Azərbaycan- Avropa münasbətləri yeni mərhələyə keçə bilər- Deputat
Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib ki, Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir.
Dövlət başçısı qeyd edib ki, əvvəllər reaksiya verilirdi:
"Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".
İlham Əliyev vurğulayıb ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, Azərbaycanı heç vaxt etmədiyində, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağında ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır:
"Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər".
Milli Məclisin deputatı Rəşad Mahmudov dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb: "Azərbaycan artıq Avropa Parlamentinin tənqidlərinə reaksiya vermir və ölkə öz müstəqil siyasətini prioritet tutur.Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində səsləndirdiyi “Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir” fikri sadəcə bəyanat xarakterli cümlə deyil, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların mahiyyətini göstərən strateji mesaj kimi oxunmalıdır. Bu ifadə bir tərəfdən, Azərbaycanın Parlament institutu ilə münasibətlərində davranış modelinin dəyişdiyini, digər tərəfdən isə Avropa institutlarının regiondakı rolunun transformasiyasını açıq şəkildə təsvir edir. Uzun illər boyunca Avropa Parlamenti Azərbaycanın iştirakı ilə bağlı məsələlərə münasibətdə normativ tonla çıxış edərək tənqidi qətnamələr qəbul edib. Lakin bu sənədlər heç vaxt tətbiqedici hüquqi çəkiyə malik olmadığı üçün onların təsir gücü simvolik müstəvidən kənara çıxmayıb. Post-2020 mərhələsində Azərbaycan bu qətnamələri artıq siyasi və diplomatik legitim qərar kimi yox, xarici auditoriyanın subyektiv mövqeyi kimi dəyərləndirməyə başlayıb. Bu isə reaksiyanın azalması və ya ümumiyyətlə aradan qalxması ilə nəticələnib".
Parlamentari söyləyib ki, Ermənistan–Azərbaycan münasibətlərinə dair qəbul olunan sənədlər və bəyanatlar da eyni tendensiyanın göstəricisidir: "Əgər 1990-cı və 2000-ci illərdə Avropa institutları münaqişənin konturlarının formalaşmasına təsir edən aktorlar qismində çıxış edirdilərsə, artıq 2020-ci ildən sonra münaqişə post-faktum mərhələsinə keçərək hərbi-siyasi həllini tapıb. Qarabağ mərhələsi qapandı, sərhəd delimitasiyası və sülh sazişi müzakirəsi gündəliyə gəldi, regional kommunikasiyalar açıq şəkildə masa üzərinə çıxdı. Bu yeni konfiqurasiyada Avropa Parlamentinin sərt bəyanatları prosesə təsir edən faktor deyil, daha çox gecikmiş şərh obrazını yaradır.
Belə şəraitdə sual yaranır: Avropa səhvlərini düzəldə bilərmi? Bu suala cavab sentimental yox, strateji yanaşma tələb edir. Avropa üçün Azərbaycanın artıq ideoloji yox, geoiqtisadi aktor olması gerçəyi mövcuddur. Xüsusilə Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropa iqtisadiyyatları üçün Xəzər qazı, yaşıl enerji layihələri, kabel və hidrogen xəttləri, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, eləcə də Orta Dəhliz kimi transxəzər marşrutları reallığın diktə etdiyi alternativlərə çevrilib. Eyni zamanda Azərbaycan Türkiyə, Körfəz ölkələri, Çin, Mərkəzi Asiya və Böyük Britaniya ilə paralel əməkdaşlıq platformaları quraraq öz manevr sahəsini genişləndirib. Bu, Avropa üçün seçim imkanlarını məhdudlaşdıran yox, əksinə, praqmatik davranmağa vadar edən amildir".
Siyasətçinin fikrincə, bu fonda Avropanın regiona münasibətdə üç mümkün xətti mövcuddur: "Birincisi, ən rasional olan praqmatik korrektə xəttidir ki, burada reallıqlar nəzərə alınır və münasibətlər enerji, logistika, təhlükəsizlik və iqtisadi əməkdaşlıq üzərindən yenidən təşkil olunur. İkincisi, ən çox ehtimal olunan simvolik davamiyyət xəttidir. Yəni qətnamələr, tənqidlər və normativ söyləmlər davam edir, lakin münasibətlərə faktiki təsir göstərmir. Üçüncüsü isə ayrışmanın dərinləşməsidir ki, bu halda Avropa Cənubi Qafqazda təsir imkanlarını daha da itirərək yerini Türkiyə, Çin, Rusiya və Körfəz aktorlarına buraxmış olur. Bütün bu proseslərin fonunda Prezidentin “reaksiya verməmək” modeli Azərbaycanın qərarvermə sistemində baş verən özünəinamlı transformasiyanın nəticəsidir. Ölkə artıq xarici təsdiq mexanizmləri axtarmır, institusional qiymətləndirmələrə ehtiyac duymur və legitimliyin mənbəyini beynəlxalq qətnamələrdən yox, regional nəticələrdən çıxarır. Bu davranış Avropanın siyasi mərkəzlərinə yönəlmiş çox aydın mesajdır: reallıq artıq simvolik deyil, nəticə əsaslıdır. Əgər Avropa bu dəyişiklikləri oxuya bilsə, münasibətlər yeni mərhələyə keçə bilər. Əks halda, Avropa Parlamenti Azərbaycanın siyasi gündəmində mövqeyini daha da itirməklə risk edir. Avropa üçün bu məsələ sadəcə Azərbaycan-Ermənistan xətti ilə məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, Çin–Avropa ticarət xətti, Balkanlar–Qara dəniz–Xəzər üçbucağının geoiqtisadi konfiqurasiyası kimi strateji istiqamətləri də əhatə edir. Məhz bu səbəbdən Avroparlament xəttinin düzgün oxunması və yenilənməsi Avropa üçün ucuz seçim yox, zərurətdir".
R.Mahmudov qeyd edib ki, Azərbaycanın isə bu mərhələdə tələsməyə ehtiyacı yoxdur: "Çünki tərəfdaş alternativləri genişdir, maraqlar çoxkanallıdır və regionun geosiyasi çəkisi hər il artmaqdadır. Bunu nəzərə alanda, dövlət başçısının müsahibədə səsləndirdiyi fikrin mahiyyəti belə xülasə edilə bilər: Azərbaycan normativ qiymətləndirmə obyektindən regional güc subyektinə çevrilib. Bu yeni status yeni dil tələb edir və həmin dil artıq reaksiyadan yox, reallıqdan ibarətdir".
Ülvi Zahidov
13:35 21.01.2026
Oxunuş sayı: 1500