Harada olsam da, Azərbaycan canımda, damarımda axan qandır - MÜSAHİBƏ
Dünyada sərhədlər xəritələrdə qalsa da, kimliklər insanların qəlbində yaşayır. Xaricdə yaşayan azərbaycanlılar bu mənada təkcə bir icmanın üzvləri deyil, həm də Azərbaycanın səsi, nəfəsi və yaddaşıdır. Onlar yaşadıqları ölkələrdə milli kimliyimizi qoruyur, mədəniyyətimizi tanıdır, dövlətimizin maraqlarını təmsil edir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Diaspor fəaliyyəti bu gün sadəcə birləşmək deyil, məqsədli və sistemli şəkildə fəaliyyət göstərmək deməkdir. Mədəni tədbirlərdən elmi layihələrə, ictimai təşəbbüslərdən informasiya mübarizəsinə qədər geniş bir sahəni əhatə edən bu fəaliyyət forması xaricdə yaşayan azərbaycanlıların həm bir-biri ilə, həm də Vətənlə mənəvi bağını gücləndirir. Hər bir diaspor üzvü yaşadığı ölkədə Azərbaycanı təmsil edən canlı bir körpüyə çevrilir. Müasir dövrdə diaspor yalnız nostalji ilə yaşayan bir birlik deyil; o, gələcəyə yönəlmiş, milli maraqlara xidmət edən, intellektual və mədəni potensialını səfərbər edən gücdür. Bu güc düzgün təşkil olunduqda, Azərbaycan adını beynəlxalq müstəvidə daha da ucaldır və ölkəmizin dünyadakı mövqelərinin möhkəmlənməsinə töhfə verir. Bu baxımdan Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər Diasporu” rubrikamız çərçivəsində növbəti müsahibəmizi oxucularımıza təqdim edirik.
Bu dəfəki müsahibimiz İtaliyada yaşayan həmvətənlimiz Raymonda Xıdır-zadədir. Raymonda Xıdır-zadə Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. O, elmi düşüncə ilə yaradıcı təxəyyülü bir araya gətirən nadir sənətkarlardandır. Riyaziyyat və floristika kimi iki fərqli sahəni paralel şəkildə inkişaf etdirən Raymonda Xıdır-zadənin yaradıcılığında intizamla azadlıq, məntiq ilə duyğu ahəngdar şəkildə qovuşur.

-Floristika sizin üçün sənətdirmi, yoxsa dua forması?
-Mən Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişəm, fizika-riyaziyyat üzrə fəlsəfə doktoruyam. Amma zamanla hiss etdim ki, daxilimə sığmıram, içimdə başqa bir dünya var. Elə bu məqamda təbiətin möcüzələrindən biri olan çiçəklər dünyasına - floristika sənətinə yönəldim. Əvvəl bu sahəyə sevgi və maraqla gəldim, lakin sonradan onu ciddi bir ixtisas kimi öyrəndim, ali təhsil aldım, elmi iş yazdım və peşəkar şəkildə fəaliyyət göstərməyə başladım. Bu səbəbdən mənim üçün riyaziyyat və floristika hər zaman paralel gedir. Deyə bilmərəm ki, floristika ilə məşğul olduqdan sonra riyaziyyatdan uzaqlaşmışam. Mən bunu belə ifadə edirəm: riyaziyyat düşüncəmin məntiqidir, floristika isə ruhumun dilidir. Riyaziyyat mənə düşüncə intizamı və dəqiqlik qazandırıb, floristika isə bu intizamın içində azadlığı və mənanı tapmağa imkan verib. Çiçəklərlə işlədiyim anlarda bu iki dünya daim bir-birinə toxunur - istər kiçik, istərsə də böyük layihələrdə. Məntiq hissə çevrilir, intizam azadlıq qazanır. Mənim üçün floristika düşüncə ilə duyğunun ahəngdə səsləndiyi, musiqiyə bənzər səssiz bir haldır. Son illər “meditasiya” anlayışı çox işlədilir. Mənim üçün floristika sənəti elə meditasiyanın özüdür. Çiçəklərlə işlədiyim zaman məntiq yavaşlayır, zaman sanki əriyir, intizam azadlığa toxunur. Ölçü ilə hissin, sükutla ritmin görünməyən harmoniyası yaranır.
-Yaradıcılığınızda Azərbaycan motivlərini şüurlu olaraq seçirsiniz, yoxsa bu təbii refleksdir?
-Azərbaycan motivləri mənim üçün şüurlu seçimdən daha çox yaddaş və daxili təcrübədir. Onlar böyüdüyüm mühitdən, gördüyüm rənglərdən, formalaşdığım mədəni kontekstdən qaynaqlanır və çox zaman fərqinə varmadan işin ritminə qarışır. Yaradıcılıq prosesində bu motivlər xüsusi olaraq planlaşdırılmır. Lakin kompozisiyanın daxili ahəngi bunu tələb etdikdə, onlar təbii şəkildə üzə çıxır və işin ümumi axınına qoşulur. Bu mənada Azərbaycan motivləri mənim üçün yaradıcılığımda bir mövzu deyil, ifadə dilinin özüdür. Azərbaycan motivləri mənim üçün seçim deyil - yaddaşdır. Onlar böyüdüyüm torpağın rəngi, eşitdiyim səslər, gözümə hopmuş formalar kimi ruhumda yaşayır. Yaratma anında bu motivlər çağırılmır; onlar işin ritmi ilə öz-özünə üzə çıxır, kompozisiyanın nəfəsinə qarışır.

-Elmi keçmişiniz olmasaydı, bu günkü Raymonda Xıdır-zadə mümkün idimi?
-Elmi keçmişim bugünkü məni formalaşdıran əsas qatdır. Mən belə düşünürəm və buna inanıram. Mənim köküm, nəslim ziyalı mühitindən gəlir. Ulu babalarım, babalarım, nənələrim dəqiq elmlərlə - fizika və riyaziyyatla məşğul olan insanlar olublar. Xoşbəxtlikdən, bu elmi təcrübə nəsildən-nəslə ötürülərək mənə qədər gəlib çatıb. Bu mənada elmi keçmişim təkcə şəxsi təcrübəm deyil; mən onu qanımda, genimdə daşıdığım bir elmi irs kimi görürəm. Ulu nəsillərimdən miras qalan bu elmi xəzinə bu gün kim olduğumu, necə düşündüyümü, proseslərə necə yanaşdığımı, qərar vermə üslubumu formalaşdıran əsas meyarlardan biridir. Əgər elmi keçmişim və eyni zamanda genlərimdə, hüceyrələrimdə daşıdığım bu zəngin elmi yaddaş olmasaydı, indiki düşüncə tərzim, yaradıcılığa və həyata baxışım yəqin ki, tamam başqa cür olardı. Bugünkü mən elmi keçmişlə yaradıcı təcrübənin kəsişməsində formalaşıb.
-Siz Avropaya gedəndə Azərbaycan sizdən bir addım geri qaldı, yoxsa daha da irəli keçdi?
-Əslində bu sual mənə çox tez-tez verilir və mən hər dəfə eyni cavabı verirəm. Mən Azərbaycanda doğulub böyümüşəm, boya-başa çatmışam, ali təhsil almışam, yaşamışam, yaratmışam və fəaliyyət göstərmişəm. Daha sonra elmi və sənət sahəsində inkişaf etmək üçün xaricə köçdüyüm dövrlərdə də Azərbaycan mənim üçün həmişə birinci yerdə olub. Həm ölkə daxilində fəaliyyət göstərdiyim illərdə, həm də xaricdə yaşadığım və çalışdığım bütün mərhələlərdə Azərbaycan hər zaman irəlidə dayanıb. Allah ömür verdiyi müddətcə də bu dəyişməyəcək. Azərbaycan mənim canımdır, damarımda axan qanımdır. Mənim sevgimdir, varlığımdır. Bu sualın ən qısa və ən dürüst cavabı da elə budur.
-Qadın olaraq Avropada sənətdə söz demək asandır, yoxsa daha çətindir?
-Əsas olan gördüyün işi sevmək, qarşına aydın məqsəd qoymaqdır. Çünki məqsəd olanda insan təbii şəkildə o məqsədə doğru hərəkət etməyə başlayır. Bununla yanaşı, səbirli və şükürlü olmaq da çox vacibdir. Bu suala cavab verərkən qadın-kişi fərqi məsələsinə xüsusi olaraq toxunmaq istəmirəm, çünki mən bu fərqi heç vaxt ön plana çıxarmamışam. Nə Azərbaycanda yaşadığım dövrdə, nə xaricdə, Avropada fəaliyyət göstərdiyim illərdə, nə də Azərbaycanda yaşaya-yaşaya beynəlxalq layihələrdə iştirak edərkən bu barədə düşünmüşəm. Yarışlara qatıldığım zaman da - istər kiçik, istər böyük, istər yerli, istər beynəlxalq - bu amil mənim üçün heç vaxt ölçü olmayıb. Mənim üçün əsas həmişə peşəkarlıq, məqsəd və davamlı çalışmaq olub. Məqsədinə çatdınsa - nə gözəl. Əgər çata bilməmisənsə, bunun səbəblərini aydınlaşdırmaq lazımdır: harada əskiklik var, nəyi inkişaf etdirməlisən, bilginə, bacarığına, təcrübənə nələri əlavə etməlisən. Bu, insanın özü ilə apardığı ən vacib işdir.
-Vətən üçün darıxdığınız zaman sizi ayaqda saxlayan hansı motivlər olub?
-Bu suala mən belə cavab verərdim: vətən mənim içimdədir. Vətən mənim ağlımdadır, arzularımdadır. Vətən mənim layihələrimdə, məqsədlərimdə və niyyətlərimdə yaşayır. Əgər sualı daha konkret mənada verirsinizsə - məsələn, Xəzərin sahilində gəzmək, Bakı küləyini hiss etmək, şəhərin özünəməxsus nəfəsini duymaq baxımından belə anlarda, təbii ki, darıxanda təyyarəyə minib Bakıya gəlirəm. Amma əgər sual birinci dediyim mənadadırsa, onda cavabım dəyişmir: vətən hər saniyə mənimlədir. Hər anın ən dərin qatında vətən var - düşüncələrimdə, arzularımda, niyyətlərimdə, məqsədlərimdə, layihələrimdə, gələcəyimdə. O, sadəcə bir məkan deyil; içimdədir, canımdadır, mənimlə birgə nəfəs alır.
-Raymonda Xıdır-zadə özünü illər sonra harada görür? Köklərinin olduğu Bakıda yoxsa, gələcəyini inşa etdiyi Florensiyada?
-İllər sonra harada olacağımı yüz faiz yalnız Allah bilir. Arzu və plan məsələsinə gəlincə, buna da konkret cavab verməkdə çətinlik çəkirəm. Çünki illər əvvəl Azərbaycanda yaşayıb fəaliyyət göstərdiyim dövrdə sənətim, sahəm və həyata keçirdiyim layihələrlə bağlı düşünürdüm ki, elmi və yaradıcılıq inkişafımı davam etdirmək üçün Hollandiyaya köçəcəyəm. Orada yaşayıb həm elmimi, həm də sənətimi inkişaf etdirəcəyimi planlaşdırırdım. Amma həyat fərqli cür axdı. Bu gün İtaliyanın Florensiya şəhərindəyəm. Elmi fəaliyyətimi inkişaf etdirmək məqsədilə üç il Romada yaşadım, Roma Dövlət Universitetində elmi iş yazdım və müdafiə etdim. Daha sonra isə Florensiyaya köçdüm. Yəni bütün bunlar əvvəlcədən dəqiq planlaşdırılmış deyil, daha çox təbii axar içində baş verən proseslər oldu. Planladığım şəhər başqa idi, ölkə başqa idi. Elə buna görə də bu suala dəqiq cavab vermək istəmirəm. Açığı, bir şeyi dəqiq bilməyəndə ona cavab verməyi sevmirəm. Amma obrazlı desəm, belə ifadə edərdim: Bakı şəhərində doğulmuşam, böyümüşəm, formalaşmışam. Bakı mənim yaddaşımın torpağıdır. Florensiya isə ideyalarımın havasıdır. Bakı ruhumun köküdür, Florensiya isə yaradıcılığımın qanadlarıdır. Bu iki şəhər birləşərək mənim yolumu, yaradıcılığımı formalaşdırır və bu proses bu gün də davam edir. Gələcəkdə harada yaşayacağımı, dediyim kimi, Allah bilir. Əsas olan isə harada olmağımızdan asılı olmayaraq, gördüyümüz işlərlə, elmimizlə, tərbiyəmizlə, intellektimizlə və sənətimizlə ölkəmizin başını uca tutmaqdır. Azərbaycanı layiqincə tanıtmaq, onun adını daşımağa layiqli olmaqdır. Bunun üçün daim çalışmalı, həm elmdə, həm də sənətdə inkişaf etməliyik.

-Bəs Raymonda Xıdır-zadənin ən böyük arzusu nədir?
-Bu yaxınlarda bir jurnalist mənə sual verdi: “Beş ildən sonra nə arzulayardınız?” Mən cavab verdim ki, beş ildən sonra istərdim Avropanın bütün ölkələrində - hətta imkan olsa, dünyanın hər yerində - Azərbaycan parkları olsun. Ölçüsündən asılı olmayaraq, kiçik bir guşə belə olsa, park statusu daşıyan “Azərbaycan parkı” olsun. Bu, mənim böyük arzumdur. Arzularımız böyük olmalıdır - dövlətimizə, millətimizə yaxşı mənada xidmət edən, onu ucaldan arzular.
Sevinc Yarməmmədova
11:00 22.01.2026
Oxunuş sayı: 1623