Vüqar Zifəroğlu: Təhsil sərgilərinin digər türk dövlətləri ilə də keçirilməsi ümumi prosesə fayda verər
Bu gün Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və Crossmedia.az analitik- informasiya portalının dəstəyi ilə Özbəkistan universitetlərinin II Təhsil Sərgisi keçirilir.
Tədbirdə Özbəkistanın 15-dən artıq özəl və dövlət universitetinin və ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu sərgiylə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, təhsil strateji əhəmiyyətə malik sahədir və bu cür sərgilər Türk dövlətləri arasında inteqrasiyaya ciddi töhfə verir.
Onun sözlərinə görə, bu gün keçirilən təhsil sərgiləri mühüm platforma rolunu oynayır: “Ümumiyyətlə, təhsil olduqca vacib və strateji əhəmiyyətə malik bir sahədir və bu gün bu cür sərgilərin təşkil olunması Türk dövlətlərinin, o cümlədən təhsil sahəsində inteqrasiyasına ciddi töhfə verir. Bu tədbirlər vacib platformalar kimi çıxış edir”.
V. Zifəroğlu qeyd edib ki, sərgilər həm tələbə, həm də akademik mübadilə baxımından mühüm rol oynayır: “Bu cür platformalar həm tələbə mübadiləsi məsələsində, həm də ekspertlərin və müəllimlərin mübadiləsi baxımından olduqca əhəmiyyətlidir”.
Mətbuat Şurasının sədr müavini hesab edir ki, bu təcrübə yalnız Azərbaycan və Özbəkistanla məhdudlaşmamalıdır: “Hesab edirəm ki, yalnız Azərbaycan və Özbəkistan arasında deyil, digər Türk dövlətləri ilə də bu cür təhsil sərgilərinin təşkili ümumi fayda gətirmiş olardı. Bu, həm bir-birimizi daha yaxından tanımaq, həm də tələbə mübadiləsi vasitəsilə təhsil sistemlərimizin bir-birinə yaxınlaşması və inteqrasiyası baxımından ciddi əhəmiyyət daşıyır”.
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Fatimə Hacıəliyeva
13:19 31.01.2026
Oxunuş sayı: 748