Yeni “Konstitusiya və Suverenlik İli” poçt markası buraxıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC "Konstitusiya və Suverenlik İli" poçt markasını dövriyyəyə buraxıb.
Crossmedia.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Dövlət Bayraq Muzeyində baş tutan təqdimat mərasimində "Azərpoçt"un İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev markanın buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərə suverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımından önəmli olduğunu vurğulayıb.
O bildirib ki, bu marka dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yük daşıyır.
Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiya təşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilə tanışlıq baş tutub. Ardınca "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və Bayraq Meydanının inşasına dair qısa film nümayiş etdirilib.
16:25 10.12.2025
Oxunuş sayı: 1027