Dünya Qərbi Azərbaycan həqiqətinin hüquqi çərçivəsini qəbul edir- RƏY
Bir neçə gün əvvəl Prezident İlham Əliyev "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib.
"2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır. İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır", -Prezident bildirib.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb: "Möhtərəm Cənab Prezident İlham Əliyevin III Beynəlxalq Konfransda tədbir iştirakçılarına ünvanlanmış müraciəti uzun illər ərzində Qərbi Azərbaycanda azərbaycanlılara qarşı həyata keçirilən məqsədyönlü etnik və mədəni soyqırımın hüquqi çərçivəsini açıq şəkildə ortaya qoyur. Ermənistanın azərbaycanlılara məxsus qədim yaşayış məskənlərini, dini ibadət ocaqlarını, tarixi abidələri və qəbiristanlıqları sistemli şəkildə məhv etməsi barbarlıq, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı açıq cinayətdir. 1954-cü il Haaqa Konvensiyası, münaqişə və işğal dövründə mədəni irsin qorunmasını tələb edir. Ermənistan isə bu irsi qəsdən məhv edib. UNESCO konvensiyaları, xalqların mədəni və dini irsinin toxunulmazlığını təmin edir. Ermənistan bu irsi mənimsəyərək izini silib. BMT-nin İnsan Hüquqları Bəyannaməsi, insanların doğma torpaqlarında yaşamaq və dini etiqadlarını qorumaq hüququnu təsbit edir. Ermənistan bu hüquqları kobud şəkildə pozub. Soyqırım Konvensiyası, mədəni irsin qəsdən məhvini soyqırımı təşkil edən hərəkətlərin tərkib hissəsi kimi qiymətləndirir".
Parlamentari bildirib ki, bu sənədlər beynəlxalq ictimaiyyətə Ermənistanın məsuliyyətini hüquqi müstəvidə tələb etmək üçün tam əsas yaradır: "Ermənistan beynəlxalq hüquqa əsasən, Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququnu təmin etməyə məcburdur və Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı törətdiyi vandalizmə görə beynəlxalq tribunal qarşısında cavab verməlidir, etirafla yanaşı, bərpa öhdəliklərini yerinə yetirməlidir. Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdışı məsələsini hüquqi mexanizmlər və diplomatik mexanizm üzərindən aparır. Möhtərəm Cənab Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində məsələ artıq qlobal müzakirələrə çıxarılıb və dünya Qərbi Azərbaycan həqiqətinin hüquqi çərçivəsini qəbul edir”.
Sevinc Sultanlı
13:23 09.12.2025
Oxunuş sayı: 1330