Tarixdə iz qoyan xanım – Həmidə Məmmədquluzadənin anım günü
Bu gün, 6 fevral tarixində, Azərbaycan mədəniyyətinin görkəmli xanımlarından biri, maarifçi, xeyriyyəçi və qadın hüquqları müdafiəçisi Həmidə Məmmədquluzadənin xatirəsini dərin hörmətlə yad edirik. Belə ki, Həmizə xanım 1955-ci il fevralın 6-da dünyasını dəyişib. O, yalnız böyük yazıçı və maarifçi Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmaqla kifayətlənməmiş, həm də özünün fərdi şəxsiyyəti, cəsarətli fəaliyyəti və yüksək intellekti ilə Azərbaycan tarixində iz qoymuşdur.
Həmidə xanım Cavanşir, tam adı Həmidə Əhməd bəy qızı Cavanşir, 19 yanvar 1873-cü ildə Qarabağın Şuşa qəzasının Böyük Kəhrizli kəndində dünyaya gəlmişdir. O, zəmanəsinin maarifçi və ziyalı ailəsində böyüyüb. Atası Əhməd bəy Cavanşir, Qarabağ və ümumən Azərbaycan tarixinin tanınmış araşdırıcılarından biri olaraq, “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsəri ilə tanınmış, həmçinin şeirlər və tərcümələr yazaraq 1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində kitab şəklində çap etdirmişdir.
Həmidə xanım uşaqlıqdan geniş dünyagörüşə malik idi, kənd məktəbində təhsil almış və rus dilini səlis öyrənmişdi. O dövrün kənd qızları üçün bu, nadir bir qabiliyyət idi və Həmidə xanımın intellekti, maarifçilik və humanist düşüncəsi onun fərqliliyini göstərirdi.
Xeyriyyəçilik və ictimai fəaliyyət
Həmidə xanım yalnız həyat yoldaşına deyil, həm də ziyalı və ictimaiyyətə yardım göstərən bir xeyriyyəçi idi. O, Mirzə Ələkbər Sabir kimi böyük ədiblərin müalicə və rifahına dəstək olmuşdur. Sabir bir məktubunda yazırdı:
"Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Mənim üçün hər cür şərait yaradılıb, öz evlərində mənzil verdilər. Mənim minnətdarlığımı ifadə etməyə söz tapmıram".
Üzeyir bəy Hacıbəyli də Həmidə xanımın xeyriyyəçiliyini xüsusi vurğulamış, onun Sabirə göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Həmidə xanım həmçinin cəmiyyətin kasıb və ehtiyacı olan təbəqələrinə yardım göstərməkdən heç vaxt çəkinməmişdir.
Maarifçilik fəaliyyəti
1912-ci ildən Həmidə xanım Kəhrizlidə öz vəsaiti ilə məktəb açmış və burada müəllim kimi fəaliyyət göstərmişdir. Onun məqsədi kənd gənclərinə təhsil vermək, xüsusilə qız uşaqlarının təhsil almasına şərait yaratmaq olmuşdur.
Mirzə Cəlil Məmmədquluzadənin vəfatından sonra da Həmidə xanım Azərbaycan ədəbi və ictimai həyatında fəal olmuş, Yazıçılar İttifaqının üzvü seçilmiş və həyat yoldaşının əsərlərini tərcümə edərək gələcək nəsillər üçün dəyərli mənbə yaratmışdır. O, həmçinin öz xatirələrini ustalıqla yazmış, Mirzə Cəlilin həyat və yaradıcılığına dair qiymətli sənədlər toplamışdır.
Vəfatı və xatirəsi
Həmidə xanım 6 fevral 1955-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda həyat yoldaşı Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur. Onun xatirəsi Azərbaycan mədəniyyəti və maarifçilik tarixində daim yaşayır. 2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir və burada 210 eksponat sərgilənir. Bu muzey onun həyat və fəaliyyətini, həmçinin Azərbaycan qadınının maarifçilik və xeyriyyəçilik tarixindəki rolunu nümayiş etdirir.
Həmidə xanım həm zərif, həm də qüvvətli bir qadın olaraq Azərbaycan tarixində xüsusi yer tutur. Onun həyatı göstərir ki, qadınlar yalnız evin və ailənin dayağı deyil, eyni zamanda cəmiyyətin inkişafına, təhsilin və mədəniyyətin yayılmasına önəmli töhfə verə bilərlər.
Crossmedia.az Həmidə Məmmədquluzadənin hekayəsini təqdim edir:
Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnib ölərlər. Amma buna maddi imkan çatmırdı. Ona görə də, həyəcanlanır, əsəb keçirirdi. Gedib kömək istəməyə də razı deyildi. Düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz heç odun da ala bilmirdik. Bir dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən: “Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq” – dedi. Öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı.
Mən narahat oldum, soruşdum ki, nə etmək istəyirsən? Dedi sobanı qalamaq istəyirəm. Xahiş etdim ki, əlyazmalarını yandırmasın, gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə hamısını yandırmışıq. Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələri qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb: “Soba istidir”- dedi. O, məmnun idi və arxayın yıxılıb yatdı”.
Fatimə Məmmədova
12:30 06.02.2026
Oxunuş sayı: 643