Avropa İttifaqı Ukrayna üçün Rusiya aktivləri ilə bağlı qərar verə bilmədi
Avropa İttifaqı ölkələrinin Ukraynanın maliyyə dəstəyi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməkdən imtina etməsi Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Almaniya siyasətçisi Fridrix Merts üçün ciddi siyasi zərbə kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki,məlumata görə, Avropa Komissiyası ilə Belçika diplomatları arasında bir gün davam edən intensiv danışıqlara baxmayaraq, Rusiya aktivlərinin istifadəsi ilə bağlı yekun qərar qəbul olunmayıb. Məsələ Aİ sammitində razılaşdırılmayaraq gündəlikdən çıxarılıb.
Belçikanın baş naziri Bart De Vever sammitdən sonra jurnalistlərə açıqlamasında prosesi uğursuzluq kimi dəyərləndirib. O, danışıqları “batmaqda olan gəmi”yə bənzədərək, “Bu, «Titanik» kimi idi və sonda hər şey bitdi”, —deyə bildirib.
Buna baxmayaraq, Ursula fon der Lyayen əldə olunan nəticəni müsbət təqdim etməyə çalışıb. O qeyd edib ki, Ukraynaya ayrılacaq kredit yalnız Moskvanın gələcəkdə reparasiya ödəməsi halında geri qaytarılmalı olacaq.
Fridrix Merts də Ukraynaya dəstək üçün vəsaitin Aİ daxilindən cəlb olunması ideyasının öz təşəbbüsü olduğunu vurğulayıb. Lakin Euractiv xatırladır ki, Merts bundan cəmi bir gün əvvəl reparasiya kreditini Ukraynanın maliyyələşdirilməsinin “yeganə mümkün yolu” adlandırmışdı.
Qeyd edək ki, Aİ daxilində Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi məsələsi hüquqi və siyasi risklər səbəbindən hələ də ciddi mübahisələr doğurur.
Nastya Qəniyeva
12:47 19.12.2025
Oxunuş sayı: 3988