Dünya Türk Dilləri Ailəsi Günü Kolumbiyada qeyd edilib
Türkiyə Maarif Vəqfinin və Türkiyənin Kolumbiyadakı Səfirliyinin təşkilatçılığı ilə Boqota şəhərində Dünya Türk Dilləri Ailəsi Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə akademik dairələrin nümayəndələri, Türkiyədə təhsil almış məzunlar, eləcə də türk dillərini öyrənməyə maraq göstərən tələbələr iştirak ediblər.
Azərbaycanın Kolumbiyadakı diplomatik nümayəndəliyinin əməkdaşı Namik Ramazanov qonaqları Azərbaycan dilində salamlayaraq, UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilmiş tarixi qərara əsasən, 15 dekabr tarixinin “Dünya Türk Dilləri Ailəsi Günü” – Türk dünyasının dil bayramı kimi qeyd olunmasının əhəmiyyətinə diqqət yönəldib. Diplomat bildirilib ki, bu tarix bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən Orxon-Yenisey abidələrinin oxunuşunun ildönümünə təsadüf edir.
Qeyd olunub ki, hər bir xalq üçün ana dili onun milli kimliyinin əsas göstəricisidir. Azərbaycan bu qərarı alqışlayır.
Tədbirdə Prezident İlham Əliyevin fikirləri də xatırladılıb: “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Sonda Dünya Türk Dilləri Ailəsi Gününün türk dünyası və bu dilləri bilən və öyrənən hər kəs üçün faydalı olması arzulanıb.



23:57 15.12.2025
Oxunuş sayı: 1265