Azərbaycanda Özbəkistan universitetlərinin üçüncü təhsil sərgisinin keçirilməsi də gözlənilir - Səfir
Azərbaycanla Özbəkistan arasında münasibətlər misli görünməmiş dərəcədə yüksək səviyyəyə çatmışdır.
Bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxram Aşrafxanov bu gün keçirilən Özbəkistan universitetlərinin II Təhsil Sərgisində Crossmedia.az-a açıqlamasında bildirib.
"Bu, ilk növbədə, ölkələrimizin liderləri arasında formalaşmış səmimi dialoq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətləri ilə şərtlənir.
Hörmətli Şahkat Mirziyoyev və hörmətli İlham Əliyev xalqlarımızın daha da yaxınlaşması, münasibətlərin bütün sahələr üzrə inkişafı üçün bütün səylərini ortaya qoyurlar. Bu əməkdaşlıq siyasi, iqtisadi və xüsusilə də mədəni-humanitar sahələri əhatə edir.
Məhz mədəni-humanitar əməkdaşlıq bu əlaqələrin əsas hərəkətverici qüvvəsidir. Çünki xalqlarımız tarixən bir-birinə çox yaxındır – dil, din, adət-ənənə və ortaq dəyərlər bizi birləşdirir. Bu yaxınlıq humanitar sahədə əməkdaşlığın daha sürətlə inkişaf etməsinə şərait yaradır.
Bu gün biz artıq ikinci dəfə keçirilən Özbəkistan ali təhsil müəssisələrinin sərgisinin açılışındayıq. Bildiyiniz kimi, 2–3 may 2025-ci il tarixlərində ilk sərgi baş tutmuş və onun nəticəsində 300 azərbaycanlı tələbə Özbəkistanda təhsil almağa başlamışdır.
Onlar təkcə Daşkənddə deyil, həmçinin Səmərqənd, Buxara, Andican və Xarəzm kimi şəhərlərdə də ali təhsil alırlar. Bu gün keçirilən ikinci sərgi də qarşıdan gələn yeni tədris ili ərəfəsində yeni abituriyentləri cəlb etmək məqsədi daşıyır.
Biz artıq üçüncü sərginin keçirilməsi barədə də düşünürük və onun gələn ilin may ayında təşkilini planlaşdırırıq. Bu çərçivədə azərbaycanlı abituriyentləri, tələbələri və doktorantları dəvət edəcəyik. Özbəkistan universitetləri hazırda bakalavr, magistratura və doktorantura səviyyələrində geniş təhsil proqramları, eləcə də yaşayış və digər sosial şərait təklif etməyə tam hazırdır".
Səfir, həmçinin əsas məqsədin ali məktəblər arasında birbaşa əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ikili diplom proqramlarının tətbiqi olduğunu bildirib:
"Tələbələrin bir semestrini Özbəkistanda, digərini isə Azərbaycanda keçməsi, birgə təcrübə proqramları və mübadilələr həyata keçirməsi əsas hədəflərimizdəndir.
Hazırda iki ölkə arasında 13 ali təhsil müəssisəsi arasında əməkdaşlıq mövcuddur. Lakin biz bu rəqəmin daha da artmasını arzulayırıq. Səfirlik olaraq bu prosesə hər zaman dəstək göstərəcəyik.
Bugünkü sərgi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub. Gələcəkdə bu kimi tədbirlərin həm Azərbaycanda, həm də Özbəkistanda keçirilməsi planlaşdırılır.
Bütün bu təşəbbüslər dövlət başçılarımızın iradəsindən və tapşırıqlarından irəli gəlir. Biz də bu missiyanı layiqincə həyata keçirmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Elmir Heydərli
15:08 31.01.2026
Oxunuş sayı: 768