Bərpa olunan enerjinin mühüm töhfəsi: Milli iqtisadiyyat güclənir
Bərpa olunan enerji mənbələrinin inkişafı və dayanıqlı enerji siyasəti bu gün bütün dünyada strateji prioritet hesab olunur. Karbon emissiyalarının azaldılması, iqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin təmin olunması yalnız ekoloji deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır. Bu baxımdan alternativ enerji layihələrinin həyata keçirilməsi ölkələrin həm daxili enerji balansını gücləndirməsinə, həm də regional və qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinə imkan yaradır. Azərbaycan isə bu sahədə böyük potensiala malik ölkələrdən biridir. Ölkənin təbii resursları, inkişaf etmiş enerji infrastrukturu və əlverişli investisiya mühiti bərpa olunan enerji layihələrinin uğurla həyata keçirilməsini təmin edir. Eyni zamanda dövlətin ardıcıl və sistemli enerji siyasəti yerli və xarici investorlar üçün şəffaf və proqnozlaşdırıla bilən şərait yaradır ki, bu da ölkənin enerji sektorunun inkişafını sürətləndirir və regionda “yaşıl enerji” hubu kimi rolunu gücləndirir. Hazırda reallaşdırılan layihələr, o cümlədən külək və günəş enerjisi sahəsindəki iri investisiyalar yalnız elektrik enerjisinin istehsalını artırmaqla kifayətlənmir. Onlar eyni zamanda iş yerlərinin yaradılmasına, texnoloji biliklərin transferinə və milli iqtisadiyyatın diversifikasiyasına da töhfə verir. Belə yanaşma Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasını və enerji sektorunda uzunmüddətli sabitliyi təmin etməsini mümkün edir.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, ölkəmiz enerji siyasətini yüksək səviyyədə həyata keçirir və Azərbaycan bu sahədə şaxələndirilmiş enerji strategiyası ilə öz müsbət təsirini göstərir: "Neft və qaz sektorunda əldə olunan uğurların fonunda artıq ölkəmiz daha yeni sahələrə, xüsusilə “yaşıl enerji” və bərpa olunan enerji mənbələrinə ciddi investisiyalar yönəldib. Azərbaycanda bərpa olunan enerji resursları böyük potensiala malikdir. Xüsusilə külək enerjisi, günəş enerjisi, hidroenerji və elektrik enerjisi sahələrində mühüm layihələr həyata keçirilir. Xəzər dənizi, Abşeron yarımadası, Qarabağ və digər regionlarda bu sahələr üçün qiymətləndirilən resurslar onlarla gigavatlıq gücə malikdir. Planlara əsasən, 2030-cu ilədək ölkədə istehsal olunan enerjinin 40%-i “yaşıl enerji” mənbələrinə keçəcək, qalan enerji isə dünya bazarına çıxarılacaq.Hazırda Azərbaycan bir çox ölkənin, o cümlədən Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri və Çin şirkətləri ilə əməkdaşlıq edir. Məsələn, Ərəb Əmirliklərinin “Masdar” şirkəti Qaradağda 230 MVt gücündə günəş panelləri quraşdırıb, Abşeronda isə külək enerjisi stansiyasının açılışı həyata keçirilib. Qarabağda da bərpa olunan enerji layihələri üçün münbit şərait mövcuddur".
Deputat, həmçinin dövlət səviyyəsində investorların cəlb edilməsi istiqamətində aparılan siyasət sayəsində yaxın gələcəkdə Azərbaycan həm daxili enerji tələbatını tam ödəyəcək, həm də bərpa olunan enerjini dünya bazarına ixrac edəcəyini bildirib: "Bu isə ölkə iqtisadiyyatının yeni və perspektivli sahəsi olaraq milli iqtisadiyyatın güclənməsinə mühüm töhfə verəcək" - deyə o əlavə edib.
Elmir Heydərli
11:50 15.01.2026
Oxunuş sayı: 2019