Qaşsız üzük - Yunus Oğuz yazır
Pritça
Məhəllənin zəngin bir adamı lotuları yığıb deyir ki, bəs Molla Nəsrəddinlə məzələnmək istəyirəm. Cavab verirlər ki, etmə-eləmə, onunla məzələnmə, dilə-dişə düşərsən. Zəngin adam iki ayağını bir başmağa dirəyir ki, yox, gərək məzələnim.
Nə isə, zəngin adam lotulara tapşırıq verir ki, bəs Mollanın eşşəyini oğurlayın.
Elə də edirlər, kişinin eşşəyini oğurlayıb, yaxşı bir yerdə gizlədirlər.
Gunortaya yaxın lotular eşidirlər ki, məhəllədən qaval səsi gəlir. Tökülüşürlər küçəyə, görürlər ki, Molla keyfi kök, qaval çala-çala, oxuya-oxuya harasa gedir.
Onun qənşərini kəsib soruşurlar:
-Molla, xeyir ola, hara gedirsən belə?
Molla cavab verir.
-Eşşəyim itib, gedirəm onu axtarmağa.
Zəngin adam sual verir:
-Heç eşşəyi itənə oxşamırsan. Belə də çal-çağırla eşşək axtararlar?
-Ümidim, -barmağı ilə qarşıdakı təpəni göstərir, - o təpənin arxasınadır. Əgər eşşək orada olmasa, siz mənim vay-şüvənimə, haray-həşirimə baxarsınız.
Molla, arxası ilə də lotular çıxırlar təpənin başına. Baxır ki, eşşək yoxdur. Bir haray-həşir salır ki, gəl görəsən.
Lotular bir ağızdan deyirlər:
-Molla, Allah rəhmət eləsin, yəqin qurd-quş yeyib.
Molla daha da bərkdən ağlaya-ağlaya deyir:
-Hardasan, ay mənim ceyran gözlüm. Mən heç bilmirdim sənin belə hörmətli qohumların var. Gəl, gör kimlər gəlib.
Lotular gülüşməyə başlayırlar. Zəngin adam qabağa keçib, qurşağından qaşsız, qiymətli bir üzük çıxarıb mollaya verir.
-Qəm yemə, Molla əmi, al bu üzüyü eşşəyin əvəzinə. İstəyərsən satıb təzə eşşək alıb sakitləşərsən.
Molla üzüyü qurşağına basıb, bir söz demədən çıxıb gedir. Başa düşür ki, eşşək bunun zavalına gəlib.
Bundan sonra, Molla məhəllədə kimi görürsə deyir ki, Allah filankəsə cənnətdə gözəl bir saray qismət eləsin, amma tavansız. Söz gedib bu zəngin adama çatır. Bir gün onun qabağını kəsib deyir:
-Molla əmi, ayıb deyil? Sənə o cürə qiymətli üzük vermişəm, sənsə mənə cənnətdə tavansız saray arzulayırsan.
Molla qımışıb cavab verir:
-Nə vaxt üzüyün qaşı olacaqsa, sənin də sarayının tavanı olacaq. Eşşəyi də qaytar...
Qaşsız üzüklər çoxalıb satışda...
16:48 11.12.2025
Oxunuş sayı: 1088