Birinci sinifə qəbul başlayıb: Valideynlər nələrə diqqət etməlidirlər?
Mayın 1-dən etibarən ölkədə birinci sinfə qəbul prosesi start götürüb. Bu mərhələ valideynlər üçün həm məsuliyyətli seçim dövrü, həm də uşaqların təhsil həyatına ilk addımı kimi xüsusi əhəmiyyət daşıyır. Belə ki, qəbul zamanı valideynlər təkcə məktəbin reytinqinə deyil, uşağın psixoloji hazırlığına, uyğun mühitə adaptasiyasına və ümumi inkişafına da diqqət yetirməlidirlər.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bu barədə Crossmedia.az-a açıqlama verib.

O, mayın 6-dan etibarən ölkəmizdə birinci sinfə qəbul prosesinin başlamasının hər bir valideyn üçün həm həyəcanlı, həm də məsuliyyətli bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb: "Bu prosesdə valideynlərin ilk növbədə diqqət yetirməli olduğu məqam övladlarının həm psixoloji, həm də fiziki hazırlığı ilə məktəb seçimi arasında düzgün balans qurmaqdır. Tez-tez şahidi oluruq ki, valideynlər daha çox məktəbin reytinqi və ya uzaqlığı kimi texniki detallara fokuslanırlar, lakin unudulmamalıdır ki, uşaq üçün ən yaxşı məktəb onun özünü xoşbəxt və güvəndə hiss etdiyi, müəllimi ilə sağlam ünsiyyət qura bildiyi məkandır. Qeydiyyat prosesi zamanı texniki tərəflərə gəldikdə isə, valideynlərdən ilk növbədə səbirli və diqqətli olmaları xahiş olunur. Elektron sistem üzərindən müraciət edərkən sənədlərin düzgünlüyü və vaxtında müraciət edilməsi vacibdir, lakin burada vurğulamaq istərdim ki, tələskənlik bəzən yanlış seçimə gətirib çıxarır. Xüsusilə məktəb hazırlığı qruplarında təhsil alan uşaqların öz müəllimləri ilə davam etməsi keçid dövrünü daha sancısız edir. Əgər uşaq fərqli bir mühitə düşəcəksə, valideyn may ayından etibarən uşağı bu yeni mühitə adaptasiya etməli, məktəbi ona bir "imtahan meydanı" kimi deyil, yeni dostlar və maraqlı biliklər dünyası kimi təqdim etməlidir".
Ekspertin sözlərinə görə, valideynlər övladının fərdi xüsusiyyətlərini nəzərə almalıdırlar: "Hər bir uşaq fərqlidir; bəzisi daha yaradıcı, bəzisi isə daha texniki meyillidir. Məktəb seçərkən uşağın potensialını boğmayacaq, əksinə, onu inkişaf etdirəcək mühitləri prioritetləşdirmək gələcək uğurların təməlidir. Unutmayaq ki, birinci sinif sadəcə bir təhsil pilləsinin başlanğıcı deyil, uşağın cəmiyyətə ilk addımıdır. Bu addımın sağlam atılması üçün biz böyüklər onlara lazımi dəstəyi verməli, süni gərginlikdən qaçmalı və bu prosesi həm özümüz, həm də övladımız üçün bayram abu-havasında keçirməyə çalışmalıyıq".
Fatimə
20:57 01.05.2026
Oxunuş sayı: 82