AYNA: bu yolda üçzolaqlı hərəkət mümkün deyil
Paytaxtın Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində yaşanan problemlə bağlı zolaqlar yenilənib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Mikayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun həndəsi ölçüləri nəzərə alınaraq, üç hərəkət zolağı təşkil edilib. Lakin kəsişmə nöqtəsini keçdikdən sonra yolun eni nəzərə çarpacaq qədər azalır və həmin ərazidə üçzolaqlı hərəkətin davam etdirilməsi normativ texniki tələblərə uyğun deyil", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, bu hissənin həndəsi xüsusiyyətləri yalnız iki hərəkət zolağının təhlükəsiz təşkili üçün imkan verir:
"Yol hərəkətinin təşkilinin baza prinsiplərinə əsasən, üçzolaqlı hərəkət axınlarını ikizolaqlı yola istiqamətləndirməklə yolun faktiki buraxıcılıq qabiliyyəti ilə zolaq sayı arasında uyğunsuzluq yaratmaq hərəkətin sabitliyi və təhlükəsizliyini pozduğu üçün yolverilməzdir. Bu səbəbdən sözügedən istiqamətdə üçzolaqlı hərəkətin təşkili həm texniki, həm də təhlükəsizlik baxımından məqsədəuyğun deyil".
17:20 13.12.2025
Oxunuş sayı: 1201