Leyen: Aİ “müasir hibrid müharibələrə” hazır olmalıdır
Avropa İttifaqı öz təhlükəsizliyinə görə məsuliyyəti üzərinə götürməli və “müasir hibrid müharibələr” aparmaq bacarığını inkişaf etdirməlidir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Avropanın təhlükəsizlik məsələsində başqalarına arxalanmaq dövrü başa çatır:
“Avropa öz təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır. Bu artıq seçim deyil, zərurətdir. Biz müasir hibrid müharibə aparmaq üçün yeni imkanlar hazırlamalı və tətbiq etməliyik”, – deyə fon der Leyen bildirib.
Avropa Komissiyasının sədri vurğulayıb ki, dəyişən geosiyasi şərait, kibertəhdidlər, dezinformasiya kampaniyaları və qeyri-ənənəvi təhlükəsizlik riskləri Aİ-ni müdafiə və təhlükəsizlik siyasətinə yenidən baxmağa məcbur edir.
Qeyd edək ki, son dövrlərdə Avropa İttifaqında müdafiə xərclərinin artırılması, hərbi-siyasi koordinasiyanın gücləndirilməsi və strateji muxtariyyət məsələləri əsas gündəm mövzularından birinə çevrilib.
Sevinc Yarməmmədova
14:35 17.12.2025
Oxunuş sayı: 838