Bayden administrasiyası ABŞ-nin deyil erməni diasporasının maraqlarına xidmət edib - Açıqlama
Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif dövrlərdə keçdiyi mürəkkəb mərhələlər dövlət başçısının son açıqlamalarında bir daha diqqət mərkəzində olub. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrə necə təsir göstərdiyini aydın şəkildə ortaya qoyur. Xüsusilə Co Baydenin ABŞ Konqresində qəbul edilmiş 907-ci düzəlişin təşəbbüsçülərindən və fəal dəstəkçilərindən biri olması Azərbaycan tərəfinin bu administrasiyalarla münasibətlərində yaranan etimadsızlığın əsas səbəblərindən biri kimi dəyərləndirilir.
Prezidentin vurğuladığı kimi, həm Obama–Bayden, həm də Bayden–Blinken administrasiyaları dövründə münasibətlərin arzu olunan səviyyəyə çatmaması, sonuncu mərhələdə isə faktiki olaraq böhran həddinə qədər yüksəlməsi rəsmi Bakının Vaşinqtonla münasibətlərində prinsipial və sistemli problemlərin mövcudluğunu göstərir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Erməni diasporası ilə sıx əlaqələrə malik olan siyasətçilər və senatorlar mövcuddur. Onlardan biri də Co Bayden idi. Co Bayden və ABŞ Konqresinin, eləcə də Senatın bir sıra üzvləri erməni diasporası ilə korrupsiya xarakterli əlaqələrdə ittiham olunurlar. Məhz bu səbəbdən onların fəaliyyəti, demək olar ki, Amerika Birləşmiş Ştatlarının milli maraqlarına deyil, erməni diasporasının maraqlarına xidmət edib. Bu çərçivədə Azərbaycana qarşı qəbul edilən sanksiyalar da bilavasitə ABŞ-ın öz maraqlarına zidd olmaqla yanaşı, erməni diasporasının istəklərini əks etdirib. Təəssüf ki, həm Amerika Birləşmiş Ştatlarında, həm də bir sıra Avropa ölkələrində korrupsiya əlaqələrinə bulaşmış siyasətçilər erməni diasporasının maliyyə resurslarına xidmət edir və bunun nəticəsində öz ölkələrinin maraqlarına zidd qərarların qəbul olunmasına şərait yaradırlar".
Elmir Heydərli
17:40 06.01.2026
Oxunuş sayı: 10257