Sonuncu otağından işıq gələn "Azərbaycan" nəşriyyatı - Son günlərini "yaşayan" mətbuat məbədindən REPORTAJ
"Azərbaycan" nəşriyyatında bir neçə dəfə olmuşam. Bura qəzetçilik tarixini özündə əks etdirən əzəmətli bir binadır. Təmirə ehtiyacı olsa da içində fəaliyyət göstərən redaksiyalar buna əhəmiyyət vermədən jurnalistikanın məsuliyyətini tam dərk edərək yorulmadan çalışırlar. Bir xəbər oxudum, nəşriyyat fevral ayının birindən təmirə bağlanır, redaksiyalar binanı tərk etməlidir. Bu xəbərdən bir az məyus oldum. Çünki nəşriyyatı nəşriyyat edən, oranı mənə sevdirən məhz o tarixiliyi, köhnəliyi idi. Hər mərtəbəsində, hər daşında bir xatirəni əks etdirən bu bina artıq təmirə bağlanırdı. Xəbəri oxuyan kimi nəşriyyata yollandım. Həm xəbəri dəqiqləşdirmək, həm nəşriyyatların hara necə köçəcəyini öyrənmək üçün. Nəşriyyat həmişəki sakitliyi ilə məni qarşıladı, pilləkənlərə doğru addımladım. İkinci mərtəbəyə hər çıxanda istiqamətim "Şuşa" qəzetinin redaksiyası olurdu, yenə də belə oldu. İkinci mərtəbəyə çıxıb sol tərəfə istiqamətləndim. Maraqlıdır, görəsən, baş redaktor Vasif Quliyev redaksiyanı hara köçürəcəkdi. Qapı bağlı idi, dəhlizdə bir nəfər belə adam yox idi. Arasında tanımadıqlarım olsa da qara gəldim ki, bütün redaksiyalara baş çəkim, hər biri ilə danışım, hal əhval tutum. Çünki, ola bilsin, daha hazırkı nəşriyyatda bu fürsəti əldə edə bilməyəcəm. Koridorun sonuna qədər bütün qapıları döyməyə başladım. Heç kim yox idi... Yavaş yavaş pilləkənləri qalxmağa başladım, 3,4... Heç kim yox idi. "Ədalət" qəzetinin redaksiyasına yollandım. Qapını açıq görəndə sevinsəm də, içəridə məni dərin bir sükut qarşıladı. Nəşriyyatı heç vaxt belə görməmişdim...
Geri dönmək istəmir, nəşriyyatdakı son redaksiyaya qədər getmək istəyirdim. Bir pillə də qalxdım, "Şərq" qəzeti məni qarşıladı. İçəridə heç kimin olmadığı qənaəti ilə qapını açsam da uzaqdan bir kişi mənə yaxınlaşırdı. Tanış olmayan simaya yaxınlaşıb soruşdum.
-Salam, Akif müəllim içəridədirmi? - "Şərq" qəzetinin baş redaktoru, tanınmış tarixçi - alim Akif Aşırlını nəzərdə tuturdum.
-Hə, nəşriyyatda heç kim yoxdur, Akiflə mən də təzə gəlmişik. Bir biz burdayıq.
"Şərq" qəzetinin redaksiyasına doğru getdim. Məni Akif müəllimin sevgi və bir o qədər də əziyyətlə hazırladığı mətbuat tarixi muzeyi qarşıladı. Divarlarda klassiklərimizin şəkilləri, cərgələrə düzülmüş tarixi kitablar, mətbu nümunələr insanı mətbuat tarixində bir səyahətə çıxarırdı. Akif müəllimin otağının da qapısı bağlı idi. Geri qayıdıb bayaqkı kişi ilə söhbət etməyə qərar verirəm.

-Nəşriyyatda təmirə başlanır. Özünüzə redaksiya tapa bilmisiniz?
-Yoxe, qiymətlər od bahasıdır. Elə indi də nəşriyyat axtarmaqdan gəlirik. Heç nə tapa bilmədik. Bizim buradakı redaksiyamız genişdir, kvadratına da 6 manat verirdik. Ayda 900-1000 manat. Amma indi bu məbləğə heç nə tapmaq olmur. Ən çətin məsələ də muzeydir. Redaksiya heyətinə iki otaq olsa kifayət edir. Muzeyi hara necə yerləşdirəcəyik onu bilmirik.
-Necə düşünürsünüz, nəşriyyatda bütün qəzetlər özlərinə yer tapa biləcək ,ya bağlanacaq?
-Vallah, nəşriyyatda onsuz da çox otaq boşdur, eləsi var bağlanıb. Bura da "Respublika" qəzetinin redaksiyasıdır ( əli ilə irəlini göstərir) o da Xalq qəzeti ilə birləşdi. Mənə elə gəlir ki, çox qəzet bağlanacaq, tək -tük qəzetlər təmirdən sonra bura gələcək.

Həmsöhbətimdən xeyli məlumat alsam da hələ adını öyrənməmişdim.
-Üzr istəyirəm siz, deyəsən, "Şərq" qəzetində çalışırsınız. Adınız necə oldu?
-Yusif, Yusif Nəzərli.
Mən Yusif müəllimi qiyabən yaxşı tanıyırdım, arada yazılarımı göndərirəm, bəzən sahəsi ilə bağlı açıqlama alıram. Amma üz- üzə ilk dəfə idi danışırdıq deyə tanımadım.
-Mən də Ayhanam müəllim, Ayhan Ağarzayev.
-Həə, tanıdım. Qiyabən tanıyırıq bir birimizi -gülməyə başlayırıq.
Yusif müəllimlə sağollaşıb başqa müsahiblər tapmaq ümidi ilə yenə nəşriyyatı gəzirəm. Bu mərtəbədə də bütün otaqlar boşdur. Amma gəzdikcə bir xoş hiss yayılır içimə. Sonuncu - doqquzuncu mərtəbəyə qalxıram. Qapıya yaxınlaşdım. "Yurd sevgisi" redaksiyası, baş redaktor Nurəddin Faxralı" yazılmışdı. Bu qəzeti ilk dəfədir eşidirdim. Qapını döyüb açdım. Kiçik bir otaq idi. Yaşlı bir kişi bir paketə qəzet yığırdı. Kənarda bir köhnə televizor var idi. Musiqi səsi də televizordan gəlirdi. Stolun üstündə kitablar qalaqlanmışdı. Yaşlı kişi mənə yaxınlaşdı. Hansısa fiziki xəstəliyi səbəbindən səs telləri ziyan görmüşdü. Səsi çox zəif çıxırdı.
-Salam, Nurəddin müəllim, necəsiniz?
Başı ilə yaxşı olduğunu idarə edib sual dolu nəzərlərlə mənə baxırdı. "Axı nəşriyyat bağlanırdı, bu gün də heç kim yox, bina boşdur. Bəs bu oğlanın burda nə işi var?" - deyərcəsinə, sualdolu mənə baxırdı.
-Mən jurnalistəm, eşitdim nəşriyyat sökülür, gəlmişəm redakisyalarla danışmağa, hara gedəcəklərini, nə edəcəklərini maraqlanmağa.

Kişinin üzünə kədər çökdü. İllərini qəzetçiliyə verdiyi çox aydın hiss olunurdu.
-Nə edəcəksiniz, hara gedəcəksiniz?
Çiyinlərini yuxarı çəkərək "bilmirəm" dedi.
-Bağlanacaqmı qəzet redaksiyanız?
Başı ilə məyusluqla təsdiq etdi.
Yaşlı kişi bu vəziyyətdə 9-cu mərtəbədə tək başına illərlə çalışdığı, yaxşı pis gün keçirdiyi otağı ilə vidalaşmağa gəlmişdi.
Son olaraq soruşdum ki, nəsə köməyə ehtiyacı varmı, məndə kitab, qəzet paketləyim. Əli ilə "yox" dedi. Sağollaşıb iki addım getmişdim ki, arxadan əlini qapıya döyəcləyərək məni çağırdı. Yanına gedəndə masanın üstündəki meyvə paketindən mənə iki naringi uzatdı. Gülümsədi. Mənzərə, həqiqətən, kədərli idi. Qəzetçilikdə bu cür ürəyiyumşaq, işini sevən mətbuat işçilərimiz hələ də var idi. Onlar hələ də o köhnə, şəraitsiz nəşriyyata gəlirdilər. Hələ də 9-cu mərtəbənin ən sonuncu otağına ilk iş günündəki kimi həvəslə addımlayır, çalışırdılar. Pilləkənləri yavaş yavaş düşərək divarlara, mərtəbələrə son dəfə diqqətlə baxdım. Nəşriyyatın təmirə bağlanması qəzetçilik tarixində yeni mərhələnin başlanğıcını qoyacaqdı. Bu sevindirici haldır. Amma mən bu köhnə mərhələni də gördüyüm üçün sevincli idim. Qayıdarkən əlimdəki meyvələrə, mənə verilən qəzetlərə baxıb düşündüm: "yaxşı ki, jurnalistəm, yaxşı ki, bu gün bura gəldim, Yusif müəllimlə danışdım və yaxşı ki, sonuncu mərtəbənin sonuncu otağına qədər getdim".

P.S: Düşünürdüm ki, reportajıma hansı sərlövhəni seçim. Fikirləşdim ki, "məbəd" sözünü mütləq istifadə etməliyəm. Çünki "Azərbaycan" nəşriyyatı, həqiqətən, qəzetçilik məbədidir. Buradan çətin bir də qəzet qoxsu gələ bilə, çətin bir də kimsə gcə saatlarında qəzetinin sonuncu səhifəsini də çapa göndərəndən sonra binanı tərk edə...
11:16 19.01.2026
Oxunuş sayı: 1505