Təklif dəstəkləndi: Süni intellekt ayrıca fənn kimi tədris oluna bilər
Tanınmış təhsil eksperti Elçin Əfəndi orta məktəblərdə süni intellektin fənn kimi tədris olunmasını təklif edib. Onun fikrincə, bu, uğurlu addım ola bilər.
Bu təklif süni intellektin cəmiyyət həyatında artan rolu fonunda gündəmə gəlib.
Süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə bu texnologiyanın təhsil sisteminə inteqrasiyası zərurətə çevrilib. Artıq bir çox məktəbdə rəqəmsal bacarıqların formalaşdırılması, şagirdlərin layihə əsaslı işlərə cəlb edilməsi və yaradıcı düşüncənin inkişafı istiqamətində mühüm addımlar atılır. Süni intellekt fənninin tədris olunması gələcək kadr hazırlığına, innovativ düşüncənin güclənməsinə və ölkənin rəqabətqabiliyyətli inkişafına mühüm töhfə verə bilər.
Süni intellekt fənninin tədrisə daxil edilməsi gələcəyin peşələrinə hazırlıq baxımından çox vacib addımdır. Bu fənn şagirdlərə yalnız texniki bilik deyil, həm də yaradıcı və analitik düşünmə qabiliyyəti qazandıracaq. Erkən yaşlardan bu bacarıqların formalaşması ölkənin innovasiya potensialını artırmağa ciddi təsir göstərə bilər.

Məsələ ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin müəllimi Qoşqar Bəylərov Crossmedia.az- a açıqlama verib.
O bildirib ki, süni intellekt fənninin tətbiqi faydalı olsa da, bunun yalnız mərhələli şəkildə və peşəkar müəllim hazırlığı təmin olunduqdan sonra həyata keçirilməsi daha düzgün olardı: "Süni intellektin məktəblərdə ayrıca fənn kimi tədris olunması ilə bağlı təklifə ümumən müsbət yanaşıram, amma bunun mərhələli və düşünülmüş şəkildə həyata keçirilməsi vacibdir. Bu gün süni intellekt artıq həyatın; iqtisadiyyatın, təhsilin və əmək bazarının ayrılmaz hissəsinə çevrilib. Şagirdlərin gələcəkdə rəqabətqabiliyyətli olması üçün onların texnoloji savadı, məlumatı təhlil etmə və alqoritmik düşünmə bacarıqları erkən yaşdan formalaşdırılmalıdır. Bu baxımdan, süni intellektin əsas prinsiplərinin, etik qaydalarının və istifadə bacarıqlarının məktəb səviyyəsində öyrədilməsi gələcəyə yönəlik doğru addımdır.
Lakin bunun dərhal ayrıca fənn kimi tətbiqi yox, mərhələli inteqrasiya yolu ilə başlamalıdır. İlk mərhələdə informatika fənninə süni intellektlə bağlı mövzular daxil edilməli, şagirdlərə praktiki istifadə qaydaları, risklər və məsuliyyət məsələləri öyrədilməlidir. Daha sonra ehtiyac və imkanlar dəyərləndirilərək ayrıca fənn modelinə keçid ola bilər".
O bildirib ki, əsas məsələ müəllim hazırlığıdır: "Müəllimlər süni intellekt alətlərini, onların üstünlükləri və məhdudiyyətlərini yaxşı bilməli, dərsdə təhlükəsiz və məqsədyönlü şəkildə tətbiq edə bilməlidirlər. Bu təmin olunmadan yeni fənn əlavə etmək gözlənilən effekti verməyə bilər. Hazırd bu fənni tədris edə biləcək müəllim sayı olduqca azdır. Peşakar olmayanlar isə şagirdləri yanlış yönləndirə bilərlər".
Ülvi Zahidov
14:30 14.12.2025
Oxunuş sayı: 6387