq siyasi təzyiqdir. Mən insan haqları fəaliyyətimə görə cəzalandırılıram”, – Albanese bildirib.
Qeyd edək ki, sanksiyalar nəticəsində onun ABŞ-dəkı əmlakı dondurulub, bank hesabları bağlanıb, digər ölkələrdə maliyyə xidmətlərindən istifadə imkanları isə xeyli məhdudlaşıb. Həmçinin, təhlükəsizlik risklərinin artması səbəbilə BMT onun və ailəsinin mühafizəsini gücləndirib.
Fatimə Məmmədova
16:24 06.02.2026
Oxunuş sayı: 518