Professor: 2030-cu ildən sonra Türk dövlətləri arasında ortaq iqtisadi məkanın formalaşması mümkün ola bilər -MÜSAHİBƏ
Son illərdə qlobal enerji və nəqliyyat marşrutları yalnız iqtisadi alət deyil, eyni zamanda dövlətlərin geosiyasi mövqelərini müəyyən edən əsas faktor kimi çıxış edir. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra formalaşan yeni beynəlxalq reallıqlar enerji təhlükəsizliyi, alternativ marşrutlar və regional logistika dəhlizləri məsələsini dünya siyasətinin mərkəzinə çıxarıb. Bu kontekstdə Türk dövlətlərinin yerləşdiyi coğrafiya strateji baxımdan daha da önəm qazanıb.
Enerji ehtiyatları ilə zəngin olan Azərbaycan, Qazaxıstan və Türkmənistan, tranzit imkanlarına malik Türkiyə və Orta Asiya ölkələri arasında formalaşan marşrutlar Türk dünyasının geosiyasi çəkisini artırmaqla yanaşı, onun real iqtisadi potensialını da üzə çıxarır. Bakı–Tbilisi–Ceyhan, TANAP, TAP kimi layihələr, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr göstərir ki, Türk dövlətləri artıq qlobal enerji və logistika xəritəsində passiv iştirakçı deyil, proseslərə təsir göstərən aktora çevrilməkdədir.
Bu mənada əsas sual yalnız marşrutların mövcudluğu deyil, onların necə və hansı məqsədlərlə istifadə olunmasıdır. Enerji və nəqliyyat xətləri Türk dövlətləri üçün sadəcə iqtisadi gəlir mənbəyidirmi, yoxsa bu marşrutlar uzunmüddətli geosiyasi təsir alətinə çevrilə bilərmi? Zəngəzur dəhlizinin açılması, Xəzər hövzəsinin imkanları, Türk Dövlətləri Təşkilatının iqtisadi inteqrasiya perspektivləri və vahid iqtisadi məkan ideyası bu sualların cavabını müəyyən edən əsas istiqamətlərdir.
İqtisadçı- alim, professor Fuad Qənbərov Türk dövlətləri iqtisadiyyatı ilə bağlı Crossmedia.az-a geniş müsahibə verib:
- Türk dövlətləri üçün enerji marşrutları bu gün hansı mənada geosiyasi alətə çevrilib?
– Əvvəla qeyd edim ki, müasir beynəlxalq münasibətlərdə enerji marşrutları artıq sadəcə iqtisadi səmərəlilik məsələsi deyil, geosiyasi risklərin idarə olunması alətidir və bu baxımdan enerji marşrutları Türk dövlətlərinin geosiyasi gücünün artırılmasında son dərəcə mühüm rol oynayır. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Rusiya ərazisindən keçən enerji marşrutlarına maraq xeyli azalıb və bu, alternativ marşrutların strateji əhəmiyyətini daha da artırıb. Məhz burada Türk dövlətlərinin yerləşdiyi coğrafiya ön plana çıxır. Xəzər hövzəsi–Cənubi Qafqaz–Anadolu xətti Avropa üçün təkcə alternativ deyil, strateji baxımdan daha sabit və proqnozlaşdırıla bilən marşrut kimi qiymətləndirilir.
Bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəməri xüsusi əhəmiyyət daşıyır. BTC artıq yalnız texniki infrastruktur deyil, enerji diplomatiyasının institusional uğur modelidir. Təxminən 20 il ərzində bu xətt vasitəsilə 5 milyard barelə yaxın neft ixrac olunub. İxracın təqribən 89 faizinin Azərbaycana, 11 faizinin isə tranzit ölkələrə, xüsusilə Qazaxıstana məxsus olması onu göstərir ki, BTC faktiki olaraq Türk dünyası daxilində ilk praktik enerji əməkdaşlığı mexanizmlərindən biridir. Bu marşrut Azərbaycanı təkcə ixracatçı deyil, regional enerji təhlükəsizliyinin dayağı statusuna yüksəldib.
Digər mühüm istiqamət isə son illərdə əhəmiyyəti daha da artan təbii qaz ixrac marşrutlarıdır. Təbii qaz bazarı neft bazarından fərqli olaraq daha çox uzunmüddətli müqavilələrə, infrastruktur sabitliyinə və etibarlı tərəfdaşlığa əsaslanır. Bu konteksdə TANAP və onun davamı olan TAP layihələri xüsusi əhəmiyyət kəsb edir. Son illər Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilib. Bir faktı qeyd edim ki, Azərbaycan 2024-cü ildə Avropanın 10 ölkəsinə təqribən 13 mlrd kub metrlik təbii qaz ixrac edib. Artıq Almaniya və Avstriyaya da təbii qaz ixracına başlanılıb. Məhz bu baxımdan enerji daşıyıcıları marşrutlarının mövcudluğu Türk dövlətlərinin siyasi və geosiyasi gücünü artıran əsas faktorlardandır. Burada Türkiyənin rolu da xüsusi qeyd olunmalıdır. Türkiyə enerji istehsalçısı olmasa da, TANAP-ın onun ərazisindən keçməsi Ankaranı enerji tranziti üzərindən strateji təsir gücü əldə edən regional aktora çevirib. Tranzit ölkə olmaq Türkiyəyə həm iqtisadi gəlir, həm də geosiyasi danışıqlarda əlavə manevr imkanları yaradır. Gələcəkdə TAP-ın genişləndirilməsi, Qazaxıstan neftinin ixrac həcminin artırılması ilə bağlı konkret planlar mövcuddur və bununla da, enerji oxu daha da möhkəmlənəcək və Türk dövlətləri Avrasiya enerji xəritəsində alternativ geosiyasi platforma kimi mövqelərini gücləndirəcəklər.
–2026-cı ildə açılması üçün zəruri imkanların yaradıldığı bildirilən Zəngəzur dəhlizi Türk dövlətlərinin iqtisadiyyatına necə təsir göstərəcək?
- Əvvəla qeyd edim ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr artıq bir neçə ildir davam edir. Hazırda Zəngəzur dəhlizi artıq uzunmüddətli siyasi mübahisə predmetindən çıxaraq iqtisadi rasional qərar mərhələsinə daxil olub. Azərbaycan bu layihə üzrə öz infrastruktur hazırlıqlarını faktiki olaraq başa çatdırıb. Burada əsas problem Ermənistanla bağlı idi və uzun müddət ciddi siyasi müzakirələr aparılırdı. Lakin bu ilin yanvar ayında ABŞ ilə Ermənistan arasında “TripDevelopment” şirkətinin yaradılması mühüm dönüş nöqtəsi oldu. Şirkətdə 76 faiz pay ABŞ-a, 24 faiz pay isə Ermənistana məxsusdur. Müqavilə 49 illik dövrü əhatə edir və əsas məqsəd Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi boyunca yolların və digər müvafiq infrastrukturların inşasıdır. Bu model klassik dövlət büdcəsi hesabına maliyyələşmə deyil, tranzit gəlirləri üzərindən özünü maliyyələşdirən infrastruktur konsepsiyasıdır. Müqavilənin uzun müddətli bağlanması onu göstərir ki, artıq investorlar bu dəhlizi kommersiya baxımından real layihə kimi qiymətləndirirlər və yaxın illərdə Zəngəzur dəhlizinin açılması real perspektivə çevrilib. Mövcud planlara görə, dəhlizin 2028-ci ildə, bəzi mənbələrə əsasən isə 2030-cu ildə istifadəyə verilməsi mümkündür. Ancaq yanvarın əvvəlində imzalanan bu müqavilə sübut etdi ki, Zəngəzur dəhlizinin açılması artıq uzaq gələcəyin məsələsi deyil.
– Bu dəhlizin region ölkələri üçün iqtisadi əhəmiyyəti nədən ibarətdir?
- Düşünürəm ki, dəhlizin açılması ilk növbədə region ölkələri üçün çox böyük əhəmiyyətə malikdir. Burada maraqlı məqam ondan ibarətdir ki, Ermənistan daxilində bu məsələ ilə bağlı ciddi müzakirələr aparılsa da, dəhlizin ən böyük iqtisadi faydalarından biri məhz Ermənistanın özü ilə bağlıdır. Hazırda Ermənistanın əsas tərəfdaşı olan Rusiya ilə ticarəti əsasən Gürcüstan üzərindən həyata keçirilir ki, bu marşrut qış aylarında tez-tez bağlanır, yay aylarında isə ciddi sıxlıq yaranır. Üstəlik, bu yol həm məsafə, həm də xərc baxımından əlverişsizdir. Azərbaycan üzərindən alternativ marşrut isə məsafəni qısaldır, daşımaları ilboyu fasiləsiz edir və logistika xərclərini azaldır. Bu isə Ermənistanda ticarət dövriyyəsinin artmasına və iqtisadi aktivliyin yüksəlməsinə səbəb ola bilər. Bu marşrut həmçinin Azərbaycan və Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Ən vacib məqamlardan biri isə Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsinin bərpa olunmasıdır. Bu təkcə texniki nəqliyyat məsələsi deyil, Türk dünyasının fiziki və iqtisadi inteqrasiyasının bərpasıdır. Bu amil strateji baxımdan son dərəcə önəmlidir. XX əsrin 20-ci illərində Moskva müqaviləsi zamanı Rusiya ilə Türkiyə arasında aparılan danışıqlarda Atatürk nümayəndə heyətinə xüsusi olaraq tapşırmışdı ki, Naxçıvan məsələsinə diqqət yetirilsin, çünki Naxçıvan “Türk dünyasının qapısı”dır. Yəni bu fakt, Zəngəzur dəhlizinin hələ o zamandan strateji əhəmiyyət kəsb etdiyinin açıq göstəricisidir. Bu gün həmin strateji baxış iqtisadi reallığa çevrilir.
Zəngəzur dəhlizinin Azərbaycan üçün digər mühüm əhəmiyyətləri də mövcuddur və biz bu istiqamətdə müəyyən iqtisadi hesablamalar aparmışıq. Təqribən hesab edirik ki, Zəngəzur dəhlizinin açılması ilə nəqliyyat müddətləri əhəmiyyətli dərəcədə azalacaq və Çinlə Avropa İttifaqı arasında daşımaların vaxtı 15 günədək qısala bilər. Müasir qlobal ticarətdə vaxt artıq birbaşa maliyyə üstünlüyü deməkdir. Vaxtın azalması daşımaların maya dəyərini aşağı salır və marşrutun rəqabət qabiliyyətini artırır. Bu layihə Azərbaycanın ümumi daxili məhsuluna təqribən 1 faiz töhfə verə bilər və ölkədə qeyri-neft ixracının 25–30 faiz səviyyəsində artmasına şərait yarada bilər. Eyni zamanda on minlərlə yeni iş yerinin yaradılması ehtimal olunur. Qeyd etmək lazımdır ki, söhbət təkcə birbaşa müsbət təsirlərdən getmir, bu layihənin ciddi dolayı təsirləri də var. Belə ki, dəhliz boyunca ticarətin genişlənməsi, yol və logistika infrastrukturunun inkişafı, investisiya qoyuluşlarının artması, kiçik və orta sahibkarlığın genişlənməsi bütövlükdə iqtisadi aktivliyi yüksəldəcək və multiplikativ effektlər orta və uzunmüddətli dövrdə iqtisadi artımı sürətləndirəcəkdir.
– Türk Dövlətləri Təşkilatı artıq real iqtisadi gücə çevrilibmi?
– Əvvəla qeyd edim ki, Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin birgə təşəbbüsü əsasında yaradılmış, Azərbaycan isə bu təşkilatın formalaşması və sonrakı inkişafında fəal və aparıcı rol oynamaqdadır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır. Ümumi ərazisi 4.7 milyon kv.km, əhalisi 170 milyon nəfər olan, 1.7 trilyon dollar ÜDM istehsal edən Türk dövlətləri artıq regionda və dünyada real gücə malik olan bir birliyə çevrilməkdədir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı simvolik əməkdaşlıq çərçivəsini aşaraq, praktiki mexanizmlərə əsaslanan funksional iqtisadi platformaya doğru transformasiya mərhələsinə daxil olmuşdur. Son dövrlərdə Türk dövlətləri arasında ticarət əlaqələri də, sürətlə inkişaf edir. Məsələn, son 10 il ərzində Türk dövlətləri arasındakı ticarət dövriyyəsi üç dəfədən çox artaraq 33 milyard dollara çatıb. Bu istiqamətdə müxtəlif sazişlər imzalanıb, o cümlədən gömrük rüsumlarının azaldılması ilə bağlı ikitərəfli və çoxtərəfli razılaşmalar əldə olunub. Həmçinin qarşılıqlı ticarətin genişləndirilməsi üçün üzv dövlətlər arasında müxtəlif hədəflər müəyyənləşdirilib. Məsələn, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəfi mövcuddur. Doğrudur, bu hədəfə çatmaq üçün müəyyən çətinliklər var. Əsas çətinliklərdən biri enerji daşıyıcılarının ixracı ilə bağlıdır. Buna görə də əsas diqqət qeyri-neft sektoru üzrə ixracın artırılmasına yönəldilməlidir. Lakin ümumi götürdükdə, Türk dövlətləri arasında ticarət əlaqələrinin inkişaf etməyə başladığını açıq şəkildə görmək mümkündür. Bununla belə, Türk dövlətləri arasında inteqrasiya hələ ki, bir iqtisadi blok səviyyəsində yetərli hesab oluna bilməz. Çünki Türk dövlətlərinin ümumi ticarət dövriyyəsində daxili ticarətin payı cəmi 6–7 faizdir. İqtisadi terminologiyada bu göstərici daxili inteqrasiya səviyyəsi adlandırılır. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqında bu göstərici təxminən 60 faiz, Cənubi-Şərqi Asiya dövlətləri Assosiasiyası ölkələrində isə 25 faiz səviyyəsindədir. Bu fakt onu göstərir ki, ticarət və iqtisadi əlaqələr genişlənsə də, Türk dövlətləri arasında inteqrasiya hələ hələ potensialın kiçik hissəsini əhatə edir. Bu potensiala çatmaq üçün isə ciddi, sistemli və uzunmüddətli işlərin həyata keçirilməsinə ehtiyac var.
- Türk dövlətləri arasında vahid iqtisadi məkanın hələ də formalaşmaması nə ilə bağlıdır. Əgər belə bir məkan yaradılsa, hansı potensial və imkanlar ortaya çıxar?
- İqtisadi inteqrasiyanın mərhələləri mövcuddur və vahid iqtisadi məkan bu mərhələlərin sonuncusudur. Ondan əvvəl bir sıra addımlar atılmalıdır: ticarət sazişlərinin imzalanması, azad ticarət zonaları, gömrük rüsumlarının azaldılması, birgə layihələrin həyata keçirilməsi və iqtisadi siyasətlərin uzlaşdırılması. Hazırda Türk dövlətləri bunların ilkin mərhələsindədirlər. Belə ki, Türk Dövlətləri Təşkilatının iqtisadi məqsədləri inteqrasiya modelinin ikinci və üçüncü mərhələsinə uyğun gəlir: yəni azad ticarət zonası və gömrük harmonizasiyası istiqamətində fəaliyyət. Ancaq inteqrasiya prosesi yüksək templə davam edərsə, 2030-cu ildən sonra Türk dövlətləri arasında ortaq iqtisadi məkanın formalaşması mümkün ola bilər. Belə bir məkanın yaradılması ilə Türk dövlətləri arasında ticarət xərcləri və vaxt itkiləri azalacaq, daxili ticarət həcmi artacaq və Orta Dəhliz sadəcə tranzit xətti deyil, dəyər yaradan iqtisadi koridora çevriləcək. Eyni zamanda birgə istehsal zəncirləri formalaşacaq, investisiya mühiti genişlənəcək və türk dövlətləri qlobal iqtisadi danışıqlarda daha güclü və vahid mövqedən çıxış edə biləcək. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin əksəriyyəti keçmiş sovet məkanından çıxmış ölkələrdir, o cümlədən Azərbaycan da bu qrupa daxildir. Bu ölkələr uzun illər Qərb və Rusiya iqtisadi təsiri altında olublar. Türk dövlətləri bu təsirlərdən kənar real iqtisadi model ortaya qoya bilərlərmi? Reallıq ondan ibarətdir ki, iqtisadi əlaqələrin inkişafında böyük iqtisadi aktorlarla əməkdaşlıq və coğrafi qonşuluq prinsipi həlledici rol oynayır. Xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan üçün Rusiya ilə ticarət əlaqələri mühüm əhəmiyyət daşıyır. Rusiya bu ölkələrin qonşusudur və böyük iqtisadi bazara malikdir. Buna görə də mövcud mərhələdə bu təsirdən tamamilə çıxmaq real görünmür. Lakin son illər bu asılılığın əhəmiyyətli dərəcədə azaldıldığını müşahidə edirik. Azərbaycan və digər Türk dövlətləri balanslaşdırılmış və çoxvektorlu xarici iqtisadi siyasət həyata keçirməyə başlayıblar. Bu kontekstdə xüsusilə Azərbaycan və Qazaxıstanın rolu ayrıca qeyd olunmalıdır. Çünki bu iki ölkə Türkiyə ilə yanaşı Türk dövlətləri arasında aparıcı mövqeyə malikdir. Məsələn, Azərbaycanın əsas strateji hədəflərindən biri Avropa İttifaqı ilə iqtisadi əlaqələrin genişləndirilməsidir. Qazaxıstan son dövrlərdə Avropa İttifaqı və Çinlə iqtisadi əlaqələrini ciddi şəkildə genişləndirməyə başlayıb. Bu, balanslaşdırılmış xarici və iqtisadi siyasətin bariz nümunəsidir. Eyni zamanda, Türkiyə ilə münasibətlər də sürətlə inkişaf edir. Özbəkistanda da son illər mühüm iqtisadi islahatlar həyata keçirilir və ölkənin iqtisadi inkişaf templəri kifayət qədər yüksəkdir. Bununla belə, Özbəkistanın hələ də əsas ticarət tərəfdaşı Rusiya olaraq qalır. Türkmənistan da Rusiya ilə iqtisadi əlaqələrini qoruyur, lakin paralel şəkildə Çinlə iqtisadi əməkdaşlığı genişləndirir və öz neytral dövlət statusunu saxlamağa çalışır. Amma iqtisadi modelində qaz ixracının əsas alıcılara, xüsusən Çin bazarına yüksək bağlılığı manevr sahəsini daraldır. Əsas çətinlik isə Qırğızıstanla bağlıdır. Çünki Qırğızıstanın iqtisadiyyatı kifayət qədər güclü deyil və ölkə iqtisadiyyatında miqrantların, xüsusilə Rusiyadan göndərilən pul köçürmələrinin payı yüksəkdir. Bu da Rusiyadan asılılığı artırır. Lakin ümumi götürdükdə, son illər bu asılılıq xeyli dərəcədə azalıb və xüsusilə Azərbaycan və Qazaxıstan kimi ölkələr daha balanslaşdırılmış siyasət yürüdərək digər iqtisadi güclərlə əlaqələrini genişləndirirlər.
- Xəzər hövzəsini necə qiymətləndirmək olar? Türk dövlətləri kontekstində baxsaq, Xəzər dənizi real iqtisadi imkan yarada bilərmi?
- Ümumiyyətlə, Xəzər dənizi hövzəsi ətraf ölkələr üçün ilk növbədə mühüm iqtisadi resurs mənbəyidir. Azərbaycan hələ 1994-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizindən neft hasilatına başlayaraq ciddi iqtisadi gəlirlər əldə etdi. Bu proses Azərbaycanın maliyyə imkanlarını genişləndirdi və ölkəni beynəlxalq arenada iqtisadi gücünü nümayiş etdirən, nüfuzunu artıran dövlətə çevirdi. Eyni zamanda, Qazaxıstan və Türkmənistan üçün də Xəzər dənizinin əhəmiyyəti enerji resurslarının hasilatı və ixracı baxımından son dərəcə böyükdür. Xəzər dənizindən hasil olunan enerji daşıyıcılarının Avropa və digər bazarlara çıxarılması bu hövzənin strateji rolunu daha da artırır. Bundan əlavə, Xəzər dənizi təkcə enerji resursları mənbəyi deyil, Orta Dəhlizin strateji su halqasıdır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Aktau limanının inkişafı Xəzəri quru və dəniz marşrutlarının kəsişdiyi tranzit platformaya çevirir. Bununla yanaşı, müəyyən çətinliklər və risklər də mövcuddur. Enerji daşıyıcılarının mövcudluğu bəzən böyük güclər arasında geosiyasi risklər yarada bilir. Lakin Azərbaycan və Qazaxıstan kimi ölkələrin balanslaşdırılmış siyasəti bu riskləri daha çox fürsətə çevirməyə imkan verir.
- İran və Rusiyanı Xəzər dənizi sahilində yerləşən böyük güclər kimi qeyd etdiniz. Onların real risk və ya təhlükə potensialı varmı?
- Tarixi təcrübə göstərir ki, Xəzər dənizinin hüquqi statusu və bölüşdürülməsi məsələsi uzun illər ciddi müzakirələrə və bəzən kritik mərhələlərə çatıb. Lakin son nəticədə tərəflər arasında razılıq əldə olunub. Buna görə də hazırkı mərhələdə İran və ya Rusiya tərəfindən ciddi hərbi-siyasi risk görmürəm. Xəzər dənizi ilə bağlı bu gün ən ciddi problem ekoloji risklərdir. Xəzər dənizinin sürətlə səviyyəsinin aşağı düşməsi və quruması ciddi təhlükə yaradır. Xəzər dənizinin əsas su mənbəyi olan Volqa çayı üzərində Rusiyada çoxsaylı bəndlərin tikilməsi nəticəsində su axını kəskin azalıb. Ekspertlərin hesablamalarına görə, dənizin səviyyəsi son 10 ildə 1.5 metr azalıb və ildə təqribən 20–30 santimetr azalır. Bu proses uzunmüddətli dövrdə davam edərsə, limanların fəaliyyətinə və daşımaların maya dəyərinə mənfi təsir göstərə bilər. Bu isə artıq iqtisadi təhlükəsizlik məsələsidir.
- Yekun olaraq, Türk dünyasının iqtisadi gələcəyini necə qiymətləndirirsiniz və Türk dövlətləri arasında hansı sahələrdə real əməkdaşlıq mümkündür?
– Türk dünyasının gələcəyi ideoloji şüarlarda deyil, ölçülə bilən, rəqəmlərlə ifadə olunan iqtisadi inteqrasiyada formalaşır. Enerji marşrutları, Zəngəzur dəhlizi, Orta Dəhliz və birgə istehsal zəncirləri birlikdə Türk dövlətlərini Avrasiya iqtisadiyyatının passiv obyektindən aktiv subyektinə çevirə bilər. Bu yol asan deyil, mərhələlidir və ciddi koordinasiya tələb edir. Amma alternativ yoxdur. İqtisadi inteqrasiya olmadan heç bir siyasi birlik uzunmüddətli ola bilməz. Bizim Türk dünyası ölkələri ilə müxtəlif istiqamətlərdə əlaqələrimiz mövcuddur və bu əlaqələrin elmi əməkdaşlıq müstəvisində genişləndirilməsi vacibdir. Lakin vahid elmi sahənin yaradılmasından əvvəl iqtisadi inteqrasiyanın elmi əsaslarla qurulmasına ehtiyac var. Qeyd edim ki, Türk dövlətlərində Türk dünyası üzrə müxtəlif ixtisaslaşmış mərkəzlər fəaliyyət göstərir. Bu tip mərkəzlər əsasən siyasi, tarixi və mədəni əlaqələrin araşdırılması ilə məşğul olurlar. Ancaq iqtisadi araşdırmalar sahəsində ciddi boşluqlar mövcuddur. Mən hətta deyərdim ki, ilk addım statistikadan başlanmalıdır. Bu gün Türk dövlətləri arasında iqtisadi əlaqələri əks etdirən vahid statistik məlumat bazası mövcud deyil. Hətta Türk dövlətləri arasındakı ticarət dövriyyəsinin həcmi ilə bağlı müxtəlif və ziddiyyətli rəqəmlər səsləndirilir: bəziləri bu göstəricini 30 milyard dollar, digərləri isə 50–60 milyard dollar səviyyəsində qiymətləndirir. Bu da vahid statistikanın olmamasından irəli gəlir. İqtisadi əlaqələrin inkişafı üçün isə mütləq şəkildə iqtisadi və elmi araşdırmalara, məlumatların sistemli təhlilinə ehtiyac var. Bunun üçün isə etibarlı və detallı statistikaya ehtiyac var. Bəzən belə fikirlər səsləndirilir ki, iqtisadi əlaqələrin genişləndirilməsi üçün gömrük rüsumları tamamilə aradan qaldırılmalıdır. Lakin bu yanaşma düzgün deyil. Optimal yol gömrük rüsumlarının birdən-birə ləğvi deyil. Çünki struktur fərqlər mövcud olduğu halda bu, inteqrasiyanı sürətləndirmək əvəzinə problemləri dərinləşdirə bilər.
Məhz bu səbəbdən biz iqtisadi tədqiqatlarımızın nəticəsi olaraq Türk dövlətlərinin inteqrasiyasında mərhələli yanaşmanı təklif etmişik. Təklifimiz ondan ibarətdir ki, əvvəlcə birgə istehsal zəncirləri araşdırılsın və ortaq istehsal sahələri qurulsun. Məsələn, Qazaxıstanda buğda istehsal olunur, onun emalı Azərbaycanda həyata keçirilir, hazır məhsula çevrilməsi isə Türkiyədə baş verir və bu məhsul “Made in Turkic States” brendi altında dünya bazarına çıxarılır. Bu cür müxtəlif istehsal modelləri müəyyənləşdirilməlidir: hansı sahələrdə əməkdaşlıq mümkündür, hansı maneələr mövcuddur və Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid istehsal məhsulu necə yaradıla bilər. Bu model Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyə arasında tətbiq oluna bilər. Bu sahələr müəyyən edildikdən və istehsal zəncirləri qurulduqdan sonra, xammalın və hazır məhsulların ölkələr arasında hərəkəti zamanı gömrük rüsumlarının mərhələli şəkildə aradan qaldırılması mümkün olar. Yəni əvvəlcə birgə istehsal zəncirləri qurulmalı, sonra ticarət liberallaşdırılmalıdır. Zamanla bu mexanizm ölkələr arasında ticarət dövriyyəsinin kəskin şəkildə artmasına və iqtisadi sistemlərin bir-birinə daha sıx inteqrasiya olunmasına gətirib çıxarır. İqtisad elmində bu yanaşma “məcburi ticarət inteqrasiyası” adlandırılır. Hesab edirəm ki, bu cür yanaşmaya və araşdırmalara ciddi ehtiyac var. Birgə iqtisadi araşdırmalar aparılmalı, ortaq layihələr həyata keçirilməli və iqtisadi məsələlər prioritet səviyyəyə qaldırılmalıdır. Çünki iqtisadi əlaqələr olmadan heç bir birliyin davamlı gələcəyi mümkün deyil. Müasir dünyada iqtisadi maraqlar bütün digər maraqların önündə dayanır. Əlavə etmək istədiyim əsas məqam da məhz budur. Bu mövzunun daim gündəmdə saxlanılması və bu cür araşdırmaların təşviq edilməsi son dərəcə vacibdir.
17:01 23.01.2026
Oxunuş sayı: 611