Məktəblərdə dini fənlər tədris olunmalıdırmı?
Müasir təhsil sistemində şagirdlərin yalnız akademik biliklərlə deyil, eyni zamanda mənəvi və etik dəyərlərlə formalaşması vacib hesab olunur. Son dövrlər məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənnin yaradılması məsələsi dövlət təhsil standartları çərçivəsində müzakirə mövzusuna çevrilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, dövlət standartları sənədində şagirdlərin orta təhsil müddətində əldə etməli olduqları bilik, bacarıq və dəyərlər açıq şəkildə əksini tapır. Onun sözlərinə görə, hər hansı yeni fənnin əlavə olunması üçün ümummilli səviyyədə qəbul edilmiş qərar və müvafiq normativ sənəd tələb olunur. V.Yaqublu eyni zamanda qeyd edib ki, hazırda dövlət təhsil standartları yenilənir və mövcud təkliflər rəsmi qaydada təqdim edilə bilər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a bildirib ki, bu məsələ ətrafında cəmiyyətdə bəzən anlayışlar qarışdırılır: “Bəzən elə bir fikir formalaşdırılmağa çalışılır ki, guya məktəblərdə dini ehkamlar tədris ediləcək, uşaqlara namaz və oruc ibadətləri öyrədiləcək. Xeyr, söhbət bundan getmir. Burada əsas məqsəd və hədəf şagirdlərə din haqqında ümumi, elmi və maarifləndirici bilgilərin verilməsidir. B bilgilər rəsmi və nəzarətli şəkildə təhsil sistemi çərçivəsində təqdim olunmazsa, uşaqlar müxtəlif kənar və zərərli təsirlərlə üz-üzə qala bilərlər. Əgər biz bu bilgiləri verməsək, başqaları verəcək və bu da uşaqların yanlış mənbələrdən təsirlənməsinə səbəb ola bilər”.
C. Məmmədov hesab edir ki, məsələ son dərəcə həssas yanaşma tələb edir və bu istiqamətdə məktəblərdə müəyyən addımların atılmasına ehtiyac var: “Bu fənnin əsas mahiyyəti dini ibadətlərin öyrədilməsi deyil, ümumi dünyagörüşü formalaşdıran məlumatların verilməsindən ibarət olmalıdır. Bu baxımdan məktəblərdə din və mənəviyyatla bağlı maarifləndirici tədrisə ehtiyac var”.

Məktəblərdə dinlə bağlı ayrıca fənnin tədrisi məsələsinə münasibət bildirən fəlsəfə doktoru, təhsil eksperti, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə bu yanaşmanı doğru hesab etmədiyini bildirib.
Onun sözlərinə görə, müasir dünyanın çağırışları və Azərbaycanın dünyəvi dövlət modeli nəzərə alınarsa, məktəblərdə dini fənn kimi tədrisə yol verilməməlidir: “Şəxsi mövqeyim ondan ibarətdir ki, dinin ayrıca fənn kimi məktəblərdə tədrisi yol verilməzdir. Biz dünyəvi dövlətik və təhsil sistemi də bu model üzərində qurulmalıdır. Azərbaycanın multikultural dəyərlərə sadiq ölkə olması və burada müxtəlif dinlərin nümayəndələrinin yaşaması fonunda hansısa bir dini fənnin tədrisi digər dinlərə qarşı ayrı-seçkilik yarada bilər. Bu zaman haqlı sual yaranır: biz dünyəvi məktəb istəyirik, yoxsa dini məktəb? Təbii ki, dünyəvi məktəb”.
Onun fikrincə, dini mövzuların maarifləndirici səviyyədə, milli-mənəvi dəyərlərlə bağlı tədbirlər və ya mövcud fənlərin tərkibində təqdim olunması daha məqsədəuyğundur: “Din dövlətdən ayrıdır və bu, insanların şəxsi inamı, dünyagörüşüdür. Bu mənada dinin məktəbə daşınmasını ümumilikdə zərərli hesab edirəm. Hazırda tədris olunan fənlərin daxilində dini və mənəvi mövzulara elmi yanaşma çərçivəsində yer verilir və bu yanaşma davam etdirilməlidir. Bu format dini radikalizmin qarşısının alınmasına və şagirdlərə düzgün, elmi əsaslı biliklərin ötürülməsinə imkan yaradır. Məktəblərin əsas məqsədi şagirdlərin dünyəvi, bəşəri və milli-mənəvi dəyərlər əsasında vətəndaş kimi formalaşmasına xidmət etməlidir. Şagirdlərə bilik, bacarıq və səriştələrin aşılanması dini fənnlərin tədrisindən daha vacibdir. Dini mövzular üzrə ayrıca fənnin yaradılması Azərbaycan üçün zəruri deyil. Bu, mənim şəxsi fikrimdir, lakin hesab edirəm ki, dini fənn kimi tədris geri düşüncəyə aparan və doğru olmayan yanaşmadır”.
Mehriban Yariyeva
12:03 18.12.2025
Oxunuş sayı: 1469