YAP Yasamal rayon təşkilatında “Gələcəyin gənci” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və FA Art Studionun birgə təşkilatıçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə “Gələcəyin gənci” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib.
YAP Yasamal rayon təşkilatında baş tutan fərdi yaradıcılıq sərgisində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, FA Art tədris mərkəzinin rəhbəri Fatma Əliyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və gənc rəssamlar iştirak edib.
Rəsm sərgisində çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür layihələr dövlətin gənclər siyasətinin real təzahürlərindən biridir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi hərtərəfli inkişaf üçün geniş imkanlar qazanıb. Sərgidə nümayiş olunan əsərlərin gənclərin gələcəyə baxışını aydın şəkildə əks etdirdiyi qeyd olunub. Bildirilib ki, bu yaradıcılıq nümunələrində innovativ yanaşma ilə milli dəyərlərin vəhdəti hiss olunur. Gənclərin istedadının üzə çıxarılması və təşviqi prioritet məsələ kimi dəyərləndirilib. Beynəlxalq Qalereya və FA Art Studio ilə əməkdaşlıq uğurlu nümunə kimi qiymətləndirilib. Sərginin gənclərdə özünəinam hissini gücləndirdiyi xüsusi vurğulanıb. Qeyd edilib ki, bu gün ilk addımlarını atan gənclər gələcəkdə ölkəni beynəlxalq səviyyədə layiqincə təmsil edəcəklər. Çıxışının sonunda Bəxtiyar Nəbiyev 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Sonra 50 rəssamın sənət əsərinə baxış keçirilib. Sərginin sonunda təltiflər, hədiyyələr təqdim olunub və sərgi bədii hissənin təqdim olunması ilə sona yetib.
18:05 31.01.2026
Oxunuş sayı: 601