“Kitabi-Dədə Qorqud” dastanında olan gizli tarixi bilgilər və Göbəklitəpə haqqında üstüörtülü məlumatlar
“Kitabi-Dədə Qorqud” dastanı oğuzların yazılı ədəbiyyatının hələ ki, bizə məlum olan ilk nümunəsidir. Müxtəlif boyların, yaxud oğuznamələrin məcmusundan yaradılan dastanın özunəməxsus dil üslubu vardır.
Bir müqəddimə, on iki boydan (oğuznamədən) ibarət “Kitabi-Dədə Qorqud” dastanı heç bir tarix kitabında rast gəlinməyən söz xəzinəsi ilə zəngindir. Buradakı xronologiya bəzən rəqəmlərlə, bəzən də sözlərin mənaları ilə elə ifadə olunub ki, bəzən tək bir boyda oğuzların Ana xaqanlığı, Ata xaqanlığı, Erkən orta əsrlər, İslam dinini qəbul etdikdən sonrakı yaşamları haqqında məlumatlar əldə etmək mümkündür. Belə ki, burada olan yer və şəxs adları əşyavi və şəkli yazıları elə ifadə edir ki, dastanı oxuduqca hadisələrin təsadüfən deyil, müdrik bir şəxs tərəfindən məqsədyönlü şəkildə qələmə alındığını görmək olur. Bunlar isə onu düşünməyə əsas verir ki, dastanda olan məlumatlar qədim dövrlərdən oğuzlar arasında dildən-dilə dolaşmış, tarixin qədim səhifələrindən xəbərdar olan bir müəllif tərəfindən müxtəlif əlavələrlə zənginləşdirilərək qələmə alınmışdır.
Neolit dövrü abidəsi olan Göbəklitəpə “Kitabi-Dədə Qorqud” dastanı əsasında ilk dəfə tədqiqata cəlb olunduğu üçün biz dastanda ifadə olunan təpələrin təsvir edilmə qaydalarından bəhs edərək məsələyə daha ətraflı aydınlıq gətirməyi məqbul hesab edirik.
Dastanının müqəddiməsində “təpə” sözü “ oğul” sözü ilə yanaşı ifadə olunaraq maraqlı məna çalarları ilə təpələrin tarixi əhəmiyyətinə diqqət çəkilir. Məsələn “Kül təpəcik olmaz. Kürəkən oğul olmaz” misralarla belə bir fikir ifadə olunur ki, “ Külü bir yerə toplasan külək onu aparar və təpə yaratmaq olmaz, kürəkən isə insanın arxa-dayağı olsa da o oğul kimi ata-ana soyunun yaşadıcısı olmaz ”(yəni, kürəkən öz atasının soyunu yaşadır). Hər iki misranın bir-birinə bağlı şəkildə qafiyələnməsi onu da ifadə edir ki, dastanda kül və kürəkən “gəlib-gedər”, oğul “soyu-kökü yaşadan”, təpə isə “soy-kök yaşayan yer” kimi ifadə olunmuşdur. Belə anlayışlar eyni zamanda “dilin miforitual təcrübəsi ilə bağlıdır”.
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy” da təpələrdən “atadan oğula yadigar qalan yer” kimi bəhs edilir. Məsələn, dastanda Qazan xan oğlu Uruza “indiyə kimi baş kəsmədin, qan tökmədin, qorxuram ki, mən öləndən sonra yerim boş qalacaq”- deyir. Uruz isə cavabında:
“ Dəvəcə böyümüsən, köşəkcə ağlın yox,
Təpəcə böyümüsən, darıca beynin yox!
Hünəri oğul atadan görər, öyrənər,
Yoxsa atalar oğuldanmı öyrənər”
- deyə cavab verir. Burada Uruzun “təpəcə böyümüsən, darıca beynin yox” sözləri onu ifadə edir ki, “təpələr dola-dola(böyüyə-böyüyə, ucala-ucala) atadan oğula yadigar qalıb, sənin başında (təpəndə) isə darı qədər ağıl yoxdur. Yəni, ata bilməlidir ki, təpələrdə atadan oğula necə yadigarlar qoyulubsa bu uyğunluq ilə sən də öz oğluna yadigar qoymalısan, öz biliyini öyrətməlisən” .
Başqa heyvanları deyil, xüsusi ilə dəvəni misal çəkərək Uruzun atasına dediyi “dəvəcə böyümüsən köşəkcə ağlın yoxdur” sözlərindən isə aydın olur ki, köşək dəvəyə baxarkən onda başqa heyvanlarda olmayan bir əlamət görür. Bu dəvənin belində olan təpəyə bənzər hürgücüdür. Uruz bu mənada yenə təpəyə işarə edərək təpəni xüsusi əhəmiyyətə malik, atadan oğula yadigar qalan özünəməxsus yer kimi ifadə edir. Qazan xan onun igidlərin yanında dediyi- “köşəkcə ağlın yox, darıca beynin yox” kimi sözlərinə qəzəblənmir, əksinə atadan oğula yadigar qalan yerləri xatırlayır və Uruzun bu yerləri ona xatırlatdığı üçün, bu sözlərdən xoşu gəldiyi üçün “əlini- əlinə çalıb (ona əl çalaraq-K.G) qas-qas gülür”. Bu isə onu düşünməyə əsas verir ki, “Kitabi- Dədə Qorqud” dastanında bəhs edilən təpələr atadan-oğula yadigar- miras qoyulan yer kimi ifadə olunmuşdur.
Dastanında olan şəxs adlarını təhlil etdikcə maraqlı faktlarla qarşılaşırıq. Belə ki, tədqiqatlar əsasında məlum olur ki, dastanda adlar vasitəsilə əşyavi və ideoqrafik yazı üslubu ilə Göbəklitəpə haqqında da üstüörtülü məlumatlar verilmişdir.
Göbəklitəpə Türkiyədə Şanlıurfa şəhərinin 15 km şimal-şərqində yerləşir. 12000 il yaşı olan bu kompleks 20-dən artıq dairəvi şəkildə olan tikilidən ibarətdir. Tikililərdə əsasən mərkəzdə iki ədəd “T” şəklində sütunlar vardır. Möhkəm zəmində yerə bərkidilmiş bu sütunların hündürlüyü 6 metrdir. Kompleksi əhatə edən digər divarlar da qismən balaca “T” sütunları ilə əhatələnibdir (şəkil 3).
Göbəklitəpədə ilk dəfə alman arxeoloq Klaus Schmidt 1995-ci ildə arxeoloji qazıntı işlərinə başlamış, bura yerli əhali tərəfindən “Göbəkli təpə” adlandırıldığına görə buranı “Cebaucther Berg” adı ilə qeydə almışdır.
Kompleksdə ereksiya vəziyyətində olan müxtəlif heyvan təsvirləri vardır (şəkil4). Bu tarixi abidə haqqında “Kitabi-Dədə Qorqud” dastanında üstüörtülü şəkildə məlumat verilməsi isə oğuzların Anadoluda yaşadıqları dövrün 12 min il əvvələ təsadüf etdiyini göstərən başqa sübutlardan biridir. Belə ki, “Qam Börəbəy oğlu Bamsı Beyrəyin dustaq olduğu boy” da Bam-bam təpənin adı çəkilir. Dilimizdə iki sözün təkrarından yaranan “bam-bam”, “bom-bom”, “şır-şır”, “cır-cır” və sair sözlər müəyyən bir səsi ifadə edən sözlərdir. Məsələn, Azərbaycanda hələ də balaca şəlalələr olan yerlərə o bölgənin əhalisi tərəfindən “Şır-şır” deyilir. Bu mənada “Bam-bam təpə” sözündəki “bam-bam” müəyyən bir səsi ifadə edir. Belə ki, altı boş, yaxud qazıldıqdan sonra doldurulan yerlərdə ayağı yerə vurarkən “bam-bam, bum-bum” kimi səslər eşidilir. Fikrimizcə bu, qazılmış və qeyri-müəyyən bir səbəblə bir neçə yüzilliklərdən sonra təkrar basdırılan Göbəklitəpənin başqa bir ifadəsidir. Belə ki, Beyrəyin atasının ona “Bamsı” deməsi və Beyrəyin dustaqlıqdan qayıdarkən sevdiyi qıza özünü nişan vermək üçün birinci dəfə “Bam-bam təpəyə çıxdınmı qız?” sözü ilə “bamsı” sözünə işarə etməsi də onu düşünməyə əsas verir ki, “bam+sı” sözü “bam-bam” sözündən yaranmışdır. Dədə Qorqudun Baybörəyə “sən oğunun Bamsım deyə oxşarsan, mən də onun adını Boz ayğırlı Bamsı Beyrək qoydum” sözlərindən də anlaşılır ki, Baybörə öz oğlunun başını “Bamsım” deyərək oxşayarkən (başa həm də təpə deyilir) fikrində ata yadigarı olan Bam-bam təpəni nəzərdə tutmuşdur. Buradan anlaşılır ki, Dədə Qorqudun Bamsıya “Beyrək” adı verməsi də təsadüfi olmamışdır.
“Beyrək” dilimizdə “böyür”, “böyürdə olan”, “böyürün olan” mənasını ifadə edir. Dədə Qorqudun Bamsıya Beyrək adı verməsi onun bəzirganların mallarını geri alması ilə bağlıdır. Onun təkbaşına düşmən üzərinə getməsi, ardınca kimin gəldiyinə əhəmiyyət vermədən yoldaşlarına “məni sevən mənimlə gəlsin”-deməsi onun “ürəkli bir igid” olduğunu ifadə edir. El dilində belə ürəkli, cəsarətli insanlara həm də “ürəkli-böyrəkli insan” deyilir. Bu isə onu düşünməyə əsas verir ki, “Beyrək”adı “böyrək” sözünə nəzərən təyin edilmiş adıır. Təsadüfi deyil ki, daxili orqanlardan olan böyrək də böyürdə yerləşir və buna görə də elə “böyrək” adlanır. Bu mənada “beyrək” və “böyrək” sözləri eyni məna kəsb edən sözlərdir. Məlum olduğu kimi, Beyrək dastanda həm də “Boz atlı Bamsı Beyrək” adlanır. Dastanda Boz at isə Bamsı Beyrəkdən öncə Xızrın atı kimi ifadə olunur. Məlum olduğu kimi Xızır zahiri və batini həyatı ifadə edən mifoloği obrazdır. Bu isə onu düşünməyə əsas verir ki, “Kitabi-Dədə Qorqud” dastanının özünəməxsus dili ilə Xızırla Beyrək arasında məna əlaqəsi qurulmuş, bu əlaqələrlə sətrialtı məlumatlar da ifadə edilmişdir. Yəni Xızır necə zahiri və batini şəxs kimi qəbul edilirsə, Beyrək haqqında məlumatlar da dastanda açıq və gizli mənalarla ifadə olunur. İç Oğuz bəylərindən Beyrəyin adının mənası olan “ürəkli-böyrəkli” sözünü daxili (iç) orqanların əlamətləri ilə müqayisə edərək maraqlı məlumatlar əldə etmək mümkündür. Belə ki, görünməyən, yəni daxili orqanlardan olan ürək qulaqcıqlı, ciyər ödlü, böyrək isə göbəkli olur. Yəni heyvan kəsimi zamanı daxili orqanlar təmizlənərkən ürəyin qulaqcığı, ciyərin ödü, böyrəyin isə göbəyi kəsilərək götürülür. Bu isə onu düşünməyə əsas verir ki, bu mənada Beyrək həm də “göbəkli” deməkdir. Yəni dastanda Bamsı Bam-bam təpəyə, Beyrək isə “göbəkli” sözünə işarədir. Bu iki ad isə birlikdə Göbəkli təpəni ifadə edən gizli bir işarə ola bilər. Oğuz igidlərinə müəyyən əlamətlərə görə ad verən Dədə Qorqudun göbəkkəsmə olan Bamsıya Beyrək adı verməsi də, fikrimizcə bu adın gizli bir mənası olduğunu ifadə edən başqa faktlardan biridir.
Qeyd etmək lazımdır ki, “Göbəklitəpə” adında olan “göbəkli” sözü ana bətnini ifadə edən sözdür. Tədqiqatçılar bu təpənin adını bəhs etdiyimiz mənada haqlı olaraq “Hamilə təpə” kimi mənalandırırlar. “Hamilə” sözü kişi adı kimi təyin olunmadığı üçün, görünür Dədə Qorqud ovçular, eləcə də heyvanların daxili orqanlarından anlayan insanlar tərəfindən aydın dərk edilən “böyrək/ beyrək” sözündən məharətlə istifadə etmişdir. Bu həm də Qorqud atanın fenomen biliyini və ədəbi dühasını da ifadə edən, adlarla əlavə məlumatların dinləyiciyə, yaxud oxycuya çatdırdığını ifadə edən faktlardan biridir.
“Kitabi-Dədə Qorqud” dastanında Beyrəyin Bam-bam təpədən bəhs edərkən “ Beyrək gedəli Bam-bam təpə başına çıxdınmı qız. Boylanıb heç dörd yanına baxdınmı qız” kimi sözləri Göbəklitəpənin coğrafi mövqeyi ilə də üst-üstə düşür. Belə ki, Göbəklitəpə yaxınlığında heç bir dağ olmadığı üçün buradan təpənin dörd bir tərəfini asanlıqla izləmək mümkündür.
Toy mərasimində Bamsı Beyrək özünü nişan verərək və Banı Çiçəyin ona olan sədaqətini yoxlayaraq- “Beyrək gedəli Bam-bam təpə başına çıxdınmı qız?” sualına Banı Çiçəyin:
Güz alması kimi al yanağım yirtdığım çox.
Gələnlə gedəndən sorduğum çox”
- deməsi həm də “Bam-bam təpə” adlanan yerə başqa insanların da gəldiyini ifadə edir. Göbəkli təpənin bu gün də yerli insanlar tərəfindən ziyarət edilməsi və buraya yerli əhali tərəfindən həm də “Dilək təpəsi” deyilməsi məsələyə aydınlıq gətirən başqa faktlardan biridir.
Beyrəyin əsirlikdən qayıdarkən dəvə dərisindən çuval geyməsi və özünü tanıtmaq istəməməsi, daha sonra dostlarını və yoldaşlarını anarkən “tul-tulada girdigim tula dəri” kimi sözlərı, görünür, təsadüfi ifadə olunan sözlər deyil. Belə ki, ““tula dəri” bu gün də qırğız dilində “bütöv dəri” anlamını ifadə edir”. Bu həm də hissələri kəsilməyən, güvəsi, yaxud “güvələri üzərində olan dəri” deməkdir ki, burada biz yenə Beyrəyin təpə ilə işarəli şəkildə ifadə olunduğunu görürük. Beyrəyin güvəli dəvə dərisi geyməsi “göbəklinin təpənin içində olmasını” da simvolizə edir.
Dastanda “ Salur Qazan xanın dustaq olub oğlu Uruzun onu xilas etdiyi boy”da Qazan xanın qaradonlu kafirlərə-
“Ağ qayanın qaplanının erkəyində bir köküm var,..
Ağ sazın aslanından bir köküm var..
Qorxu bilməz (əzvay) qurd balası erkəyindən bir köküm var,
Ağ sunqur quşu erkəyi tək bir köküm var”-
(şəkil 4) deməsi və öz soy- kökünü bəhs edilən heyvanların erkəyi ilə ifadə etməsi də, görünür, Göbəklitəpədə olan təsvirlərlə əlaqəli sözlərdir. Belə ki, Göbəklitəpədə rəsm edilən heyvanların demək olar ki, hər birinin erkək olması onu düşünməyə əsas verir ki, bu heyvanlar oğuzların ata soyunu ifadə etmişdir. Dastanda Qazan xanın dilindən deyilən “əzvay qurd ənügi” sözləri “qorxu bilməz qurd balası”, yaxud “əzvay qurd balası” deməkdir ki, burada “əzvay” sözü həm də “ağzını açaraq dişlərini göstərən, hər an insanı dişləməyə hazır vəziyyətdə olan” deməkdir. Təsadüfi deyil ki, Azərbaycanda “əzvay” adlı tikanlı bitkinin görnüşü də “ ağıznı açaraq dişlərini göstərən” vəziyyətdə boy atan tikana verilən addır.
Anadoluda və Azərbaycanda yaşayan insanların qədim adət və ənənələri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı əsas götürülməklə Göbəklitəpədə olan piktoqrafik və əşyavi yazıları aşağıdalı qaydada mənalandırmaq olar;
Göbəklitəpədə iç-içə dairəvi şəkildə inşa olunmuş tikililər yumurtaya bənzəyir (şəkil 3). Fikrimizcə, burada mərkəzdə olan tikilinin quruluşu yumurtanın mərkəzini (sarısını hissəsini), kənar tikili ağ təbəqəni, digər kənarı isə yumurtanın qabığını simvolizə edir. Kənar tikilidən daxilə doğru açılan yol ana bətninə gedən yol kimi xarakterizə edilə bilər. Belə olduğu halda bu “ yumurta” “ana yumurtalığı”nı ifadə edir. Yumurtanın toxumunun və mayasının olduğunu nəzərə alaraq onda bu tikili “ döllənmiş ana yumurtalığı, yəni ana dölü” deməkdir. Bu mənada “ana dölü” “anamızın bizi doğduğu yer” mənasındadır. Buradakı “ana dölü” bu gün Anadolu, yəni “anamızın dölü olan yer” mənasını ifadə edir. Bu həm də onu düşünməyə əsas verir ki, “anadolu” sözü Göbəklitəpəyə nəzərən yaranmış coğrafi adlardan biridir. Ana xaqanlığı dövründə “ana xətti ilə qohumluq ən müxtəlif insan cəmiyyətlərinin keçdiyi mürəkkəb inkişaf yolunun ilkin hədlərində xüsusi əhəmiyyətə malik olmuşdur.
Göbəklitəpədə şərti “ana dölü” adlandırdığımız yerdə mərkəzdə və divarlara dayaq olaraq yerləşdirilmiş “T” sütunlarını “dayaq” və “dirək” kimi ifadə etmək olar. Vatikan nüsxəsində Qazan xan “Türküstanın dirəyi”, Türkmənsəhra nüsxəsində “Azərbaycanın ləngəri” kimi titulla xatırlanır. Fikrimizcə buradakı sütunlar “Ana dölünün”, yəni “Anadolunun dirəyi”, kənarlarda olan sütunlar isə “Anadolunun dayağı” sözlərinin rəmzi ifadəsi ola bilər. Qeyd etmək lazımdır ki, sütunlarla bu sütunlarda həkk edilən rəsmlərin mənalarını qarışdırmaq olmaz. Çünki, sütunlarda olan ereksiya vəziyyətində olan heyvan rəsmləri oğuzların atalarının rəmzi təsvirləridir və onlar “ana dölü”ndə ereksiya vəziyyətində təsvir olunublar. Bir qayda olaraq onların ürkünc vəziyyətdə təsvir olunması ovçu qəbilələrin xarakterini, döyüşkənliyini, güclü və iqtidarlı olduqlarını ifadə edir. Heyvanların dişlərinin aydın şəkildə təsvir olunmaları isə “diş”, yaxud “dış” sözünün bir ifadəsi ola bilər (şəkil 3, 4) Belə olan halda bu heyvan təsvirlərini “Dış Oğuzlar”, “Taş Oğuzlar” adlandıra bilərik. Göbəklitəpənin də daxil olduğu “ “Bərəkətli Aypara” adlanan region...ilkin Neolit cəmiyyətlərinin (tayfaların) e.ə. X-IX minilliklərdə meydana gəldiyini və inkişaf etdiyini göstərir. (5, s. 92). Oğuzlarda tayfa daxilində möhkəm bağlar, tamğa ənənəsi və “Qazan Xanın evinin yağmalanması boyu”nda bütün ailə fərdlərindən daha çox anaya önəm verilməsi onu düşünməyə əsas verir ki, oğuz cəmiyyətindəki ibtidai dünyagörüş hələ Ana xaqanlığı zamanı yaranmış və möhkəmlənmişdir.
Qeyd etmək lazımdır ki, abidənin mərkəzində yer alan iki ədəd sütun atanı deyil, fikrimizcə oğlu simvolizə edir. Belə ki, bu sütunlar “ana dölündə” ereksiya vəziyyətində təsvir edilməmişdir. Onların qurşaqlarında kişi cinsinə aid olduqlarını ifadə edən testisli tülkü dərisi təsvir edilmişdir . Burada tülkü dərisinin rəngli olduğunu nəzərə alaraq qurşaqları “qur qurma (rəngli) qurşaq” adlandırmaq da olar ki, “Kitabi-Dədə Qorqud” dastanında “qur qurma qurşaq” həm də oğulun belinin bərkliyin və igidliyini də simvolizə edir.
Sütunların “T” şəklində olması bu “oğul”ların toxmaq kimi təsvir edildiklərini göstərir (şəkil 3, 4) Burada toxmaq “başı bərkliyi”, “dözümlülüyü”, “dəyanətli olmağı” və “möhkəmliyi” simvolizə edir. Toxmaq ət döymək üçün istifadə olunan bir əşyadır. Bu gün də Anadoluda və Azərbaycanda ətin döyülməsində istifadə edilir. Burada toxmaq həm də “ətlə əlaqədar olan”, yaxud “hər zaman ət yeyən” mənasını ifadə edə bilər. “Kitabi-Dədə Qorqud” dastanında demək olar ki, daima heyvan əti ilə qidalanmaqdan bəhs olunur. Ovçuluq həm də Göbəklitəpədə fəaliyyət göstərən insanların əsas peşə sahəsi olmuşdur.
Maraqlıdır ki, Göbəklitəpədə həm də qabırğası görünən heyvan təsvirləri də vardır. Fikrimizcə “Kitabi-Dədə Qorqud” dastanında “iyəgüli ulalır, qaburğalı böyür” (şəkil 6) kimi deyimlə əlaqəsi olan bu piktoqrafik yazılar uşaqikən arıq, çəlimsiz bir insanın böyüyüb oğul, uşaq sahibi olduğunu, nəsil qayğısı, qardaş-bacı qayğısı çəkdiyini, dəli-dolu igid oğlan olduğunu ifadə edir.
Daşlar üzərində olan qaban, aslan, qaplan, tülkü, kərkəz, qaz, durna, ilan kimi heyvanlar “Kitabi-Dədə Qorqud” dastanında məcazi və həqiqi mənalarla bəhs edilən heyvanlardır. Göbəklitəpədə də bu heyvanların məcazi mənaları ifadə etdiyini düşünmək olar. Belə ki, kürəyində vəhşi qaplan təsvir edilmiş insan heykəli “ata soyunun yükünü çiynində, kürəyində daşıyan oğlan” mənasını ifadə edə bilər.
Fikrimizcə, “T” sütunlarının birinin üzərində ereksiya vəziyyətində olan lakin başı olmayan insan təsviri “toxumu olan lakin təpəsi olmayan insan” mənasını ifadə edə bilər ki, bu da güclü oğulları olmadığı üçün özünə təpə yarada bilməyən insanı simvolizə edir (şəkil 7). Burada təsvir edilən kərkəz təsviri müəyyən bir tayfanın ata soyunu, onun “qolu-qanadı” üstündə saxladığı yumru əşya isə yumurta təsvirini xatırladır.
Qeyd etmək lazımdır ki, toxum və yumurta ovçu-yığıcı insanların istifadə etdiyi əsas qida mənbəyi olmuşdur. Burada təsvir edilən çantalar isə fikrimizcə, yumurta və toxum toplamaq üçün istifadə olunan çantaların təsviri ola bilər (şəkil 1). Bu mənada sütunların üzərində olan çanta təzvirləri bərəkəti simvolizə edir. Bu gün də Növruz bayramında süfrəyə yumurta və toxum qoyulması bərəkəti simvolizə edən anlayışlardan biridir. Fikrimizcə toxum və yumurta ovçuluq və yığıcılıqla məşğul olan insanların yaşadığı dövrlərdə, eyni zamanda Göbəklitəpədə də bərəkət rəmzi kimi qəbul edilmişdir. Bu həm də onu düşünməyə əsas verir ki, bu gün milli bayram kimi qeyd etdiyimiz Novruz bayramının ilkin rüşeyimləri Göbəklitəpədə yaranmışdır.
Göbəklitəpədə oğuzlarla bağlı diqqəti çəkən əlamətlətdən biri də oğuz tamğalarının burada olan sütunlarla və sütunlarda olan təsvirlərlə olan bənzərliyidir (şəkil 1. 2) Bunlara şərti “T” sütunları, çərkəz təsvirlərinin üst hissəsində olan təpələri (qabalığı) ifadə edən dalğavarı təsvirlər misal ola bilər. Belə ki, bu təsvirlərin elementləri çavuldur, karaevli və dodurğa boylarının tamğalarında daha aydın görünür.
“Kitabi-Dədə Qorqud” oğuzların ata kitabıdır. Fikrimizcə bu dastan Göbəklitəpədən başlayaraq Qayı boyunun Anadoluda hakimiyyətə gəldiyi vaxta qədərki hadisələri bildirən xranologiyanın ozan dili ilə ifadəsidir. Buradakı xranologiya kələfə bənzər ifadə edildiyi üçün “Kitabi-Dədə Qorqud” dastanı Qayı boyunun hakimiyyətə gəlməsi ilə başlayır və Göbəklitəpəni ifadə edən Bamsı Beyrəyin ölümü ilə yəni, dəfn edilməsi ilə (üstünün örtülməsi ilə) sona çatır. Yəni Kitab Göbəklitəpədən başlayaraq Qayı boyunun hakimiyyətə gəldiyi dövrə qədər olan hadisələri özünəməxsus dil ilə diqqətə çatdırır. Qeyd etmək lazımdır ki, dastanda “Qanlı Qoca oğlu Qanturalı boyunda” Ağqoyunlu dövləti ilə Səfəvilər dövləti arasında olan irsiyyət bağlarından da rəmzi mənalarla bəhs olunur. Bizim eradan əvvəlki dövrlərdə Azərbaycan və Anadoluda yaşayan oğuzların tarixinə vurulan düyünlər təssüf ki, qədim dövr abidələrində oğuzlarla bağlantılı fikirləri öyrənməyə imkan verməmişdir.
Kitabda olan məlumatlardan və arxeoloji nümunələrdən belə nəticəyə gəlmək olur ki, Göbəklitəpə və onun ətrafında yerləşən buna bənzər müxtəlif dairəvi tikililər Oğuzların ana xaqanlığı zamanı mənəvi məkanları olmuşdur. Müqəddəs Ana ətrafında birləşən oğullar öz analarının şərəfinə abidə yaratmağa çalışmışlar. Göbəklitəpə isə bu abidələrin mərkəzi və daha şöhrətli oğulların yaratdığı məkan olmuşdur. Göbəklitəpədə arxeoloji araşdırmalar zamanı tapılan xeyli toxum nümunələri onu düşünməyə əsas verir ki, bu gün qeyd etdiyimiz Novruz bayramının əsas atributlarından və ovçuluq-yiğiciliqla məşğul olan insanların əsas qidalarından olan toxum və yumurta abidədə həyata keçirilmiş ayinlər nəticəsində inancın başqa bir təzahürü kimi formalaşmışdır. Fikrimizcə oğuzlar burada aralarında olan qohumluq bağını gücləndirmək üçün göbəkkəsmə ayinini də icra etmişlər.
Arxeoloji və etnoqrafik məlumatlardan aydın olur ki, Anadolu və Azərbaycan əraziləri oğuzların qədim dövrlərdən yaşadığı ərazilərdən biri olmuşdur.
Qeyd etmək lazımdır ki, Göbəklitəpə coğrafi baxımdan həm də Bayandur sülaləsinin hakimiyyəti ilə ifadə edilən Diyarbəkirə yaxın bir ərazidə yerləşir. “Kitabi-Dədə Qorqud” dastanında xanlar-xanı Bayandur xanın adı da Ağqoyunlu sülaləsinin banisi Bayandur xanla bağlı ola bilər. “Kitabi-Dədə Qorqud” dastanı isə oğuzların yaşadığı coğrafiyanın daimi sakinləri olduğunu göstərən ədəbi-bədii möhürdür. Fikrimizcə bu məsələlər tədqiqata cəlb olunsa “Kitabi-Dədə Qorqud” dastanında Bayandur boyunun tarixi ilə bağlı önəmli tarixi bilgilər öyrənmək mümkün olar.
“Kitabi- Dədə Qorqud” dastanında olan məlumatlar onu düşünməyə əsas verir ki, oğuz oğullarının mənəvi məkanı olan Göbəklitəpədədəki “ana dölləri” basdırılana qədər onlar olduqca mehriban şəraitdə yaşamışlar. Ana xaqanlığınından yadigar qalan ənənələrin zəifləməsi ilə əlaqədar onlar arasında inciklik yaranmış, oğuzlar ana bətni hesab etdikləri bu mənəvi məkanı qorumaq və tarixi bilgilərini gələcək nəsillərə miras qoymaq üçün hissə-hissə basdırmişlar. Köç nəticəsində Anadoluda az sayda qalan oğuz boyları öz hakimiyyətlərini başqa tayfaların bura köçü nəticəsində bərqərar edə bilməmişlər. Bununla da Anadoluda hakimiyyəti ələ ala bilməyən oğuz boyları daha sonra Qınıq və Qayı boyunun vasitəsi ilə öz qədim hakimiyyətlərini bərqərar etməyə nail olmuşlar.






Kamal Gülmalıyev
“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru
18:40 27.11.2025
Oxunuş sayı: 1686