YAP Yasamal rayon təşkilatında “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılğı ilə “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, YAP Yasamal rayon təşkilatının və “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.
Tədbirdə ilk öncə Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq kompleks önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkil etdiyi “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisinə baxış keçirilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Moldova Respublikasının Dövlət Himnləri səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir iki dost xalq arasında mədəni əlaqələrin dərinliyini əks etdirməklə mühüm əhəmiyyətə malikdir. Azərbaycan–Moldova münasibətləri tarixən qarşılıqlı hörmət və etimada əsaslanaraq ardıcıl inkişaf yolu keçib. Bu əlaqələrin möhkəm təməl üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və balanslı xarici siyasət xətti həlledici rol oynayıb. Məhz onun müəyyənləşdirdiyi strateji kurs iki ölkə arasında siyasi dialoqun və əməkdaşlığın davamlılığını təmin edib. Prezident İlham Əliyev bu siyasi xətti müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirərək Azərbaycan–Moldova münasibətlərini yeni mərhələyə yüksəldib. Son illər qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və əlaqələrin dinamik inkişafını göstərir. Nəticə etibarilə, bu gün Ulu Öndər Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin qətiyyətli siyasəti fonunda Azərbaycan–Moldova əlaqələri uğurla inkişaf edir.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov çıxış edərək qeyd ediblər ki, “Moldova–Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir iki ölkə arasında dostluq və əməkdaşlığın yüksək müstəvidə təzahürü kimi xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki. Azərbaycan–Moldova əlaqələrinin yüksək səviyyəyə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən xarici siyasət kursu əsas rol oynayıb. Onun təşəbbüsləri nəticəsində iki ölkə arasında etibarlı siyasi və mədəni əməkdaşlıq üçün möhkəm zəmin yaradılıb. Prezident İlham Əliyev isə bu strateji xətti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək əlaqələrin məzmununu daha da zənginləşdirib. Bu gün münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq mədəniyyət, təhsil və gənclər siyasəti istiqamətində də uğurla davam etdirilir. Qeyd olunub ki, tədbir eyni zamanda həmrəylik və multikultural dəyərlərin təbliği baxımından əhəmiyyətli platforma rolunu oynayır.
Sonda çıxış edən Moldova Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiriAleksandr Esaulenko çıxış edərək həyata keçirilən tədbirin iki dost xalq arasında mədəni və mənəvi bağların nə qədər dərin və səmimi olduğunu bir daha nümayiş etdirilməsini qeyd edib. Bildirilib ki, uşaqların dünyaya baxışı, onların saf düşüncələri və yaradıcılığı iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişafının bariz gösəricilərindən birini təşkil edir. Qeyd olunub ki, Azərbaycan–Moldova münasibətləri qarşılıqlı hörmətə, etimada və dostluğa əsaslanaraq uğurla inkişaf edir. Bu əlaqələrin formalaşmasında və möhkəmlənməsində siyasi dialoqla yanaşı, mədəni sahələrdə həyata keçirilən birgə layihələr ölkələrimizi daha da yaxınlaşdırır. Məhz bu baxımdan bugünkü tədbir xüsusi əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün dostluq mesajı verir. Çıxışda tədbirin təşkilinə görə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatına dərin minnətdarlıq ifadə olunub.
Çıxışlardan sonra hədiyyələr təqdim edilib. Tədbirə “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təqdimatında “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı bədii kompozisiya ilə yekun vurulub.
Sonda xatirə şəkilləri çəkdirilib.
13:30 18.12.2025
Oxunuş sayı: 1511