Natamam iş günü ilə çalışanların maaşı bu hallarda TAM ÖDƏNİLƏCƏK
Qanunvericilikdə natamam iş günü ilə bağlı qaydalar təkmilləşdirilib. Yeni dəyişikliklərə əsasən, natamam iş vaxtı ilə çalışan işçilərin əmək haqqı bəzi hallarda tam ödənilə bilər. Əmək Məcəlləsində edilən dəyişikliklər işçilərin hüquqlarının qorunmasını təmin etməklə yanaşı, işəgötürənlərin məsuliyyətini də artırır.
Mövcud qaydalara görə, natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərin maaşı ya sərf olunan vaxta mütənasib hesablanır, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Lakin qanunda edilən son dəyişikliklər göstərir ki, işəgötürən vakant vəzifə yarandıqda və əvvəl natamam iş vaxtını zəruri edən səbəblər aradan qalxdıqda, həmin işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir. Bu halda əmək haqqı tam ödənilir. Mövzu ilə əlaqədar mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru Aqil Eyvazov bildirib ki, yeni qanunvericilik dəyişikliyi natamam iş vaxtı ilə çalışan işçilərin tam iş vaxtına keçirilməsinin stimullaşdırmasına əmək bazarında bir neçə istiqamətdə təsir edə bilər: "İqtisadi baxımdan bu addım ilk növbədə məşğulluğun daha formal və sabit xarakter almasına xidmət edir. Natamam iş vaxtının geniş yayıldığı sahələrdə bu dəyişiklik işçilərin gəlirlərinin artmasına, sosial sığorta haqlarının və pensiya baza göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərə bilər.
Digər tərəfdən, işəgötürənlər üçün xərclərin artması qaçılmazdır. Tam iş vaxtına keçid əməkhaqqı fondu, sosial ödənişlər və əlavə işçi məsrəflərinin yüksəlməsi deməkdir. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün qısamüddətli maliyyə təzyiqi yarada bilər".

İqtisadçının sözlərinə görə, bu, bəzi hallarda iş yerlərinin ixtisarı, qeyri-rəsmi məşğulluğa meylin artması və ya yeni işçi qəbulunun ləngiməsi ilə nəticələnə bilər: "Buna görə də əmək bazarında sosial müdafiəni gücləndirən dəyişikliklər biznesin real iqtisadi imkanları ilə uzlaşdırılmalı, mərhələli və diferensial yanaşma tətbiq olunmalıdır".
Hüquqşünas Günay Abbasova isə bildirib ki, əmək qanunvericiliyinə əsasən, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir: "Yeni dəyişikliklə isə natamam iş vaxtı (“part-time”) ilə işləyən işçilər müəyyən şərtlər daxilində tam iş vaxtına keçid üçün hüquq əldə edəcəklər".
"Göründüyü kimi, dəyişiklik işçilərin məşğulluq şəraitini gücləndirməklə onların sosial müdafiəsini daha da artırır. Yeni qaydalar həmçinin işəgötürənlər üçün də müəyyən tələb və məsuliyyətlər yaradır. Belə ki, işəgötürənlər ilk növbədə natamam iş vaxtını yaradan şərtləri izləməli, bu şərtlər ödəndikdə iş vaxtını artırmalı və işçilərlə yeni əmək müqaviləsi bağlamalıdırlar kı, bu da onlar üçün daha çox vergi və maliyyə yükü deməkdir. Əmək Məcəlləsinə nəzərdə tutulan qaydaya görə natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir. Qanuna əsasən, artıq həmin işçilərə əmək haqqı tərəflərin razılığı ilə tam məbləğdə ödəniləcək".
Fatimə Məmmədova
09:52 19.01.2026
Oxunuş sayı: 1663