Azərbaycan-Slovakiya əlaqələrinin strateji tərəfdaşlıq zirvəsi
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu göstərən mühüm tarixi hadisə kimi yadda qaldı. Bratislavada keçirilən yüksək səviyyəli görüşlər, imzalanmış sənədlər, eləcə də Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat həm ikitərəfli əməkdaşlığın dərin mahiyyətini, həm də Azərbaycanın Avropa məkanında artan çəkisini aydın şəkildə ortaya qoydu.
Azərbaycan və Slovakiya münasibətləri qarşılıqlı etimad və siyasi iradə əsasında yüksələn xətlə inkişaf etmişdir. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri olsa da, tərəflər arasında strateji tərəfdaşlığın bünövrəsi bundan əvvəl möhkəm şəkildə qoyulmuşdu. Xüsusilə 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək siyasi səviyyəyə qaldırmış, bu sənədin imzalanmasından sonra isə praktiki əməkdaşlıq istiqamətləri üzrə tamamilə yeni dinamika müşahidə olunmuşdur.
Bu səfər yüksək səviyyədə siyasi dialoqun daha da dərinləşməsinə, Azərbaycanın Avropa İttifaqı məkanında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, Avropanın enerji təhlükəsizliyində ölkəmizin artan rolu, Şərq–Qərb nəqliyyat və logistika dəhlizlərində Azərbaycanın strateji mövqeyi xüsusi qeyd olunmalıdır. Müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsi, həmçinin beynəlxalq məsələlərdə mövqelərin yaxınlaşması da səfərin əsas siyasi xəttini təşkil edib.
Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyində aparıcı rola malikdir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda açıqladığı rəqəmlər bu rolun miqyasını bir daha təsdiqlədi: hazırda Azərbaycanın qaz ixracı 25 milyard kubmetrdir və bunun yarısı Avropa ölkələrinə nəql olunur. Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alır ki, bu da Azərbaycanın Avropa enerji məkanında etibarlı, dayanıqlı və sözün əsl mənasında strateji tərəfdaş kimi çıxış etdiyini göstərir.
Slovakiyaya 2024-cü ildə ilk dəfə Azərbaycan qazının tədarükü baş tutmuşdur və bu, iki ölkə arasında enerji əməkdaşlığında real dönüş nöqtəsi hesab edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Bununla yanaşı, ölkəmiz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkələri arasında birinci sırada yer tutur ki, bu, qlobal enerji bazarında Azərbaycanın strateji çəkisini daha da artırır. Yeni yataqların işlənməsi ilə əlavə resursların əldə olunması perspektivi isə yaxın illərdə həm Slovakiyaya, həm də digər Avropa dövlətlərinə enerji tədarükünün daha böyük həcmdə mümkün olacağını göstərir. Enerji sahəsində əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Azərbaycanın elektrik enerjisi, yaşıl enerji və hidrogen layihələri üzrə təqdim etdiyi imkanlar Slovakiya da daxil olmaqla Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı mesajdır. Bəyantda bildirilib ki, Azərbaycan müharibə aparmaq niyyətində deyil, lakin texnoloji inkişafı prioritet sayır və Slovakiya ilə birgə müdafiə sənayesi məhsullarının istehsalı beynəlxalq bazarlar üçün maraqlı ola bilər. Bu yanaşma göstərir ki, tərəflərin məqsədi sənaye və texnologiyalar üzrə rəqabət qabiliyyətli sinergiyanın yaradılmasıdır. Slovakiyanın yüksək texnoloji təcrübəsi, Azərbaycanın isə maliyyə və istehsal potensialı birləşərək regional və qlobal bazarlara çıxış imkanı yaradır. Bu, həm də hər iki ölkənin müdafiə sənayesinin modernləşməsi istiqamətində yeni mərhələnin başlanğıcıdır.
Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycanın Orta Dəhliz layihəsində oynadığı rolu xüsusi vurğulamışdır. Azərbaycan artıq Şərqlə Qərb arasında etibarlı nəqliyyat körpüsü kimi tanınır və ölkəmizin yaratdığı nəqliyyat infrastrukturları, magistral avtomobil yolları, yeni logistika mərkəzləri – Avrasiyanın ən dinamik və təhlükəsiz marşrutunu formalaşdırır. Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və etibarlı marşrutun Azərbaycan ərazisindən keçməsi faktı Slovakiya üçün də böyük əhəmiyyət kəsb edir. Slovakiya Orta Avropanın əsas logistika qovşaqlarından biridir və Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıq bu ölkənin yük dövriyyəsinin diversifikasiyasına və yeni bazarlara çıxışına töhfə verə bilər. Azərbaycan gələcək illərdə nəqliyyat sektoruna əlavə sərmayə yatırmaqla öz imkanlarını daha da genişləndirmək niyyətindədir. Bu, Slovakiya ilə əməkdaşlığın yeni istiqamətlərinin açılması deməkdir.
Prezident İlham Əliyev səfər zamanı verdiyi bəyanatda informasiya texnologiyaları və data mərkəzlərinin yaradılması sahəsində əməkdaşlığa xüsusi diqqət ayırmışdır. Azərbaycanın bu sahədəki böyük enerji potensialı, iqlim şəraitinin uyğunluğu və geostrateji yerləşməsi kimi üstünlükləri Slovakiya şirkətlərinin bu istiqamətdə Azərbaycana maraq göstərməsi qarşıdakı illərdə rəqəmsal əməkdaşlığın tamamilə yeni səviyyəyə yüksələcəyini göstərir.
Prezident İlham Əliyevin Bratislavada verdiyi bəyanat Azərbaycanın beynəlxalq sistemdə artan çəkisini əks etdirməklə yanaşı, Azərbaycanın Avropa ölkələri ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Slovakiya kimi Avropa ölkələri Azərbaycanın regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində oynadığı rolun fərqindədirlər. Azərbaycan 2020-ci ilin tarixi Zəfərindən sonra regionda tamamilə yeni geosiyasi reallıq yaradıb və bu reallıq Avropanın Cənubi Qafqaz siyasətinin əsas elementlərindən birinə çevrilib. Bundan əlavə, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə davamlı dəstəyi, eləcə də regional sülh prosesinə verdiyi siyasi siqnallar iki ölkə arasında siyasi əlaqələrin dərinliyini göstərir.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan diplomatiyasının davamlı uğurlarının daha bir nümunəsi kimi tarixə düşdü. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın təkc sənədlərdə deyil, real məzmunda möhkəmləndiyini göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika, müdafiə sənayesi, yüksək texnologiyalar, rəqəmsal əməkdaşlıq və beynəlxalq siyasət üzrə geniş müzakirələr göstərir ki, Azərbaycan-Slovakiya əlaqələri yaxın illərdə daha da güclənəcək və Avrasiyanın yeni strateji xəttlərindən birinə çevriləcək.

Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
13:52 10.12.2025
Oxunuş sayı: 3010