Zohran Mamdani fenomeni: Amerika siyasətində ideoloji dönüş
Zohran Mamdani 18 oktyabr 1991-ci ildə Uqandanın paytaxtı Kampala şəhərində intellektual və mədəni zəngin bir ailədə dünyaya gəlib. Onun erkən uşaqlığı intellektual və mədəni zəngin bir mühitdə keçmiş, bu mühit onun gələcəkdəki siyasət və sosial fəaliyyət yolunu formalaşdırmışdır. Atası Mahmud Mamdani, Kolumbiya Universitetində Afrika tədqiqatları və antropologiya üzrə professor olaraq dərs deyir, Uqandanın siyasi tarixini dərindən bilən bir alim kimi tanınırdı. Anası Mira Nair isə beynəlxalq səviyyədə tanınmış kinorejissor olmuş, “Monsoon Wedding” və “Mississippi Masala” kimi filmlərlə dünya kinosuna iz qoymuşdur. Bu ailəvi mühit Zohranın erkən yaşlarından mədəniyyət, siyasət və sosial məsələlərə maraq göstərməsinə təkan vermişdir.
Beş yaşında ailəsi ilə Cənubi Afrikanın Keyptaun şəhərinə köçən Zohran “St. George” məktəbində təhsil alırdı, atası isə Keyptaun Universitetində dərs deməyə davam edirdi. Yeddi yaşında ailəsi ABŞ-yə- Nyu-Yorka köçdü. Belə ki, burada Zohran əvvəl “Bank Street” məktəbində, daha sonra isə Bronks Elm Liseyində təhsil aldı. Bu illər onun fərqli sosial mühitlərdə böyüməsi, mədəni müxtəlifliklə tanış olması və gənc yaşda siyasi fəallığa marağının formalaşması baxımından önəmli oldu.
Akademik yol və tələbə aktivizmi
Zohran Mamdani Bowdoin Kollecində Afrikaşünaslıq üzrə bakalavr təhsili aldı. Tələbəlik illərində o, sosial və siyasi aktivizm ilə məşğul olmuşdur. Xüsusilə Fələstin məsələsi üzrə “Fələstin üçün Ədalət Uğrunda Tələbələr” təşkilatının universitet şöbəsinin qurucularından biri olmuş, burada sosial ədalət, insan hüquqları və beynəlxalq məsələlər üzrə fəallıq göstərmişdir. Bu tələbə fəaliyyəti onun gələcək siyasət yolunun əsasını təşkil etmiş, sosial məsuliyyət və ictimai aktivizm anlayışını gücləndirmişdir.
2014-cü ildə Bowdoin Kollecindən məzun olduqdan sonra Zohran müxtəlif icma təşkilatlarında və sosial-siyasi təşəbbüslərdə çalışmışdır. 2015-ci ildə Nyu-York Şəhər Şurasının 23-cü dairəsində Əli Nəcminin namizədliyini dəstəkləyərək könüllü fəaliyyət göstərmişdir. Daha sonra Ros Barkanın Nyu-York ştat senatına namizədliyini dəstəkləyən kampaniyanın rəhbəri, Tiffani Kabanın Kuins dairəsi prokurorluğu kampaniyasında sahə təşkilatçısı olmuşdur. Bu təcrübələr ona siyasi strategiya qurmaq, kampaniyaları idarə etmək və icma ilə əlaqə qurmaq bacarıqlarını qazandırmışdır.
2018-ci ildə ABŞ vətəndaşlığını almış və siyasətə girməzdən əvvəl icma təşəbbüslərində, xüsusilə ipoteka borclarının ləğvində məsləhətçi kimi fəaliyyət göstərmişdir. Eyni zamanda, “Young Cardamom” və sonradan “Mr. Cardamom” səhnə adları ilə rep musiqisi ifa etmişdir. Bu fəaliyyət gənclərlə əlaqə qurmaq, sosial media vasitəsilə ideyalarını yaymaq və ictimaiyyətlə birbaşa ünsiyyət yaratmaq bacarığını artırmışdır. Musiqi keçmişinə görə tənqid olunanda isə zarafatla “B kateqoriyalı repçiyəm” deyərək yumorla cavab verməsi, onun ciddi və sosial məsələləri balanslı şəkildə idarə etmək qabiliyyətini göstərir.
Nyu-York Ştat Məclisi və siyasi təcrübə
2019-cu ildə Zohran Mamdani Nyu-York ştat məclisinin 36-cı dairəsindən – Kuinsdəki Astoriya və Long-Aylənd Siti bölgələrini təmsil etmək üçün namizədliyini irəli sürdü. Onun kampaniyası mənzil islahatı, polis və həbsxana sistemlərinin islahı, kommunal xidmətlərin ictimai mülkiyyəti, iqtisadi bərabərlik və gənc seçicilərin sosial proqramları üzərində qurulmuşdu.
2020-ci ilin iyun ayında ilkin seçkilərdə ardıcıl dörd müddət vəzifədə olan Arafella Simotas üzərində qələbə qazandı, noyabrda isə rəqibsiz seçildi. 2022 və 2024-cü illərdə də rəqibsiz qalaraq siyasi nüfuzunu möhkəmlətdi. Onun təşəbbüsləri arasında məktəbəqədər uşaqlar üçün pulsuz qayğı və təhsil sisteminin yaradılması, yeni ailələrə uşaq səbətləri təqdim edilməsi, dövlət universitetlərinə maliyyə dəstəyinin artırılması, kirayə artımlarının məhdudlaşdırılması, dövlət mülkiyyətində ucuz mənzillərin inşası və əmlak vergilərinin ədalətli bölgüsü kimi proqramlar yer almışdır. Zohran bu təşəbbüsləri sosial media vasitəsilə geniş kütlələrə çatdırmış, gənc və rəngli seçicilər arasında populyarlığını artırmışdır. Kampaniya dövründə Zohran sosial mediada gündəlik olaraq paylaşımlar edirdi: məsələn, TikTok və Instagram üzərindən sosial ədalət mövzularını izah edən qısa videolar paylaşır, Twitter-də isə icmalarla birbaşa dialoqa girirdi. Bu üsul onun gənc seçicilər arasında sürətlə populyarlaşmasına səbəb oldu və seçki strategiyasında innovativ bir model yaratdı.
Beynəlxalq mövqelər və Fələstin aktivizmi
Mamdaninin Fələstin mövqeyi ABŞ ictimaiyyətində geniş rezonans doğurmuşdur. O, BDS hərəkatını dəstəkləyir, sionizmə qarşı çıxmağı antisemitizm hesab etmir və İsrailin yalnız bərabər hüquqlu dövlət kimi mövcud olmasını tələb edir. 2023-cü ildə Zohran “Bizim pulla yox” qanun layihəsini təqdim etdi. Belə ki, bu qanun layihəsi ilə Nyu-Yorkdakı xeyriyyə təşkilatlarının işğal olunmuş Fələstin torpaqlarında qeyri-qanuni yəhudi məskunlaşmasını dəstəkləyən təşəbbüslərə ianə verməsi qadağan edilməyə çalışılmışdır. O, həmçinin aclıq aksiyaları və iftar süfrələri təşkil etmiş, Qəzzada sülh və atəşkəsin təmin olunması üçün ictimaiyyətin diqqətini cəlb etmişdir.
Zohran İsrailin yaranmasının ildönümü münasibətilə qəbul olunan bəyanatı imzalamaqdan imtina etmiş, lakin Holokostun anım qərarının lehinə səs verməklə balanslı mövqeyini ortaya qoymuşdur. Bu balanslı yanaşma onu həm milli, həm də beynəlxalq səviyyədə sosial ədalət və insan hüquqları məsələlərində nümunəvi lider kimi tanıtdı.
2025-ci İl: Nyu-York mer seçkisi və liderliyi
2025-ci ildə Zohran Mamdani Demokrat Partiyasının namizədi olaraq Nyu-York şəhərinin meri seçkilərində iştirak etdi və tarixi bir qələbə qazandı. Kampaniyasında qeyd etdiyimiz kimi, pulsuz şəhər avtobusları, kirayə sabitliyi və kirayələrin dondurulması, bələdiyyə mülkiyyətində bazarların açılması, minimum əmək haqqının 30 dollara çatdırılması, polis və ictimai təhlükəsizlik islahatı, ucuz mənzillərin artırılması və şirkətlərdən yüksək gəlir vergisi toplanması kimi vədləri irəli sürdü. Sosial mediadan aktiv istifadə etməsi paylaşımlarının viral olmasına və gənc seçicilər arasında geniş dəstək qazanmasına səbəb oldu. Zohran həyat yoldaşı Rama Duvaji ilə 2021-ci ildə Astoriya bölgəsində tanış olmuşdur. Rama suriyalı-amerikalı rəssam və keramika ustasıdır. Onların birgə həyatı Zohran üçün həm şəxsi, həm də ictimai dəstək mənbəyidir. Mer seçildikdən sonra Zohran əvvəlki mer Erik Adamsın İsrailə dəstək məqsədilə imzaladığı bəzi qərarnamələri ləğv etmiş, şəhər qurumlarının İsraildə sərmayələri qorumaq və boykot etməyi qadağan edən sənədləri etibarsız saymışdır.
Sosial proqramlar və icma təşəbbüsləri
2025-ci ilin sonunda şəhər büdcəsinin xərcləməsi daha şəffaf olmuş, ucuz mənzillərin sayı 20%-dən 35%-ə yüksəlmiş, məktəbəqədər uşaqlar üçün pulsuz qayğı proqramı 15,000-dən çox uşağı əhatə etmişdir. Polis və ictimai təhlükəsizlik islahatı çərçivəsində isə 2025-ci ilin sonlarına doğru gənc rəngli seçicilər arasında polis və icma arasında dialoq tədbirləri 200-dən çox icmada keçirilmişdir.
Qeyd edək ki, Zohran Mamdani Nyu-Yorkun ilk müsəlman, ilk Hind əsilli amerikalı və ikinci demokratik sosialist meri olaraq vəzifəyə başlamış, şəhərin idarəçiliyində yeni bir dövr açmışdır. Onun liderliyi, intellektual ailə kökləri, sosial media bacarığı, siyasi aktivizm və icma təşəbbüslərini birləşdirərək Amerikanın böyük şəhərlərində sosial ədalət və iqtisadi bərabərliyin praktik nümunəsini yaratmışdır.
“Atam sürgündə böyüdü. Anam səhnədə çalışaraq evi idarə etdi. Mən isə, təhsilin mümkün olduğuna inanaraq böyüdüm",- Zohran Mamdani 2024-ci il seçki çıxışında belə deyib.
Zohran Kvame Mamdani həyatı, siyasi karyerası, sosial proqramları, beynəlxalq mövqeləri, mer vəzifəsindəki təşəbbüsləri, şəxsi həyatı və musiqi keçmişi ilə yalnız Nyu-York üçün deyil, ABŞ və dünya siyasəti üçün nümunə olmuşdur. Onun fəaliyyəti gənclər və müxtəlif etnik qruplar arasında sosial aktivliyi artırmış, demokratik sosializmi praktik nümunə kimi göstərmişdir.
Fatimə Məmmədova
11:15 05.01.2026
Oxunuş sayı: 2771