Bəşəriyyətin enerji problemləri və Azərbaycanın bu məsələdə gələcəyi - Professor detalları açıqladı
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Müasir dünyada enerji artıq sadəcə iqtisadi resurs deyil, qlobal siyasətin, beynəlxalq münasibətlərin və dövlətlərin strateji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Enerji daşıyıcılarına nəzarət bu gün ölkələrin iqtisadi inkişaf tempini, sənaye potensialını və sosial rifah səviyyəsini müəyyən edən başlıca amillər sırasında yer alır. Qlobal miqyasda enerji bazarlarında baş verən hər bir dəyişiklik təkcə istehsalçı və istehlakçı ölkələrə deyil, bütövlükdə dünya iqtisadiyyatına birbaşa təsir göstərir.
Son onilliklərdə enerji sahəsində texnoloji yeniliklər, alternativ mənbələrin inkişafı və “yaşıl enerji” konsepsiyasının geniş yayılmasına baxmayaraq, enerji təhlükəsizliyi problemi aktuallığını itirməmiş, əksinə daha mürəkkəb və çoxşaxəli xarakter almışdır. Enerji qiymətlərinin dəyişkənliyi, resurslara artan tələbat, geosiyasi rəqabət və ekoloji risklər bu sahədə vahid və uzunmüddətli yanaşmaların vacibliyini ön plana çıxarır.
Bu baxımdan enerji məsələsinə təkcə iqtisadi deyil, həm də siyasi, sosial və ekoloji kontekstlərdə yanaşmaq zərurəti yaranır. Qlobal enerji proseslərinin mahiyyətini anlamaq, aparıcı güclər arasındakı rəqabətin səbəblərini təhlil etmək və milli enerji strategiyalarının rolunu dəyərləndirmək bu mövzunun əsas məqsədini təşkil edir.
Qeyd edək ki, mövzu ilə bağlı daha geniş məlumatlar əldə etmək üçün "Dünya iqtisadiyyatı və Azərbaycan" rublikasına keçid edərək tanış ola bilərsiniz.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bir məqamı xüsusi olaraq ön plana çəkmək lazımdır. Enerji problemi ilk dəfə ciddi şəkildə 1970-ci illərdə gündəmə gətirilmişdir. Həmin dövrdə aparılan ekspert təhlilləri göstərirdi ki, bəşəriyyət yaxın gələcəkdə ciddi enerji problemləri ilə üzləşəcəkdir. Məhz həmin illərdə neftin və neft məhsullarının qiymətlərində sürətli artım müşahidə olunmağa başladı. Bununla paralel olaraq elektrik enerjisinin, benzinin və digər enerji daşıyıcılarının qiymətlərində də kəskin yüksəliş baş verdi. Bu proses planetin bütün bölgələrində yaşayan insanların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir göstərdi. Lakin zaman keçdikcə aydın oldu ki, problem özü-özünə aradan qalxmır. Əksinə, enerji böhranının müxtəlif həll yolları axtarılmağa və alternativ yanaşmalar formalaşdırılmağa başladı. Artıq biz ilk enerji təminatı probleminin tarixi başlanğıc nöqtəsini müəyyən etmiş oluruq. Əsas problem ondan ibarətdir ki, neft və qaz yataqları son dərəcə intensiv şəkildə istismar olunur. Yeni texnologiyaların və innovasiyaların tətbiqinə baxmayaraq, son dövrlərdə neft və qazın qiymətlərində müəyyən sabitləşmə müşahidə edilsə də, ucuz elektrik enerjisinin qiyməti aşağı düşmür. Əksinə, dünya miqyasında elektrik enerjisinin qiymətləri artmaqda davam edir. Bu isə diqqətçəkən və ayrıca təhlil olunmalı bir məqamdır.
Maraqlıdır ki, bu gün enerji istehsalının innovativ və alternativ yolları mövcuddur. Bunlara külək enerjisi, günəş enerjisi, atom enerjisinin istifadəsi, eləcə də termal enerji və biomassa kimi mənbələr daxildir. Lakin bütün bu alternativlərə baxmayaraq, enerji qiymətləri yenə də yüksəlməkdə davam edir. Xüsusilə enerji istehlakı artdıqca, qiymətlərin aşağı düşməsi əvəzinə yüksəlməsi müşahidə olunur.
Bu prosesin əsas səbəblərindən biri dünya əhalisinin sürətlə artmasıdır. Əhali artdıqca enerji istifadəsi də genişlənir. Digər mühüm amil urbanizasiya prosesidir. İnsanlar daha rahat və komfortlu həyat şəraiti üçün iri şəhərlərə köçürlər ki, bu da enerji tələbatının daha da artmasına səbəb olur. Nəticədə təkcə enerji qiymətlərinin iqtisadi xüsusiyyətləri deyil, eyni zamanda enerji istifadəsinin yüksək templə artan tendensiyaları da qiymətlərin yüksəlməsinə ciddi təsir göstərir.
Aparılan beynəlxalq analitik təhlillər göstərir ki, ABŞ-ın neft qiymətlərini aşağı salmaq siyasəti yalnız daxili maraqlarla məhdudlaşmır. Bu addımlar eyni zamanda Çinin iqtisadi yüksəlişinin qarşısını almağa yönəlib. Məlumdur ki, Çinin illik iqtisadi artım tempi əvvəllər 9 faiz səviyyəsində olduğu halda, hazırda bu göstərici 4,5–4,9 faiz aralığına düşmüşdür. Son on ilə yaxın müddətdə Çin alternativ energetikaya keçid məqsədilə təxminən 1,5 trilyon dollar investisiya yatırmışdır. Məqsəd aydındır: enerji sahəsində texnoloji üstünlük əldə etmək.
Normal şərtlər altında neftin bir barelinin qiyməti 75–80 dollar səviyyəsində olsaydı, dünya ölkələri Çin texnologiyalarından daha geniş istifadə etməyə məcbur qalardılar. Lakin ABŞ-nin strategiyası fərqlidir. Analitik məlumatlara əsasən, ABŞ üçün neftin optimal qiymət diapazonu 50–55 dollar, hətta 50 dollar səviyyəsidir. Bu qiymət aralığında ABŞ-da şist nefti və şist qazının hasilatı iqtisadi baxımdan səmərəli qalır. Şərt ondan ibarətdir ki, qiymət 45 dollardan aşağı düşməsin. Beləliklə, burada iki böyük güc arasında – enerji resursları üzərində – ciddi rəqabət, hətta “iki böyük balina” arasında mübarizə gedir.
Maraqlı məqamlardan biri də Venesuela nefti ilə bağlıdır. Araşdırmalar göstərir ki, Venesuela nefti ayrıca şəkildə emal olunmur, əksinə, digər neftlərlə qarışdırılaraq istifadəyə verilir və bu halda onun emalı daha asan başa gəlir. Məlum olduğu kimi, Rusiya tankerləri Venesuelaya gedərək rus nefti ilə Venesuela neftini qarışdırır və daha sonra bu qarışıq nefti satışa çıxarırdılar. ABŞ isə Venesuela neftinə nəzarəti saxlayaraq qiymətləri müəyyən çərçivədə tənzimləyir. Çikaqoda Tramp tərəfindən bir barelin qiymətinin 53 dollar səviyyəsində saxlanılacağı bəyan edildikdən sonra neft fyuçersləri birjalarda ucuzlaşmış, qiymətlər 60 dollardan da aşağı düşmüşdür. ABŞ-ın 50 milyon barel sifariş verməsi və hasilatın artırılması fonunda, Səudiyyə Ərəbistanı və digər ölkələrin də hasilatı yüksəltməsi neft qiymətlərinin aşağı düşəcəyini deməyə əsas verir.
Qiymətlərin aşağı düşməsi alternativ energetikaya da təsirsiz ötüşmür. Birincisi, alternativ enerji bu gün də baha başa gəlir. İkincisi, onun gələcəkdə ciddi utilizasiya problemləri mövcuddur.
Alternativ energetikanın alətləri yəni akkumulyatorların, cihazların, enerji saxlayıcılarının utilizasiyası böyük ekoloji və iqtisadi risklər yaradır. Məlumdur ki, dünya üzrə hasil olunan gümüşün təxminən 50 faizi elektrotexniki məqsədlər üçün – elektromotorlar, akkumulyatorlar və digər cihazlar üçün istifadə olunur. Gümüşün qiymətinin artması isə bu texnologiyaların da bahalaşmasına səbəb olur.
Dünya üzrə enerji istifadəsi son onilliklərdə kəskin şəkildə artmışdır. XX əsrin ikinci yarısı və XXI əsrin ilk onilliyinin göstəriciləri göstərir ki, enerji resurslarından istifadə təxminən 15 dəfə artıb. Elektrik enerjisinin adambaşına düşən istehlakı isə 4.4 dəfə yüksəlib. Enerji olmadan nə istehsalın, nə xidmətin, nə də kənd təsərrüfatının inkişafı mümkündür. Hazırda əsas enerji resursları neft, qaz, uran və kömürdür. Alternativ enerjinin payı artmaqda olsa da, hələlik cüzidir. Üstəlik, külək və günəş enerjisi mövsümi xarakter daşıdığı üçün 24 saat fasiləsiz enerji təmin edə bilmir. Bu isə bahalı akkumulyator sistemlərinə ehtiyac yaradır. Mövcud energetika sistemi eyni zamanda ciddi ekoloji problemlər yaradır. Ekspertlərin hesablamalarına görə, planetdə son illərdə temperatur artımı 0,5–1 dərəcə aralığında dəyişir. Son 30 ildə torpaqların təxminən 20 faizi şoranlaşaraq kənd təsərrüfatı dövriyyəsindən çıxmışdır. Bu da ümumi məhsuldarlığın azalmasına və qiymətlərin artmasına səbəb olur.
Bütün bu proseslərin fonunda enerji resursları üzərində nəzarət uğrunda həm hərbi, həm də iqtisadi mübarizə gedir. Müharibələr artıq təkcə silahlı deyil, eyni zamanda iqtisadi və maliyyə xarakteri daşıyır. Sanksiyalar, ticarət rüsumları və enerji bazarına müdaxilələr birbaşa əhalinin sosial rifahına təsir göstərir. Bu, qlobal bir problemdir və bir ölkədə başlayan böhran dalğa-dalğa bütün dünyaya yayılır".
Professor, həmçinin bu kontekstdə Azərbaycanın mövqeyinin xüsusilə diqqətəlayiq olduğunu qeyd edib: "Biz dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya olunmuşuq, maliyyə müstəqilliyimiz isə ölkəni böhranlardan qoruyur. Sabitlik – siyasi, iqtisadi və sosial sahələrdə – inkişafın təməlidir. Azad edilmiş ərazilərdə energetika, kənd təsərrüfatı, sənaye və turizm sahələri inkişaf etdirilir. İnfrastruktur layihələri, sənaye parkları və hidroenerji stansiyaları ölkənin uzunmüddətli inkişafını təmin edir. Buradakı potensial gələcəkdə Azərbaycanın ÜDM-inə 15% töhfə verə bilər. Eyni zamanda, faydalı qazıntılar – qızıl, mis, gümüş, mərmər, neft, qaz, uran və daş kömür – ölkənin iqtisadi diversifikasiyasına xidmət edir. Su ehtiyatları da iqtisadiyyat üçün vacib resursdur və dövlət bu sahəyə xüsusi diqqət yetirir. Nəticədə Azərbaycan XXI əsrdə öz gücünə arxalanaraq sabit, dinamik və uzunmüddətli inkişaf yolunu seçmişdir. Biz xarici investorlarla əməkdaşlıq edirik, lakin yalnız milli maraqlar çərçivəsində. Azərbaycan ildə 28,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edir ki, bunun təxminən 70–75 faizi daxili tələbatı ödəyir, qalan hissə isə ixrac olunur. Bu, ölkənin enerji baxımından tam təmin olunduğunu göstərir. Enerji istehsalının artım tempi tələbatın artımını qabaqlayır ki, bu da gələcək iqtisadi inkişaf üçün möhkəm zəmin yaradır. Xüsusilə azad olunmuş regionlarda aparılan enerji infrastrukturu quruculuğu bunu bir daha təsdiqləyir. Bu proseslər Prezident tərəfindən dəfələrlə qeyd edilmiş və yüksək qiymətləndirilmişdir. Azərbaycanda enerji sisteminin dayanıqlı fəaliyyətində “Azərenerji” və “Azərişıq” ASC-lərin rolu xüsusi vurğulanmalıdır. Ölkə üzrə enerji istehsalı, paylanması və fasiləsiz təminat məhz bu qurumların fəaliyyəti nəticəsində mümkün olmuşdur. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, “Azərişıq” iki azad olunmuş ərazidə cəmi 37 gün ərzində tam elektrik təminatını həyata keçirmişdir. Halbuki bu iş üçün dəvət olunmuş xarici şirkətlər minimum 6 ay vaxt tələb etmişdilər. Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi infrastrukturu sürətlə və sistemli şəkildə bərpa olunur və yenidən qurulur. Zəngilan, Cəbrayıl, Ağdam, Şuşa, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Xankəndi və Xocalı rayonlarında yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 35 kV-luq yeraltı və hava xətləri çəkilmiş, müasir transformator məntəqələri, paylayıcı qurğular, rəqəmsal idarəetmə mərkəzləri və smart sayğaclar quraşdırılmışdır. Azad olunmuş ərazilərdə yeni salınan kənd və şəhərlərdə onlarla yarımstansiya, yüzlərlə kilometr uzunluğunda elektrik xətləri və çoxsaylı güc mərkəzləri yaradılmış, ən ucqar yaşayış məntəqələrinə qədər fasiləsiz enerji təminatı təmin edilmişdir. Köç prosesinə uyğun olaraq gələcək yaşayış məntəqələri üçün də müvafiq enerji infrastrukturu əvvəlcədən formalaşdırılmışdır. Eyni zamanda sənaye və strateji obyektlərin, o cümlədən “İstisu” mineral su zavodunun enerji təminatı gücləndirilmiş, 0.4 kV-luq daxili şəbəkələr yenilənmişdir. “Azərişıq” ASC tərəfindən regionda həmçinin elektrik nəqliyyatının inkişafı məqsədilə elektrik doldurma məntəqələri və cihazları quraşdırılmışdır. Görülən işlər Qarabağ və Şərqi Zəngəzurun müasir, dayanıqlı və rəqəmsal enerji sistemi əsasında bərpasını təmin edir. Bu fakt bir daha göstərir ki, Azərbaycan güclü dövlət strukturlarına, yüksək texnoloji potensiala və çevik idarəetmə imkanlarına malikdir. Bu gün ölkə üzrə elektrik enerjisi ilə təminat səviyyəsi 98–99 faiz təşkil edir və ən ucqar kəndlər də daxil olmaqla 24 saat fasiləsiz enerji təminatı mövcuddur. Nəticə etibarilə, qlobal enerji problemləri fonunda Azərbaycan bu sahədə tam hazırlıqlı vəziyyətdədir. Ölkə həm ənənəvi, həm də yaşıl enerji sahəsində ciddi irəliləyişlər əldə edib və enerji təhlükəsizliyini təmin etmişdir. Bu isə Azərbaycanın gələcək iqtisadi artımı üçün mühüm strateji üstünlük yaradır".
Elmir Heydərli
12:39 21.01.2026
Oxunuş sayı: 1390