Araşdırma

Erkən türklər kimdir? - ARAŞDIRMA (I yazı)

I yazı

Şumerlər. Ön Asiyanın ən qədim və dövlətçilik təcrübəsinə malik köklü xalqlarından biri də şumerlərdir. Şumerlər İkiçayarasına gəlmə xalq hesab edilir. Ehtimala görə, e. ə. VII-VI minilliklərdə Mərkəzi Asiyanın bozqırlarından İkiçayarasının cənubuna –Şumer ölkəsinə axın edərək burada digər xalqlarla qonşuluqda məskən salmışlar. Şümerlərin Anadoludan, Şərqi Ön Qafqazdan, İrandan, o cümlədən Elamdan, hətta Hindistandan və Hind-Çindən gəlmələri barədə mülahizələr də irəli sürülmüşdür. S.Kramerin fikrincə, şumerlər e. ə. IV minillikdə Urmiya gölü hövzəsindən İkiçayarasına gəlmişlər. Bir çox alimlər şumer xalqının müxtəlif dillərdə danışan etnosların birləşməsindən yarandığını, lakin burada şumer dilinin üs-tünlük təşkil etdiyini qeyd edirlər. Şumer dilinin heç bir qədim və müasir dil ilə qohumluğu müəyyən edilməmişdir. Əksər şumer sözləri türk dillərinin leksikası baxımından araşdırılmışdır.

Alman alimi F.Hommel şumerlərin Mərkəzi Asiyadan gəlməsi və şumer dilinin Altay türk dilləri ilə qohum olması müddəasını müdafiə etmiş və bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini vermişdir. Ondan fərqli olaraq, B. Brentyes şumerlərin şimal-şərqdən, Urmiya gölü höhzəsindən (Cənubi Azərbaycan), yaxud Şərqdən gəldiyini ehtimal edir. Türk tarixçisi Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer sözünün türk leksikası ilə müqayisəsini vermişdir. O.Tuna fonetik səs əvəzlənməsi prinsipinə (eyni zamanda L~Ş, R~Z) əməl edərək qərbi və şərqi türk dilləri ünsürlərinin şumer dilində əks olunduğu qənaətinə gəlmişdir. Müəllif belə nəticəyə gəlir ki, qədim türk etnosları e. ə. IV minilliyin ortalarında Ön Asiyada yaşayırdılar və o zaman türk dilləri şərq və qərb qollarına ayrılmışdır. Çox güman ki, bu hal proto-türklərin şərqə doğru hərəkəti ilə bağlı olmuşdur.

Mərkəzi Asiyadan olan dilçi alim A.S.Amonjalov iyirmidən artıq şumer sözlərinin türk sözləri ilə oxşarlığını fonetik qanunauyğunluqlar əsasında açıb göstərmişdir. O.Süleymanov, A.Məmmədov, İ.M.Miziyev və başqaları şumer-türk leksik paralellərini qeyd etmişdir. Bu da şumerlərin İkiçayarasına gəlişi və məskunlaşdığı zaman baş vermişdir. Bununla da türk dillərinin tarixi daha qədimlərə gedib çıxır və həm də Ön Asiyanın ərazisi ilə bağlanır.

E. ə. III minillikdə Azərbaycan ərazisində təşəkkül tapmış prototürk tayfalarından olan kuti, lullubi, kimmer, skif, sak tayfalarının qonşu ölkələrə, o cümlədən Şumerə axınları olmuşdur. Kutilər İkişayarasına axın edərək 100 il buranı əmin-amanlıq şəraitində idarə etmişlər. Lakin e. ə. III minilliyin sonlarında sonuncu Uruk hakimi olan mənşəcə kuti sülaləsinə mənsub Tirikana qarşı baş verən qiyam nəticəsində hökmdar öldürülmüş və kutilər Şumer ölkəsindən qovulmuşdur.

Kimmerlər/Qamerlər. Antik müəlliflər e. ə. VIII əsrdə Qara dənizin şimalındakı geniş çöllük ərazilərdə kimmer, skif və savromat (sarmat) tayfalarının yaşadığını qeyd edirlər. Krım yarımadası və Kerç həmçinin kimmerlərin məskunlaşdığı əraziyə daxil idi. R.Qrousseyə görə, onlar Don və Dunay çayları arasındakı ərazidə məskən salmışdılar. Y.Yusifov e. ə. V əsrdə Qara dənizin şimal çöllərində “kimmer” adı ilə əlaqədar yer adlarının (toponimlərin) qaldığını qeyd edir. İndiyədək hansı arxeoloji mədəniyyətin kimmerlərə aid olması müəyyən edilməmişdir. M.İ. Artamanov və A.P.Simirnov Qara dənizin şimal bozqırlarında geniş yayılmış katakomba arxeoloji mədəniyyət abidələrinin kimmerlərə aid olduğunu yazırlar. Bunu katakomba qəbirlərin orada e. ə. II minilliyin II yarısından ortaya çıxması ilə əlaqələndirirlər.

E. ə. XII-VI əsrlər arasında yaşadığı güman edilən qədim yunan şairi Homerin“Odisseya” əsərində kimmerlər ilk dəfə “at südü içənlər” kimi səciyyələndirilir. O, həmçinin kimmerlərin “günəş nuru çatmayan bir ölkədə” yaşadığını qeyd etmişdir. Belə ki, Homerdə rast gəlinən kimmer formasını sonralar antik dövr müəllifləri (Aristey, Hekatey, Heredot və b.) ənənəvi olaraq saxlamışlar. Hətta Pomponi Mela (I əsr) Xəzər yaxasında komar, şimal bölgələrdə isə kimmer boyunun yaşadığını yazır ki, bu, əlbəttə, keçmiş məlumatın mexaniki təkrarıdır. İ.M. Dyakonov“Midiya tarixi” kitabında kimmer etnonimini özünüadlandırma, yəni bu adı daşıyanların öz dillərində olan ad hesab edir. V.İ.Abayev isə kimmerlərin irandilli olmasının və onlara kənardan ad verilməsinin üstündə dayanır. Kimmer sözünü “həmişə hərəkətdə olan” mənasını ifadə etdiyini ilk dəfə V.A.Livşits irəli sürmüş və sonra da Abayev, Dyakonov bu fikri təsdiqləmişlər. Fikrimizcə, bu türk etnosunun adı Qamer/Kamer/Kəmər yaxud da Qəmər/Qımır formasında olmuş, kimmer şəklində isə qədim yunanlar tərəfindən onlara kənardan verilmiş, digər xalqlar tərəfindən də təkrarlanmış endoetnonim formasıdır. Qeyd edək ki, kimmerlərin Şərqi Anadoluya gələrək burada məskən saldıqları ərazi akkad mənbələrində Qamerra, assur mənbələrində Qimirra, V əsrə aid erməni mənbələrində Qamirk kimi göstərilmişdir. Müasir dövrdə Türkiyənin şərqində Kəmərək adlı əyalətin olduğu qeyd edilir. Azərbaycan tədqiqatçıları bu etnonimin indiyədək Arazın hər iki tayında, Ermənistanda, Gürcüstanda və Şərqi Türkiyədə bir sıra Kamar, Kəmərək, Kəmərli, Qəmərli, Qımır, Qımırlı kənd adlarında qaldığını yazmışlar. Bəzi Avropa və rus alimləri kimmer/qamer boyunu skitlərdən ayırıb kelt, trak (frak), tavr, irandilli və ya qafqazdilli xalq kimi verməyə çalışsalar da, bir nəticə əldə edə bilməmişlər. Hətta A.A.Nayxart bir qədər də irəli gedərək həyat tərzi və dil (İran?) oxşarlığına söykənən kimmer-skit qohumluğu məsələsini müasir elmdə geniş yayılmış hipotezlərdən hesab edir. Halbuki antik tarixçi Prokopi 554-cü ildə qələmə aldığı “Yustinian müharibələrinin tarixi” adlı VIII kitabında yazırdı ki, “...Dəniz sahilləri boyunca zixilər, onlardan sonra saqinlər yaşayırlar. Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından (Azaq/Azov dənizi) Tanais (Don) çayının “bataqlığa” tökülən yerinə qədər “çoxlu hun” tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmerlilər, indi isə uturqurlar (türklər) adlandırırlar”. Utiurqur boyu isə hunların 24 qolundan birinin adıdır. 

Hunların türk mənşəli xalq olduğu isə heç kəsə sirr deyil. Qeyd edim ki, ondan da əvvəlki antik dövr müəllifləri kimmer/qamer boyunu kımız içən saqa/saka (türk) boylarından saymışdır. Deməli, hunların Qərbə və ya Avropaya doğru birinci Böyük axınını (e. ə. III əsrdən eramızın V əsrinə qədər) nəzərə alsaq, kimmerlərin hunlardan çox-çox əvvəl e. ə. III-II minilliklərdə Qara dənizin şimalında, Meotiya düzlərində və Qafqazda yaşadıqları, formalaşdıqları və bir araya gəldiklərini görmüş olarıq.

Kimmerlərin Qara dənizin şimal çöllərinə haradan gəlmələri ilə bağlı elmdə dəqiq məlumat yoxdur. Bir sıra tarixçilər (N.L.Çlenova, A.İ.Terenojkin) kimmerlərə məxsus daş heykəllərin Mərkəzi Asiyadakı “maral daşları” ilə əlaqəli olduğunu qeyd edirlər. Həmçinin kimmerlərin Sibirdəki Karasuq mədəniyyətinin sahiblərinə məxsus xəncər və at yüyənlərinə oxşar əşyalardan istifadə etmələri onların Sibirdən və Mərkəzi Asiyadan gəlmə olduqlarını deməyə əsas verir. 

Herodotun verdiyi məlumata görə, e. ə. VIII əsrdə Mərkəzi Asiyadan Xəzər dənizinin şimalından keçərək Qara dənizin çöllük ərazilərinə -kimmerlərin ölkəsinə skiflərin kütləvi axını baş verir. Q.Qeybullayev kütləvi axının qarşısında duruş gətirə bilməyən kimmerlərin bu axına qoşularaq Qara dənizin qərb sahili boyu ilə cənuba doğru enərək iki qismə ayrıldığını, bir hissəsinin buradan Şərqi Anadoluya, bir hissəsinin də Dəryal keçidini keçərək Transqafqaza və Ön Asiyaya yayıldığını qeyd edir. F.Ağasıoğlu isə saka-qamer/kimmerlərin əslində vaxtilə Ön Asiyadan və Urmu gölü hövzəsindən Şimal və Şərq ölkələrinə köç etmiş türk boyları içərisindən əvvəlki Ata yurda qayıdan ilk boylar olduğu mülahizəsini irəli sürür. Müəllifin digər bir toxunduğu maraqlı məqam ondan ibarətdir ki, saqa-qamər/kimmer boyları tarixdə ilk dəfə Qafqaz dağlarından Urmu gölünə qədər Quzey və Güney Azərbaycan arasında körpü salmış, Arazın sağ və sol yaxalarını burada qurduqları dövlətin sərhədləri daxilinə qatmışlar. Digər tədqiqatçılara görə, əvvəlcə Volqa ilə Ural arasında yaşamış kimmerlərə aid əşyalar Qazaxıstanda Andronovo arxeoloji mədəniyyəti ilə eynilik təşkil edir. E. ə. 715-ci ildə kimmerlər Ururtuya yürüş edib I Rusanın qoşunlarını əzmiş, Şərqi Anadolunu tutaraq Assuriya ərazilərinə yeni təhlükə törətmişdilər. Sonralar kimmerlərin bir hissəsi Kiçik Asiyadan Manna ərazisinə keçərək buranın yerli əhalisi olan türklərlə - mannalar və madaylarla qaynayıb-qarışırlar. S.Əliyarlı Güney Azərbaycanda bu günə kimi Komar, Kəmər, Kəmərdaran kimi yer adlarının qalmasını kimmerlərin bir vaxtlar Mannada yaşaması ilə izah edir.

Skiflər və saklar. Təxminən e. ə. 800-cü illərdə Monqolustan və Türküstan- da meydana gələn və uzun sürən təbii quraqlıq nəticəsində Mərkəzi Asiyanın və Cənubi Rusiyanın bozqırlarında tayfaların parçalanması, qaynayıb-qarışması ilə müşayiət olunan böyük siklopik yerdəyişmələr baş verdi. Xüsusilə, otlaqların quraqlıq səbəbindən quruması nəticəsində şərq bozqırlarında yaşayan maldar hun (hiung-nu) qəbilələrinin Çinin şimal-qərb sərhədlərinə yerdəyişməsinə yol açdı. Bu yerdəyişmələrdən faydalanan digər türk tayfası olan iskitlər iki hissəyə bölünmüş, bir hissəsi Sırdərya sahillərinə gələrək burada məskunlaşmışdılar. Əhəmənilər onları “tiqrahauda saklar”, yəni “şişpapaqlı saklar” adlandırırdılar. Digər hissəsi isə qərbə doğru hərəkətlənərək e. ə. VIII əsrdə Xəzərdən Qara dənizə, oradan da Dunay çayına qədər uzanan geniş coğrafiyaya yayılmış və kimmerlərin ölkəsində məskunlaşmışdılar. İskitlərin Şimali Qara dəniz sahillərinə və Ön Qafqaza gəlişi ehtimallara görə e. ə. VIII əsrin ikinci yarısına təsadüf edir. Herodot və Diodor iskitlərin Araz çayı sahillərindən gəldiklərini bildirirlər. Herodota görə, iskitlər Asiyada yaşayırmışlar və massagetlər müharibə zamanı onları bu yerlərdən qovmuşlar. İskitlər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlər ilə döyüşdə qələbə çalmış və onların bir qismini əsarət altına almışdılar. Kimmerlərin digər böyük qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun məlumatında iskitlər kimmerlərin arxasına düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsilə Ön Asiyaya çatmış, Ön Qafqaza və İranın şimalına yayılmışdılar. E. ə. 700-680-ci illərdə iskitlər Azərbaycanı fəth edərək burada Kimmer-İskit-Sak padşahlığını yaradaraq siyasi hadisələrə müdaxilə etmişdilər. E. ə 625-ci ildə maday hücumları qarşısında duruş gətirməyən İskit padşahlığı süquta uğramış, türksoylu iskitlərin bir hissəsi Azərbaycandakı əhali ilə qohum olduğundan qalaraq xalqın etnogenez prosesində iştirak etmişdilər. Bunu bu günə qədər Azərbaycanın müxtəlif şəhər və kənd adlarında qorunub-saxlanılan toponimlər təsdiq edir. Belə ki, Zaqatala sözünün “sak talası”, Balasakan sözünün “geniş sak düzləri”, Şəki sözünün “Saki”-“Şaki”-“Şəki”, Yuxarı Qarabağın erkən orta əsr mənbələrində “Ərsak” və ya “Arsak” formasında fonetik dəyişikliyə uğradığını qeyd etmək lazımdır. Bir maraqlı məsələni də qeyd etmək lazımdır ki, qonşu xalqlar onları digərlərindən fərqləndirmək üçün Azərbaycan “düzpapaqlıları” adlandırırdılar. Bunu onların başlarına konusvari formada qoyduqları papaqlarla əlaqələndirirdilər.


İskitlərin digər hissəsi isə e. ə. VII əsrin sonlarında Şimali Qafqaza keçmiş, oradan da Qara dənizin şimal çöllərini zəbt edərək burada qəti olaraq möhkəmlənmişdilər. Herodot Qara dənizin şimal çöllərində məskunlaşan skifləri “çar skiflər”, əhəmənilər isə onları “dəniz arxası saklar” – paradarayyalar adlandırırdılar. Beləliklə tarixi qaynaqlar bəhs olunan dövrdə ayrı-ayrı coğrafiyalarda iskitlərin üç müxtəlif qruplaşmasının meydana gəldiyini qeyd edir:

1. Mərkəzi Asiyanın “şişpapaqlı saklar”ı –tiqrahaudalar;
2. Azərbaycandakı “düzpapaqlı saklar”;
3. Heredotun “çar skiflər” adlandırdığı Şimali Qara dəniz iskitləri.

Göründüyü kimi, e. ə. VIII-VII əsrlərdə Ön Asiyada və Qafqazda türksoylu əhali dominantlıq təşkil edirdi. İskit etnoniminə mixi yazılarda işquz və ya aşquz kimi rast gəlinir. Etnonimin qədim türk sözü olduğunu və “içəri quz” və ya “içəri oğuz” mənasını ifadə etdiyini bildirən tədqiqatçılar adın tədricən fonetik dəyişikliyə uğrayaraq iskit və ya skif formasına düşdüyünü qeyd edirlər. Qeyd edək ki, iskit adı etnik addan daha çox siyasi anlam daşımış və geniş coğrafiyaya yayılmış tayfaların ümumi adına çevrilmişdir. Skif tayfa ittifaqı etnik baxımdan yekcins deyildi, özündə türkdilli tayfalarla yanaşı, irandilli tayfaları da birləşdirirdi. Lakin türksoylu tayfalar daha üstün mövqelərə malik idilər.

Mixi yazılarda işquz və ya aşquz adlanan iskitlər e. ə. VII əsrin 70-ci illə- rində Assuriyaya qarşı mübarizədə mannaların müttəfiqi kimi çıxış edirdilər. Herodot ilə Stabonun “İranlılar iskitləri saka adlandırır” demələri əsas götürülür. S. Əliyarlı yazır ki, əslində iskit və sakalar asiyalı qohum tayfalar sayılsalar da, tarix səhnəsindən silinənə kimi öz adlarını saxlayıblar. Qədim assur yazıları işquza və saka kimi göstərməklə onları bir-birindən ayırırlar. Mərkəzi Asiya və Qazaxıstanın yerli əhalisi sayılan sakaların bir hissəsi e. ə. VII əsrin ortalarında Xəzər dənizinin cənubundan dolanıb Transqafqaza daxil olmuş, Sakasena vilayətində qonşuluqdakı torpaqlarda uzun müddət yaşamışlar.

İskit, saka və massagetlərin etno-dil mənşəyi ətrafında mübahisələr bu gün də davam etməkdədir. Hind-Avropa konsepsiyasına görə, kökcə Mərkəzi Asiya, Qazaxıstan, Ural, Altay, Cənubi Sibirdən olan bu tayfalar guya, tamamilə irandillilər imişlər. Tarixi həqiqət bundan ibarətdir ki, yuxarıda adlarını qeyd etdimiz geniş coğrafi məkanlar ta qədimdan türkmənşəli etnosların ərazisi hesab olunur. Ari mənşəli tayfalar e. ə. II minilliyin əvvəllərində Cənub-Şərqi Avropadan Şərqə hərəkət edərək Mərkəzi Asiyaya gəlmiş və yerli türk mənşəli tayfaların ərazisinin bir hissəsini zəbt etmişlər. Bundan sonra, Amudərya çayı qədim türkləri və ariləri ayıran sərhədə çevrilmişdir. Arilərin bir hissəsi e. ə. II minilliyin ortalarından gec olmayaraq Hindiquş dağlarını aşaraq indiki Hindistan ərazisində məskunlaşmışlar. Mərkəzi Asiyada qalan arilər isə eradan əvvəl I minilliyin əvvəllərində iki yerə bölünmüşlər. Onların bir hissəsi (farsların, kürdlərin, talışların, tatların ulu əcdadları) İran yaylasına gəlmiş, digər hissəsi isə (indiki taciklərin, əfqanların, Pamirin iran-dilli kiçik xalqlarının əcdadları) Mərkəzi Asiyada qalmışlar. Herodot skifləri dörd qrupa ayırmışdı. Birinci qrupa Buq çayı sahillərində yaşayan əkinçi skiflər daxil idi. Bu tayfalar ehtiyacları üçün, həm də satış məqsədilə taxıl əkirdilər. İkinci qrupa Dnepr çayının aşağı axarlarında yaşayan və əkinçiliklə məşğul olan skiflər, üçüncü qrupa Herra çayına qədər olan ərazidə yaşayan və hauma şirəsi hazırlan köçəri skiflər–haumavarqa saklar), nəhayət dördüncü qrupa Herra çayının qərb hissəsində padşah mülkləri adlanan ərazidə yaşayan skiflər daxil idi. Herodot bunları “hökmdar skiflər” və yaxud “çar skiflər” adlandırırdı. Əkinçiliklə məşğul olan skif tayfaları köçəri həyat sürürdülər. Bu tayfalar Krım yarımadasının şərq hissəsindən başlayaraq Don çayına qədər olan ərazidə yaşayırdılar. “Hökmdar” adlandırılan skiflər arasında qəbilə-tayfa quruluşu getdikcə tənəz-zülə uğramışdı. Bu tayfalar arasında hakimiyyət ayrı-ayrı rəislərə məxsus idi. Herodot bu rəislərin ən böyüyünü padşah adlandırırdı. Herodot perslərlə iskitlərin eyni dildə danışmadığını, adət-ənənələrin fərqli olduğunu qeyd edir. Herodot sarmatların iskit/saka dilini “bərbad şəkildə danışdıqlarını” ifadə edir. Laypanov, Miziyev qədim yunan, roma, bizans, ərəb, pers qaynaqlarından heç birinin iskitlərin yaşam tərzi, mədəniyyətləri, inancları və əxlaqlarına aid ən kiçik detalları nəzərə alaraq onların pers dilində danışdıqlarını müdafiə etməmişdir. Saklar iskit tayfası hesab olunurlar. Strabon yazırdı ki, iskitləri həmçinin sak adlandırırlar. Menandr isə bütün türklərin qədimdə saklar adlandırıldığını və genişərazidə təmsil olunduğunu söyləyir. İlk dəfə “sak” adı e. ə. VII əsrin ortalarına aid Assur mixi yazılarında, sonra isə VI əsrin sonunda Bisütun kitabəsində çəkilmişdir.

Çin mənbələrində isə ilk dəfə sak adı təxminən e. ə. VI əsrin sonunda, daha dəqiq desək, 514 və ya 512-ci ildə çəkilir. Bu adı çinli tarixçilər “San” yaxud “San-vanq” kimi işlətmişlər. Yunan və pers mənbələrində sak adı eramızdan əvvəl VI əsrdən başlayaraq çəkilir. Sakların bir qismi Azərbaycan ərazisində məskunlaşmışdılar.

Qədim hind mənbələrində saklar e. ə. 150-100-cü illərdə bu ölkəyə gəlmiş və burada məskunlaşmışlar. E. ə. 329-cu ildə Makedoniyalı İsgəndər Mərkəzi Asiyaya gələrkən saklar Sırdərya sahillərində yaşayırdılar. Yuetçilərin güclü basqınları ilə onların bir hissəsi Qərbə, digər hissəsi isə Hindistana doğru axışıb getmişlər.

Məlumdur ki, saklar 20-yə yaxın tayfanı özündə birləşdirirdi. Lakin tarixi mənbələr onları zamandan asılı olaraq, ya skif, ya sak, ya da massaget kimi qələmə vermişlər. Oğuzlarda olduğu kimi, iskit tayfalarında da kənardan təhlükə olduğu halda 20-yə yaxın skif tayfası yığışaraq məşvərət keçirir, müharibənin aparılması yollarını müzakirə edirdilər. Herodot onların həyat tərzini, adət-ənənələrini geniş təsvir etməklə tarixin bir çox düyünlərini açmış, min illərlə cavabı olmayan suallara kifayət qədər aydınlıq gətirmişdir. Maraqlıdır ki, e. ə. I əsrdə Siciliyalı Diador yazır ki, saklar və massagetlər böyük skif xalqına aiddirlər. Herodot bəzi iskit tayfalarının oturaq, bəzilərinin köçəri həyat sürdüyünü göstərir, onların hansının maldarlıqla, əkinçiliklə, balıqçılıqla məşğul olduqlarını qeyd edir. Herodot bütövlükdə İskit elinin uzunluğunun 40 min stadiya təşkil etdiyini yazır. Herodot İskit elinin Qara dənizin şimal sahillərində, Azov dənizi ətrafında, Dunay, Dnepr, Don çayları arasında, Şimali Qafqaz, Ön Asiya və Azərbaycanda yerləşdiyini göstərir. Sakların başlıca məşğuliyyəti maldarlıq olmuşdur. Onlar e. ə. II minillikdə və daha qədim dövrdə Mərkəzi Asiya, Sayan-Altay dağlarının şimal-qərbində, Yenisey çayı sahillərində mal-qaralarını, qoyun sürülərini, at ilxılarını saxlamışlar. E. ə. II minilliyin sonu–I minilliyin I yarısında türklərin axını və ya yerdəyişmələri daha geniş ərazidə baş vermişdir. Onların bir hissəsi Altaydan Şərqə doğru, bir hissəsi isə Uralı aşaraq Volqa çayı sahillərinə və oradan da Qərbə doğru yayılmışlar. Altay dağının ətəklərində və Qərbi Sibirdə aparılan arxeoloji qazıntılar bu fikri təs-diq edir. Şərqi Altayda aşkar olunan kurqanların çoxu e. ə. VI-V əsrlərə aiddir. İskitlərin antropoloji tipi ilə bağlı alimlər arasında yekdil fikir yoxdur. Bəzilərinin fikrincə, iskitlərin hamısı avropalı idi. Bir sıra antik tarixçilərin fikrincə, onların bəziləri xalis iskit yox, monqol tayfaları idi. Herodot skif sayılan xalqlar arasında monqoloid tayfalarının olduğunu qeyd etmişdir. İskitləri yaxşı tanıyan yunan müəllifləri bu gözəl üzlü insanların gözəl bədən quruluşuna malik olduqlarını qeyd etmişlər. Kurqanlardan tapılan əşyaların üzərindəki skif təsvirləri onların avropalı olduğunu göstərir, monqoloidlərin sayının az olması, lakin hər halda orada olması tezisini təsdiqləyir. Məşhur Hippokrat “Hava, su və yerlər haqqında” adlı əsərində iskitlərin zahiri görünüşünü təsvir etmişdir. İlk növbədə, onların uzunbaş olduqlarını vurğulayır və bunu onunla əlaqələndirir: “Uşaq doğulan kimi sümükləri hələ yumuşaq ikən əlləri ilə başını sıxaraq sarğı və ya maska ilə başın böyüyərək uzunsov formaya düşməsini hədəfləyirlər”. Hippokrat sözünə davam edir: “Bütün iskit tayfaları –soyuq iqlimə görə sarışındırlar, çünki günəş kifayət qədər nüfuz etmir və ağ rəng soyuqdan yanıb sarışın olur”.

V.P.Alekseyev avropalı skiflər haqqında yazır: “Onlar adətən avropalı idilər, iri başları, nisbətən düz və enli üzləri, kifayət qədər iri cüssəli vücudları və qeyri-adi dərəcədə hündür boyları var idi”. Laypanov və Miziyev “Türk xalqlarının mənşəyi” adlı əsərdə qeyd edirlər ki, bəzən dilçilik də daxil olmaqla “bütün məlumatlar əsasında” başqa etnik qruplara mənsub xalqların olmasına baxmayaraq, skiflərin əslən və mütləq türk olduqlarına inanırıq”.

İskitlər e. ə. IV əsrin ortalarında Don çayı ilə Dunay çayının aşağı  axarlarınadək olan bozqırlarda ikinci müstəqil dövlətlərini yarada bilmişdilər. Onların ilk hökmdarı Atey olmuşdur. Antik müəllif Mark Yulian Yustin Ateyi “skiflərin çarı Atey” adlandırır. Qərbə doğru ərazilərini genişləndirməyə davam edən iskitlər e. ə. 339-cu ildə Dunaya yaxın bir yerdə Makedoniyalı II Filiplə qarşılaşmış, nəticədə 90 yaşlı Atey həlak olmuşdur. Bu məğlubiyyət sakların nüfuzuna böyük təsir et-miş, xeyli güc itirmişdilər. II Filipp iskitlərdən 20 min nəfər qadın və uşaq əsir, çoxlu mal-qara və 20 min baş at aparmışdı. Bu azmış kimi, iskitlər Dunay, Donetsk və Dnepr bölgələrini tərk etməli olmuşlar. Beləliklə, Avropadakı iskitlər iki hissə-yə bölündülər. İskitlərin bir qolu Dunay bölgəsindəki “Kiçik Skifiya” kimi tanınan Dobrucaya yerləşdilər. Qeyd edək ki, Dobruca romalılar tərəfindən fəth edilənə qə-dər iskitlərin əlində qalmışdır. Digər bir iskit qolu isə Krımda məskən salmalı oldular. Onlar qərbdən keltlərin, şərqdən isə İtil çayının qarşısından gələn sarmatların təhtidləri ilə qarşı-qarşıya qalmışdılar.

Mənbələr yazır ki, onlar burada sarmatlara qarşı olduqca qüvvətli bir dirəniş göstərmişdilər. Lakin yaranmış vəziyyətdən istifadə edən sarmatlar sakların üzərinə yürüş edərək onları məğlub edə bilmişlər. Bu acı məğlubiyyətdən sonra iskitlər Krım yarımadasına doğru çəkilmişlər. Sarmatlar isə e. ə. III əsrin əvvəllərində Don çayının şərq sahillərinədək irəliləyə bilmiş, əsrin sonlarına doğru isə Don çayının qərbinə keçməyə müvəffəq olmuşlar. İskitlərin Qara dənizin quzey bozqırlarındakı varlığı b. e. II əsrinə qədər davam etmişdir. Ancaq Qara dənizin şimalındakı bozqırlara doğru yönələn qotlar onların siyasi varlığına tamamilə son qoymuşdular. Nəticədə iskit dövrü e. ə. II əsrin əvvəllərində sona çatmış, sarmat dövrü başlamışdır. Beləliklə, Qara dənizin şimal çöllərində, Don və Dnepr çayları ətraflarında, Azov ətrafı düzlərdə, Ön Qafqazda, Noqay çöllərində e. ə. I minilliyin əvvəllərindən etibarən hakimiyyət rəmzi olan türk sancağı ardıcıllıqla –əvvəlcə kimmerlərin, daha sonra, güclü hərbi təşkilata yiyələnmiş iskitlərin (e. ə. VIII əsrin əvvəllərindən – e . ə. II əsrə kimi), ardınca isə sarmatların (e. ə. II əsrin əvvəllərindən – b. e. IV əsrinədən) əlinə keçmişdir. İskitləri yurdundan edən sarmatlar Qara dənizin şimalındakı bozqırlarda hegemon ünsür olaraq ortaya çıxmışlar.

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru

05:05 02.12.2024

Oxunuş sayı: 42900

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR