İran ağır seçim qarşısındadır: Ya ABŞ-nin şərtlərini qəbul etməlidir, ya da...
ABŞ və İran arasında qarşılıqlı ittihamlar və gərgin siyasi bəyanatlar fonunda Hörmüz boğazı ətrafındakı vəziyyət yenidən beynəlxalq diqqət mərkəzinə düşüb. İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ Prezidenti Donald Trampın İranı daxili ixtilaflar, iqtisadi təzyiq və Hörmüz boğazında blokada ilə zəiflətməyə çalışdığını iddia edib. O, həmçinin ABŞ və İsrailin İran rəhbərliyini hədəf alaraq ölkədə çevriliş planladığını, lakin bunun uğursuz olduğunu bildirib.
ABŞ Dövlət katibi Marko Rubio isə İran daxilində siyasi parçalanma olduğunu, sərt xətt tərəfdarları ilə mötədillər arasında fikir ayrılığı yaşandığını iddia edib.

Mövzu ilə bağlı Crossmedia.az-a politoloq Elçin Xalidbəyli bildirib ki, Hörmüz boğazının blokadası əvvəlcə İran tərəfindən reallaşdırılmışdı və dünya iqtisadiyyatı üçün ciddi problemlər yaratmaqdaydı: "Ancaq sonradan ABŞ bu metodu İranın özünə qarşı çevirdi. Hörmüz boğazında ikinci blokada səddi yarandı. Nəticədə İranın ABŞ-yə qarşı təzyiq mexanizmi, yəni Hörmüzün qapadılma variantı bumeranq effekti verdi və İranın əleyhinə çevrilmiş oldu. İran ümid edirdi ki, Hörmüz boğazını bağlamaqla dünya ölkələri, xüsusilə də Qərb ölkələri, Avropa ölkələri ABŞ-yə ciddi təzyiq göstərəcəklər və savaşın indiki situasiyada mövcud modeldə dayandırılmasına nail olacaqlar. Ancaq bu, baş vermədi, əksinə, ABŞ İranın Hörmüz boğazını bağlayaraq, oradan öz razılığı ilə, yəni rəsmi Tehranın razılığı ilə ödənişləri alması ilə gəmiləri buraxmasını bəhanə edərək Hörmüz boğazında ikinci sədd yaratmaqla İranın özünü çətin vəziyyətə saldı".
Ekspert qeyd edib ki, indi İranın iqtisadi-ticari fəaliyyəti ciddi risk altındadır: "İranın neft ixracı demək olar ki, ABŞ-nin nəzarəti altına keçmiş kimi görünür. Bu da İranın sosial-iqtisadi, maliyyə vəziyyətini böhran həddinə çatdırır. Əslində böhran əvvəldən də mövcud idi. Sadəcə indi böhran daha da dərinləşmə həddinə çatdı. Hətta Tramp bir neçə gün əvvəl bəyan etmişdi ki, İran Hörmüz boğazının açılmasını xahiş edib. Çünki İranın iqtisadiyyatı çökmə həddinə çatıb. Ancaq ABŞ öz davranışları ilə Hörmüz boğazını açmaq niyyətində olmadığını biruzə verir. Əsas hədəf ondan ibarətdir ki, İran ABŞ-nın bütün tələblərini, şərtlərini qəbul etmiş olsun. Bu da İran parlamentinin sədrinin dediyi kimi, İranın təslim olması və yaxud da kapitulyasiya aktı imzalaması kimi bir situasiyaya yol aça bilər".
Politoloqun fikrincə, İran Hörmüz boğazını bağlamaqla çox böyük səhvə yol vermişdir və ABŞ bundan istifadə edir: "Ancaq bu, tək İran yox, Çin üçün də ciddi problemdir. Çünki Çinin də enerji təminatı əsasən Hörmüz boğazı üzərindən reallaşdırılırdı. Həm İrandan, həm də dünyanın digər ölkələrindən, xüsusilə də Fars körfəzi ölkələrindən enerji resursları idxal edirdi. İndi bu proses Vaşinqtonun nəzarəti altına keçib. Bu, çoxvektorlu bir qlobal oyun təsiri bağışlayır və belə qlobal oyun hələlik ABŞ-nin nəzarəti altındadır. İranın indiki situasiyada qarşı tərəfin bu taktikasına qarşı elə bir ciddi təsirli reaksiya mexanizmi mövcud deyil. Burada ən təsirli variant İran donanmasının ABŞ gəmilərini bölgədən çıxartması ola bilərdi ki, İranın da belə bir gücü mövcud deyil. Bu da o deməkdir ki, İran indi seçim etməlidir: ya ABŞ-nin tələb və şərtlərini qəbul etmək barədə düşünməlidir, ya da sona qədər tab gətirmək yollarını axtarmalıdır. Hər ikisin İran üçün olduqca ağır nəticələr vəd edir. Yaxın Şərqdəki savaşın gələcək taleyi böyük ehtimalla Hörmüz boğazındakı düyünlərdən asılıdır. Hörmüz boğazında İranın da Yaxın Şərqdə taleyi həll olunur".
Mehriban Yariyeva
19:20 01.05.2026
Oxunuş sayı: 55