Professor: Azərbaycanda keçirilən Özbəkistan universitetlərinin sərgisini uğurlu hesab edirəm
Azərbaycanda Özbəkistana məxsus ali təhsil sərgisinin keçirilməsi gənclərin maariflənməsi baxımından olduqca əhəmiyyətlidir.
Bunu Azərbaycanda keçirilən Özbəkistan Universitetlərinin ikinci təhsil sərgisi barədə Crossmedia.az-a danışan politoloq, professor Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda illərdir müxtəlif ölkələrin iştirakı ilə böyük təhsil sərgiləri təşkil olunur və bu tədbirlər vasitəsilə gənclər xarici universitetlər haqqında məlumat əldə edirlər: "Özbəkistan Respublikasının bu formatda ilk dəfə Azərbaycanda təhsil sərgisi keçirməsi xüsusi önəm daşıyır. Bunu çox əlamətdar hadisə hesab edirəm.”
Ə.İbrahimov vurğulayıb ki, bu təşəbbüs Azərbaycan–Özbəkistan münasibətlərini təhsil sahəsində də digər sahələrdəki inkişaf səviyyəsinə çatdırmaq məqsədi daşıyır: "İki ölkə rəhbərliyi və müxtəlif qurumlar arasında əlaqələr artıq yüksək səviyyədədir və bu əməkdaşlıq təhsil sistemində də öz əksini tapmalıdır.
Sərgi Azərbaycan və Özbəkistanın elm və təhsil sistemlərini yaxınlaşdırmağa xidmət edir və bu istiqamətdə atılan mühüm addımlardan biridir. Digər türk dövlətləri də bu nümunəni götürərək oxşar sərgilər təşkil edəcəklər. Bu, türk dövlətləri arasında münasibətlərin inkişafına böyük töhfə verəcək. Mən bunu uğurlu addım hesab edirəm və bir təhsil işçisi olaraq gələcəyinə böyük ümid bəsləyirəm".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Fidan Bəhmənli
13:43 31.01.2026
Oxunuş sayı: 563