Qazaxıstanda Putinə sərt cavab - qazaxların milli oyanışı gedir
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə verdiyi sərt diplomatik mesaj böyük rezonans doğurub. Putin Qazaxıstanı "tamamilə rusdilli ölkə" kimi xarakterizə etsə də, Tokayevin yalnız qazax dilində çıxış etməsi diqqət çəkib. Bu addım, milli kimliyin və dövlət suverenliyinin vurğulanması kimi qəbul edilib.
Bəs Tokayevin qazax dilində çıxışını milli kimlik baxımından necə dəyərləndirə bilərik?
Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin Crossmedia.az-a açıqlamasında bildirib ki, əslində Rusiya prezidenti Vladimir Putin son illərdə Qazaxstanda rus dilinə olan münasibətdən xəbərdardır və "tamamilə rusdilli ölkə" ifadəni də bilərəkdən işlədib: “Proses Nazarbayev dönəmindən başlayıb. Astana bölgəsi tamamilə rus dilinin hakim olduğu bir region idi. Paytaxtın bu regiona köçürülməsi ilə burada qazax varlığı hakimliyini təsdiq etdi. Yəni, Qazaxıstanda milli kimliyin dərki prossesi, qazax dilinə qayıdış həm də bir varlıq mücadiləsidir. Qazaxstanda son illər hətta restoranların, otellərin, dükanların adlarının qazax dilində adlandırlması ilə bağlı bir hərakat başladılıb. Bu gün Qazaxstanda bütün sahələrdə qazax milli düşüncəsi hakimdir. Burada qazax ziyalıların, tarixçilərin də böyük rolu var. Hər bir qazax son yüz ildə ölkəsinin üzləşdiyi problemlərə baxanda, qazax xalqının tarixini öyrənəndə görür ki, bu problemlərin əksəriyyəti Rusiyanın qoyduğu mirasdır. Buna görə də hər keçən gün qazax gənclər öz milli kimliyinə daha çox sahiblənir. Tokayevin Putinə qazax dilində diplomatik mesajı da əslində qazax xalqının ümumi fikridir”.
Bəs dil məsələsi bölgədəki digər türk ölkələri üçün də əhəmiyyət daşıya bilərmi?
İlqar İlkin qeyd edib ki, əslində Rusiya faktoru yalnız Qazaxstan üçün deyil, bütün Türküstan coğrafiyası üçün artıq keçmiş mərhələdir: “Bu gün Qırğızstan, Özbəkistan da Rusiyanın təsirindən çıxmağa böyük inamla cəhd edirlər. Artıq bütün Türküstanda yaşayan türklər də anlayır ki, hamımızın ailəsi məhz Türk Birliyidir. Bu birliyin var olmasında isə ən böyük təhdidlərdən biri də Rusiyadır. Öz milli kimliyinə sahiblənmək, milli dövlətini inkişaf etdirmək üçün həm də rus dilinin təsirindən çıxmaq lazımdır”.
Bəs rus dilinin dominantlığı ilə mübarizədə Türk dünyasında hansı əməkdaşlıqlar qurula bilər?
İlqar İlkin bildirib ki, bunun üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri daha da sürətlənməlidir: “Ortaq əlifba qəbul olunub, iki il sonra onun tətbiqi ilə bağlı real addımlar atılmalıdır. Ortaq türkcənin günlük həyatımızda istifadəsi üçün müəyyən işlər görülməlidir. Türk dövlətləri arasında elm, mətbuat, mədəniyyət sahələrində əlaqələrə xüsusi diqqət ayrılmalıdır. Türk dövlətlərinin bir araya gəldiyində yalnız Türk dilində danışması üçün yollar aranmalıdır. Azərbaycanda və Türküstan coğrafiyasında rus dilinin paralel şəkildə təsirinin azaldıması üçün dərin strateji xətt yürüdülməlidir. Hesab edirəm ki, ən əsası rusdilli məktəblər dövlət hesabına deyil, hələlik özəl məktəblər olaraq pullu olmalıdır”.
Nihat Tahirov
09:40 30.11.2024
Oxunuş sayı: 13410