ONLARIN MƏQSƏDİ NƏDİR? - 20 Yanvar faciəsinə hörmətsizlik, yoxsa unutqanlıq?
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən və Rusiyanı açıq şəkildə dəstəkləyən bir sıra təşkilatlar var. Bu qurumların sosial şəbəkələrdə yaydığı bəzən yanlış, bəzən isə məqsədli şəkildə paylaşımları vətəndaşların haqlı narazılığına səbəb olur. Xüsusilə 20 Yanvar kimi xalqın yaddaşında dərin iz buraxan faciələrlə bağlı edilən bəzi paylaşımlarda hadisələrin mahiyyəti demək olar ki, kölgədə saxlanılır. Belə paylaşımlarda 1990-cı ilin yanvar hadisələrinin başvermə səbəbləri, sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qırğın, Bakıda həyata keçirilən qanlı əməliyyat və bu faciənin arxasında dayanan real məsul tərəflər barədə ya ümumiyyətlə danışılmır, ya da mövzu “neytral cümlələr” arxasında gizlədilir. Nəticədə 20 Yanvardakı tarixi həqiqətlər sadəcə formal bir kədər paylaşımı səviyyəsinə endirilir və cəmiyyət bunu haqlı olaraq həqiqətlərin təhrif edilməsi kimi qəbul edir. Milli kimliyə məqsədyönlü şəkildə zərər vurmağa çalışan qurumlardan biri də Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır.
Qeyd edək ki, bu cür hallar ilk dəfə baş vermir. Son illər müxtəlif adlar altında fəaliyyət göstərən, xarici yönümlü və ya xarici kimlik daşıyan ictimai qurumların sayı artıb. Azərbaycanda fəaliyyət göstərən hər bir təşkilat, xüsusilə də gənclərlə çalışan qurumlar milli yaddaşa hörmət etməli, tarixi həqiqətləri gizlətməməli və faciələrə münasibətdə “ikiüzlü diplomatiya” görüntüsü yaratmamalıdır. Əks halda, bu yanaşma təkcə narazılıq doğurmur, həm də cəmiyyətin milli dəyərlərinə qarşı laqeyd münasibət kimi qiymətləndirilir.
Bu barədə ekspertlər Crossmedia.az-a açıqlama verib.
Siyasi şərhçi Azər Həsrət qeyd edib ki, Azərbaycan Respublikasının bütün vətəndaşları etnik kökənindən, dini görüşlərindən asılı olmayaraq bərabərdirlər. Belə ki, heç kimi etnik kökəninə görə ayrı saxlamırıq, onlara qarşı ayrı-seçkilik niyyətimiz yoxdur. Amma Azərbaycan vətəndaşı olan hər kəs də Azərbaycan dövlətinin dəyərlərinə, millətin həssas məsələlərinə uyğun yanaşma sərgiləməlidir: "Ona görə də Azərbaycan-Rus Gəncləri Assosiasiyasının bu paylaşımı məndə əsəb yaradır. Bu ilk dəfə deyil ki, onlar bu cür davranır. Bir müddət öncə onlar Azərbaycan adından Qırğızıstanın paytaxtı Bişkekdə, rusların bir toplantısında iştirak etmişdilər. Həmin toplantıda Azərbaycan bayrağı da asılmışdı. O bayrağın yanında Rusiyanın işğalı altındakı Abxaziyanın və Güney Osetyanın da parçaları bayraq adı ilə asılmışdı. Və ən dəhşətlisi də budur ki, Azərbaycandan gedən həmin rus gəncləri o əski parçaların fonunda şəkil çəkdirmişdilər. Yəni, onlar özlərinə sual verməmişdilər ki, Azərbaycan dövlətinin tanımadığı, Rusiyanın işğal etdiyi bir torpağın əski parçasını bayraq deyib, niyə başımın üzərinə qaldırım? Bu artıq Azərbaycan dövlətinin siyasətinə hörmətsizlikdir. 20 Yanvarla bağlı paylaşım edəndə orada ifadəni belə işlədirlər: “həlak olanlar”. Sanki bir qəza olub, kimlərsə həlak olub.

Orada söhbət həlak olanlardan getmir. 20 Yanvarda bizim insanlarımızı öldürüblər. Bu, həlak olma deyil. Həlak olma təbii hadisə nəticəsində, yol-nəqliyyat hadisəsində ola bilər, amma konkret olaraq bizim soydaşlarımızı Rusiyanın işğalçı qüvvələri həmin gecə və ondan sonraki günlərdə öldürüblər.
Paylaşımda öldürülənlər haqqında danışılmalıdır. Əgər öldürülənlərdən danışırıqsa, öldürənləri də qeyd etməliyik. Kim öldürüb? Rusiya deməsələr də ən azından Sovet İttifaqı deyə bilərdilər. Əlbəttə ki, bu da Moskvanın cinayətlərini ört-basdır etmə cəhdindən başqa bir şey deyil. Azərbaycan vətəndaşı olub da, sən Moskvanın cinayətlərinə ortaqlıq edirsənsə, onları ört-basdır etməyə çalışırsansa, artıq dövlətin müvafiq qurumları səninlə məşğul olmalıdır".
Ekspert qeyd olunan assosiasiyanı uzun müddətdir izlədiyini bildirib: "Fəaliyyətində bir qayda olaraq iştirakçıların 90%-i qeyri-ruslardır. Yəni, bu, konkret rus millətinə aid təşkilatdır. Və rus olmadan o təşkilatın işində iştirak edən qeyri-rusları, təbii ki, başqa millətdən olan azərbaycanlıları, şəxsən mən anlamaqda çətinlik çəkirəm. Yəni, niyə adamlar bir etnik ad altında olan təşkilatda özlərini onun bir parçası sayaraq iştirak edirlər? Rus olmadan o Assosiasiyanın işində iştirak edən azərbaycanlılar bu suala cavab versinlər: onları ora bağlayan nədir, nə sövq edir? Burada onları ora cəlb edən əsas məsələ rus dilidir, rus bağlılığıdır, rus həvəskarlığıdır. 20 Yanvar şəhidlərini ziyarət edərkən, faktiki olaraq altı nəfər adamla gediblər, o altı nəfərin də hamısı bunların üzvləri deyil, orada digərləri Azərbaycandakı rus icmasının nümayəndələridir. Yəni, bunlar böyük tədbirlər keçirə bilirlər, amma Azərbaycanın ümumilli hüzn günündə, Azərbaycan xalqının ümumi dərdini nümayiş etdirməyə gələndə Assosiasiya 5 nəfər, 10 nəfər tapıb şəhidlər xiyabanına apara bilmir. Və bu da ilk dəfə deyil. Xocalı abidəsinin ziyarətində də bunu müşahidə etmişəm. Bu adamlar bizim dərdlərimizi bölüşmürlər. Bunlar üçün Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqları yoxdur. Bunlar üçün Moskvanın maraqları var".
Ekspert həmçinin onların embleminə diqqət yetirməyi təklif edib, belə ki, burada yalnız rus dilində paylaşırlar: "Nadir hallarda 100 paylaşımdan birində Azərbaycanca nəsə yazarlar. Hesab edirlər ki, Azərbaycan Respublikasının vətəndaşıdırlar. Lakin onlar bu dövlətin dilini heç bilmir".
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza isə qeyd edib ki, milli təhlükəsizlik baxımından dövlət şübhəli bilinən qurumları tam olaraq nəzarətdə saxlamalıdır: "Əgər milli təhlükəsizliyə bir təhdid, şübhəli məqamlar varsa bunlara dövlətin anonimliyinin qorunması ilə nəzarətə götürülməlidir. Rus gəncləri, yaxud fərqli ölkənin gəncləri olsun onlar birləşib ictimai fəaliyyət göstərə bilər. Amma yenə də bu cür xarici adlar altında təşkil olunmuş bütün qurumlar milli təhlükəsizlik baxımından izlənilməlidir.

Qeyd edilən qurum da həmçinin gənclər təşkilatı kimi görünür. Son illərdi çox fəaldır. Deyərdim ki ən çox aktivlik göstərən təşkilatlardan biridir. Təbii ki, bu kimi xarici dövlətlər tərəfindən maliyyələşdirilən təşkilatlarda nəzarət güclü olmalıdı".
Fatimə Məmmədova
14:44 23.01.2026
Oxunuş sayı: 989