ABŞ - İran gərginliyi: "Bu xəmir hələ çox su aparacaq"
ABŞ ilə İran arasında gərginlik fonunda aparılan danışıqların gələcək istiqaməti və regionda mümkün eskalasiya ssenariləri beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Xüsusilə enerji təhlükəsizliyi və nüvə proqramı ətrafında formalaşan müzakirələr prosesin həm siyasi, həm də iqtisadi nəticələrini daha da aktuallaşdırır.
Məsələni Crossmedia.az-a şərh edən politoloqlar isə mövcud vəziyyətin inkişaf perspektivlərini fərqli aspektlərdən dəyərləndirərək, tərəflərin qarşılıqlı addımlarının regionda sabitliyə təsirini diqqətə çatdırıblar.

Politoloq Oktay Qasımov açıqlamasında ABŞ-nin hazırda İranla aparılan danışıqlarda əsas olaraq iki hədəfə fokuslandığını bildirib: “Birincisi, Hörmüz boğazının açılması, ikincisi isə İranın nüvə proqramı ilə bağlı məsələdir. Hörmüz boğazının bağlı qalması, əlbəttə ki, dünya iqtisadiyyatı və enerji bazarı üçün kifayət qədər ciddi çağırışlar yaradır və bu, enerji resurslarının qiymətinin artmasına, həmçinin qlobal iqtisadiyyata mənfi təsirlərə səbəb olur. ABŞ bölgəyə 3 aviadaşıyıcı gəmisini cəlb edib, Hörmüz boğazı ətrafında blokada tətbiq olunub və bu günlərdə ABŞ Baş Qərargah rəisinin Mərkəzi Komandanlıqla birlikdə ABŞ prezidentinə brifinq verəcəyi gözlənilir. Yəni Hörmüz boğazı ilə bağlı məsələlər müzakirə olunur və bu barədə müxtəlif iddialar irəli sürülür. Bu iddialardan biri də ondan ibarətdir ki, ABŞ Mərkəzi Komandanlığı İrana qısa müddətli və effektiv zərbələr endirməklə onu danışıqlar masasına yenidən qaytarmağa cəhd edir. Bu, ehtimal olunan variantlardan biridir. Əlbəttə ki, ABŞ-nin hərbi varlığını bölgədə artırması həm eskalasiya riskini saxlayır, həm də İrana təzyiq vasitəsi kimi çıxış edir. Bu baxımdan, proseslərin necə inkişaf edəcəyini söyləmək çətindir”.
O. Qasımovun fikrincə, ABŞ daha çox blokada variantına üstünlük verir və bu halda hərbi əməliyyatlar baş vermir:
“Eyni zamanda İrana qarşı iqtisadi təzyiq rıçaqları sərtləşdirilir. Nəzərə alsaq ki, bu boğaz vasitəsilə İranın xarici ticarət dövriyyəsinin 80–90 faizi həyata keçirilir, bu, ölkə üçün ciddi problem yaradır. Əgər blokada daha da sərtləşdirilərsə və İran limanlarına giriş-çıxış məhdudlaşdırılarsa, bu, İran iqtisadiyyatı üçün ağır təzyiq vasitəsi olacaq. Bu baxımdan, hər iki variant masadadır: həm blokadanın davam etdirilməsi, həm də bunun effekt vermədiyi halda hərbi zərbələrin endirilməsi. Bu zərbələr təkcə hərbi və strateji obyektləri deyil, həm də infrastrukturu hədəf ala bilər ki, bu da İranın mövcud çətin vəziyyətini daha da ağırlaşdırar. Hazırda sanki durğunluq prosesi müşahidə olunur və bu, fırtına öncəsi sakitlikdir. Rəsmi İrandan verilən açıqlamalarda isə yenə də təhdidkar üslub görünür. Bu da onu göstərir ki, İran tərəfi danışıqlara o qədər də meyilli deyil və ultimativ şərtlər irəli sürməklə prosesin nəticələrini zəiflədir”.

Politoloq Sultan Zahidov isə qeyd edib ki, Ağ Ev rəhbəri Donald Tramp Rusiya–Qəzza zolağındakı vəziyyətlə bağlı fərqli mövqelər səsləndirir: “Bir ssenari də ondan ibarətdir ki, ABŞ regionda hərbi mövcudluğunu artıra bilər. Bunun əsas məqsədi İrana qarşı təzyiqlərin daha da gücləndirilməsi və İranın ABŞ qarşısında ağ bayraq qaldıraraq nüvə məsələsində güzəştə getməsidir. Sözsüz ki, bu, regionda eskalasiyanın daha da gərginləşməsi anlamına gələ bilər. Amma bu, ilk növbədə ABŞ-nin taktikasıdır. Söhbət burada "Flooding the Zone" taktikasından gedir. Yəni qeyri-müəyyənlik yaratmaq üçün Donald Tramp bir-birinə zidd fərqli çıxışlar edir. Yaxud deyir ki, danışıqlarda yüksək irəliləyiş əldə olunub, yaxud da bildirir ki, İran hərbi zərbələrlə məhv edilə bilər. Taktikanın əsas məqsədi strateji hədəfə- İranın danışıqlar masasında, xüsusilə nüvə məsələsində ciddi güzəştə getməsinə və nüvə proqramından imtina etməsinə nail olmaqdır”.
Şərhçinin qənaətinə görə, bu taktika hələ ki tam effektiv nəticə vermir: “Çünki İran ABŞ-yə etibar etmir və düşünür ki, Vaşinqton bu gün fərqli danışıb, sabah hərbi zərbələr endirə bilər. Necə ki, fevral ayında danışıqların gedişində hərbi əməliyyatlar başlamışdı. Digər tərəfdən, İran ABŞ-yə qarşı alternativ təkliflər irəli sürür. Son təkliflərdən biri həm ABŞ-nin, həm də İranın Hörmüz boğazının blokadasını dayandırması və nüvə məsələsi üzrə müzakirələrin sonraya saxlanılmasını nəzərdə tutur. Təbii ki, ABŞ bu təkliflə razılaşmayıb. ABŞ-nin mövqeyi müharibədən əvvəlki vəziyyətin bərpasına əsaslanır. Bu müddət ərzində İrana qarşı hərbi əməliyyatların davam etdiyi, arada qismən atəşkəsin olsa da, vəziyyətin tam sabitləşmədiyi bildirilir. ABŞ qüvvələrinin regionda yerləşdirilməsinə və əməliyyatlara böyük vəsaitlər xərclənib. Bu proses Trampın daxili siyasətdə reytinqinə də mənfi təsir göstərib. Buna baxmayaraq, İran öz mövqeyini dəyişmir və atəşkəs razılaşmasına getmir. ABŞ isə bu ssenarini qəbul etmir. Ona görə də İrana qarşı hərbi, siyasi və iqtisadi təzyiq kampaniyasının davam edəcəyi gözlənilir. Trampın dediyinə görə, Hörmüz boğazı ilə bağlı proseslər aylar çəkə bilər. Görünən odur ki, strateji məqsəd İranın iqtisadi cəhətdən zəiflədilərək danışıqlar masasına gətirilməsidir. Bu vəziyyət regiondakı qeyri-sabitliyi daha da artırır və enerji qiymətlərində kəskin dəyişiklik yaratmasa da, həm İranın, həm də qlobal iqtisadiyyatın zərər görməsi ehtimalını saxlayır”.
S. Zahidov sonda əlavə edib ki, ABŞ rəhbərliyi imkan yarandığı təqdirdə, İranın zəif nöqtələri aşkar edilərsə, hərbi zərbələrin endirilməsi variantını da istisna etmir.
Fatimə Məmmədova
20:23 01.05.2026
Oxunuş sayı: 79